Dərmanların qiymətini tənzimləmək üçün iki yol var

Məlum prosesdə dövlət və özəl sektorun münasibətləri mütləq nəzərə alınmalıdır
Tahir Həsənov: “Bitki tərkibli dərmanların qiymətinə toxunmayacaqlar. Çünki onlar nisbətən ucuzdur”




Baş nazirin müavini Əli Əhmədov dərman qiymətlərinin tənzimlənməsindən danışıb. Hökumət rəsmisi bildirib ki, məlum prosesin qaydaları yaxın vaxtlarda müəyyən ediləcək. Onun sözlərinə görə, dərmanların qiymətinin tənzimlənməsi istiqamətində indiyə qədər xeyli addım atılıb: "Bu yaxınlarda isə Nazirlər Kabineti tərəfindən dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi qaydaları müəyyən ediləcək”.

Ə.Əhmədov onu da diqqətə çatdırıb ki, qiymətlər həmin qaydalar əsasında tənzimlənəcək: "Ancaq onu da qeyd etmək lazımdır ki, bu, elə də asan məsələ deyil. Burada həm dərman satan şirkətlərin, həm də vətəndaşların maraqlarının uzlaşdırılmasından söhbət gedir. Bütün hallarda dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə əlaqədar lazımi işlər görülüb. Qaydalar qəbul olunandan sonra çalışacağıq ki, dərmanların qiymətləri sahəsində insanları narahat edən problemlər aradan qaldırılsın”.

Məsələni dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında söyləyib ki, dərman vasitələrinin qiymətini tənzimləmək üçün iki yol mövcuddur. Müsahibimizin fikrincə, məlum prosesdə dövlət və özəl sektorun münasibətləri mütləq nəzərə alınmalıdır: "Hansısa özəl şirkət dərmanın qiymətini özünün qiymət siyasətinə uyğun olaraq müəyyənləşdirir. Dövlətin bura müdaxiləsi yalnız vergilərin azaldılması və gömrük rüsumlarının endirilməsi ilə mümkün ola bilər. Yəni dövlət vergi və gömrük rüsumunu azaltsa, şirkətin gətirdiyi malın maya dəyəri aşağı düşər və bazarda qiymətlər ucuz olar. Bundan başqa, dövlət rəqabət mühitini artırmaq məqsədilə təşviq proqramları təklif edə bilər. Kimlərsə dərman şirkəti yaratmaq istəyirsə, onlara sənədləşmədə güzəştlər edilməli və asan yolla xaricdən ölkəyə dərman gətirməyə lisenziya verilməlidir. Belə olarsa, dərman bazarında şirkətlərin sayı çoxalacaq ki, bu da rəqabət mühitinin güclənməsinə gətirib çıxaracaq. Bazarlarda inhisarçılıq qalmayacaq. Bununla da dərmanların qiyməti müəyyən qədər tənzimlənmiş olacaq. Bu, birinci yoldur”.

İkinci tərəfə gəlincə, ekspert qeyd edib ki, Rusiyada 160 adda çox işlənən dərmanlarla bağlı dövlət tərəfindən qiymətin yuxarı həddi müəyyən edilib və bu həddi keçməmək barədə göstəriş verilib: "Bunun əvəzində isə şirkətlərə müəyyən güzəştlər olunur. Ölkəmizdə bu metodların ikisindən də istifadə etmək olar. Bu mümkün olmayacağı halda onlardan birinə üstünlük verib, dərman bazarını müəyyən qədər tənzimləmək olar. Amma dövlət xüsusi mülkiyyətdə olan dərman firmalarına birbaşa qiymət təyin etmək yolunu tutacaqsa, bu, effektiv olmayacaq. Çünki qiymətləri dövlət müəyyən etsə, piştəxtalar yaranacaq və qara bazarda dərman satışı piştaxtalar altından həyata keçiriləcək. Apteklərdə dərman tapmaq müşkülə çevriləcək. Dərmanların keyfiyyəti və onların saxlanma şəraitinə nəzarət mümkünsüz olacaq. Qara bazar formalaşacaq. Bu çox həssas məsələdir. Bir sözlə, bazarda şirkətlərin və əhalinin maraqları nəzərə alınmalıdır. Bu məsələdə dövlət və özəl sektorun birgə iştirakı çox vacibdir. Dövlət qiyməti müəyyən etməyə çalışsa, acı fəsadlar baş verəcək”.

N.Cəfərli onu da əlavə edib ki, ölkəmizdə yerli dərman istehsalı yox səviyyəsindədir: "Dərman bazarının 95 faizi xaricdən gətirilən mallar hesabına təchiz olunur. Yerli istehsal olmadığına görə, hökumətin yerli istehsalçını qorumaq kimi problemi yoxdur. Yalnız xaricdən idxal olunan dərmanlar dominant rol oynadığından ölkəmizə dərmanların gətirilməsi asanlaşdırılmalı, gömrük rüsumları endirilməli, şirkətlərə müəyyən güzəştlər tətbiq olunmalıdır. Belə olan halda dərmanların maya dəyəri aşağı düşəcək, rəqabətlilik mühiti yaranacaq və bu yolla qiymətlərin tənzimlənməsi mümkün olacaq. Zənnimcə, inzibati üsullarla iş görmək acı nəticələr doğura bilər”. Müxtəlif firmalara məxsus dərman satışı ilə məşğul olan Tahir Həsənov isə deyib ki, tənzimləmə bütün dərmanlara aid olmayacaq: "Məsələn, bitki tərkibli dərmanların qiymətinə toxunmayacaqlar. Çünki onlar nisbətən ucuzdur. Lakin molekulaların, yəni müxtəlif tərkibli antibiotiklərin qiymətini salacaqlar. Baxın, hazırda "Çeftriaksonların” qiyməti endirilsə də, digər antibiotiklərin qiyməti dəyişilməz olaraq qalır. Qiyməti 30 manatdan yuxarı olan müəyyən nevroloji, kardioloji və şəkər xəstələri üçün dərmanlar var ki, onların qiymətinin tənzimlənməsinə ehtiyac duyulur”.

Ayyət Əhməd