Dərmanların ƏDV-dən azad olunması vacibdir

Bununla belə dərman bazarı ciddi araşdırılmalıdır




"Dərmanların əlavə dəyər vergisindən azad edilməsi barədə təkliflər üzərində iş gedir”. Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib. Onun sözlərinə görə, təklif var, bu təklifin üzərində işlənilməlidir:

"Baxaq görək nə dərəcədə büdcənin üzərinə yük kimi qoyula biləcək. Ona görə də, təklif diqqətdədir, bunun üzərində iş gedir. Əgər dərmanların ƏDV-dən azad edilməsi büdcəyə xüsusi problem yaratmayacaqsa, müsbət həll etmək mümkündür. Amma indidən qəti bir söz demək çətindir”.

YAP rəsmisinin açıqlamasını dəyərləndirən iqtisadçı-ekspert Azər Mehdiyev "Şərq”ə söyləyib ki, dərmanların qiymətinin tənzimlənməsi məsələsi olduqca həssas mövzudur: "Məlum olduğu kimi, bir müddət öncə ölkədə dərmanların qiyməti tənzimləndi. Amma həmin tənzimlənmədən sonra dərman preparatlarının qiyməti düşmədi. Təbii ki, əhalinin istəyi baxımından bəzi sahələrdə qiymət ucuz olmalıdır. Necə ki, un ƏDV-dən azad olundu. Eyni vəziyyət dərman preparatlarında da müşahidə olunmalıdır. Əhalinin sosial rifahının yüksəlməsi baxımından dərmanlar ƏDV-dən azad olunmalıdır”.

Ekspert hesab edir ki, dərman bazarı ciddi araşdırılmalıdır: "Dərman bazarında nələrin baş verdiyi dəqiq öyrənilməlidir. Ölkəyə dərmanların necə və hansı şərtlərlə gətirildiyi müəyyən olunmalıdır”.

A.Mehdiyev onu da əlavə edib ki, dərmanların ƏDV-dən azad olunması olduqca əhəmiyyətlidir: "Çünki burada qazanan tərəf yalnız əhali olacaq. Bəllidir ki, dərman hər kəsə lazımdır. İnsanlar sağlığına qovuşmaq üçün dərman istifadə edir. İkinci devalvasiyadan sonra dərman bazarında qiymət dəyişikliyi yaşandı. Əksər dərmanların qiyməti bir neçə dəfə yüksəldi”.

Ayyət Əhməd