“Xəstə müalicədə effekt görmür, məcbur olur davam etməyə”
Azərbaycanda dərman preparatlarının keyfiyyəti yenidən gündəmə gəlib. Buna səbəb isə özünü tibb elmləri namizədi, dəmiryol xəstəxanasının şöbə rəisi doktor Kərimov kimi təqdim edən bir şəxs "ANS” televiziyasının efirində yayımlanan "Rövşanə ilə bazar səhəri” verilişinə telefon əlaqəsi ilə bağlanaraq Azərbaycanda əczaçılıq sahəsinin problemləri ilə bağlı şok faktlar açıqlaması olub.
Ölkəyə gətirilən dərman preparatlarının tərkibinin dəyişdirildiyini iddia edən Kərimovun sözlərinə görə, azərbaycanlı sifarişçilər istehsalçıdan dərmanların içinə müəyyən maddələri qatmamaqla dərmanın ucuz satılmasını istəyirlər.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə bildirib ki, keyfiyyətsiz və tərkibi dəyişdirilmiş dərman problemi bütün dünyada olsa da, bu, Azərbaycanda daha çox hiss olunur:
"Saxta və keyfiyyətsiz dərman bütün dünyada dövr edir. Keyfiyyətsiz dərmanlar, əsasən Hindistandan və Çindən gətirilir. Hindistanda dərman istehsalına böyük liberallıq var. Dərmanın tərkibinə müəyyən molekulların qarışdırılmamasına qadağa yoxdur. Məsələn, bir dərmanın tərkibində tutaq 10 komponent var. Həmin komponentlərdən biri ən bahalısı olur. Ucuz olması üçün sifariş verəndə ya həmin bahalı, vacib komponenti çıxarırlar, ya da yarıdan çoxunu azaldırlar. Belə olanda da effekt olmadığına görə xəstə keçir başqa dərmanlara. Dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər apteklərdə növbə olmur. Xəstə müalicədə effekt görmür, məcbur olur davam etməyə”.
E.Hüseynov deyib ki, dərmanların tərkibinin dəyişdirilməsi ilə bağlı irəli sürülən iddialar çox ciddi məsələdir: "Söhbət minlərlə, yüz minlərlə vətəndaşın sağlamlığının təhlükəyə alınmasından gedir. Bir dərman preparatının hazırlanması xüsusi bilgili alimlərin xüsusi laboratoriyalarda təcrübədən çıxartdığı maddənin konkret dozada hazırlanmasıdır. Dərmanın kimyəvi tərkibi, oradakı komponentlərin nisbəti insan orqanizminə müsbət müalicəvi təsir üçün hesablanıb. Bu doza, bu nisbətə müdaxilə olunaraq, hər hansı səbəbə, həm də şəxsi mənfəət səbəbindən dəyişdirilərsə, bu artıq dərmandan çevrilib orqanizm üçün zəhərə dönür. Minlərlə insan bilmədən dərman adı ilə patoloji mənfi təsirə malik yad maddə qəbul etməli olur. Onların orqanizmində müxtəlif arzuedilməz patofizioloji proseslər baş verir. Dərman üzərində vicdansız mənfəət qurmaq istəyən işbazlar bunu bilməlidirlər”.
Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova isə bildirib ki, eyni molekuldan bir neçə adda dərman hazırlanır. Onların da hərəsi bir qiymətə satılır. Əslində, onlar eyni dərmanlardır. Hər ikisini də xəstəyə təyin etmək olar. Bu baxımdan qiymətləri də tənzimləmək mümkündür.
Yəqin ki, artıq bundan sonra tənzimlənəcəkdir. Ekspertin sözlərinə görə, bəzi dərmanların hazırlanması ucuz başa gəlir: "Məsələn, Hindistan, Pakistanda dərmanlar ucuz istehsal olunur. Rusiya, Avropa ölkələrində isə eyni dərman daha baha olur. Xəstələrdə olan fəsadlardan demək olar ki, Hindistan və Pakistan kimi ölkələrdən gətirilən dərmanlarda daha çox allergik, mədə-bağırsaq sistemində pozğunluq reaksiyaları olur. Buna görə, çox zaman həkimlər Hindistan, Pakistan istehsalı olan dərmanları məsləhət görmürlər. Eyni zamanda istifadə müddəti keçmiş dərmanların üzərinə yenidən möhür vurularaq, təkrar istifadəyə buraxılma halları da mövcuddur. Təcrübə onu deyir ki, həmin ölkələrdə istehsal olunmuş dərmanlar daha çox narazılıq yaradır. Düzdür, keyfiyyətli məhsul baha olur. Ancaq bir məsələ var ki, eyni molekuldan müxtəlif ölkələrdə istehsal olunur. Onların qiymətləri fərqli olsa da, tərkibi eynidir. Biz təklif edirik ki, eyni molekuldan olan dərmanlar eyni qiymətə olsun”.
Şəmsiyyə xanım onu da deyib ki, sıravi insan dərmanın keyfiyyətini əvvəlcədən ayırd edə bilməz: "Heç dərmanın necəliyini həkimlər də deyə bilməz. Bu, ancaq istifadə müddətində bilinir. Loborator-analitik təhlil olmadan dərmanın keyfiyyəti barədə fikir söyləmək çətindir”.
Şəymən