Dərman şirkətləri öz gəlirindən imtina etmək istəməzlər

Çünki dərmanların müəyyən saxlanma müddəti olur



Son günlər paytaxt apteklərində dərman çatışmazlığı ilə bağlı narahatlıq hiss edilir. Vətəndaşlar bəzi dərmanları tapa bilmədiklərindən, mövcud dərmanların qiymətlərinin bahalığından, əczaçılar dərman firmalarının sifarişlərini ala bilmədiklərindən şikayətlənirlər. Əczaçılar dolların bahalaşdığı gündən etibarən depolardan dərman ala bilmədiklərini deyirlər. Əsas problem odur ki, sifarişlərimiz verilmir. Dərman firmaları isə susur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə "Şərq”ə açıqlamasında bildirib ki, apteklərdə hər bir dərman var: "Bizim və İqtisadiyyat və Sənaye Nazirliyinin apardığı araşdırmalar zamanı belə bir problemə rast gəlinməyib. Apteklər dərman vasitələri ilə tam təchiz olunur. Ola bilər ki, hər hansı dərman bir aptekdə qurtara bilər, onu da apteklər dərman şirkətlərinə sifariş verib gətirdə bilərlər. Dərman şirkətləri öz gəlirindən imtina etmək istəməzlər. Həmçinin şirkətlər depolarında dərmanları çox uzun müddət saxlaya bilməzlər. Çünki dərmanların müəyyən saxlanma müddəti olur”.

A.Qədirli bunun dolların məzənnəsinin qalxması ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb: "Hər hansı gətirilən dərmanın aptekdə qurtarması dolların qalxmasından əvvəl də var idi. Qış aylarında qrip yayıldığına görə qripə qarşı preparatlara tələbat çoxalır və nəticədə belə dərmanların azalması istisna deyil”.

Nazirlik rəsmisi mövcud dərmanların qiymətlərinin bahalaşmasına da münasibət bildirib: "SN satış və istehlak prosesinə nəzarət etmək səlahiyyətində deyil. SN istər dərman firmalarının, istərsə də apteklərin qiymət siyasətinə müdaxilə edə bilməz. Biz ancaq tibbi standartlara riayət edilməsinə nəzarət edirik. Qiymət məsələsinə nəzarət etmək başqa dövlət qurumlarının səlahiyyətindədir”.

Vüqar Şahinoğlu