Devalvasiya kitab bazarını da vurdu

Şahbaz Xuduoğlu: “Parklarda, insanların çox olduğu yerlərdə kitab yarmarkaları təşkil etmək istəyirik, buna icazə vermirlər”
“Çox zaman alıcılarımız xahiş edir ki, yarmarkaların təşkilini maaşların, təqaüdlərin verilmə vaxtına uyğunlaşdıraq, amma biz icazə aldıqda yarmarka təşkil etdiyimiz üçün bəzən bunu alındıra bilmirik”

"Hər il Rəsulzadədən bir kitab çap edirik, satılmır”

"Kitab üzərində formalaşmayan cəmiyyət inkişafa doğru təşəkkül tapa bilməz... Kitab yeganə yoldur ki, o insanı uğura aparır, təmənnasız kömək edən tək vasitə rolunu oynayır. Kitab elə bir şeydir ki, daim əvəz gözləmədən insanın yanındadır, xəyanət etmir, etibarlıdır. İnsanın özünü təsdiq etməsinə güc verən kitabdır, alternativ yoxdur”. Bunları "Şərq”in həmsöhbəti, Qanun Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyir.

- Şahbaz müəllim, son illərdə kitab sahəsində vəziyyət necədir? İnkişaf varmı?

- Əlbəttə, lazımi səviyyədə olmasa da müəyyən qədər irəliləyiş var. Əvvəllər kitab oxuyan insanlara çox az hallarda rast gəlirdik. İndi isə metroda, avtobusda, ictimai məkanlarda əlində kitab olan gəncləri görmək mümkündür. Kitab oxuyan kütlənin əhatə dairəsi genişlənsə, cəmiyyət üçün daha savadlı gənclərin yetişməsi üçün yaxşı şərait yarana bilər. Bunun üçün isə bir qədər zamana ehtiyac var.

- Son baş verən devalvasiyalar kitab satışına necə təsir etdi?

- Gözlənilən idi ki, nəticə pis oldu. Düzdür, bizdə hər zaman kitab oxunması, kitab satışı aşağı səviyyədə idi, lakin son dövrlərdə kitaba marağın artdığını görmək mümkün olurdu. Bir qədər özümüzdə kitab oxumağa həvəs yaratmışdıq ki, araya qarışan devalvasiyalar kitaba marağın artırılmasına imkan vermədi. Azərbaycana gətirilən kağız məmulatlarına ƏDV tətbiq edilməsi, bahalaşma, növbələşən devalvasiyalar kitab satışına çox maneə törətdi.

- Devalvasiyanın təsirinə baxmayaraq siz endirim kompaniyaları, yarmarkalar təşkil edirsiniz. Yay üçün yeni kompaniyalarınız varmı planda?

- İndiyə kimi bir çox endirimlər, yarmarkalar təşkil etmişik, insanların da marağı yaranır. Ancaq hər dəfə bunu etmək imkanımız olmur. Problem tək maliyyə məsələsində deyil, bizə həm də şərait yaradılmalıdır. Olur ki, biz hər şeyi hazır edirik, lakin yarmarkaların təşkil edilməsi üçün icazə ala bilmirik və ya yer tapılmır. Bu zaman da problemlər ortaya çıxır, işimiz yarımçıq qalır. Məsələn biz, yay ərzində parklarda, insanların daha çox olduğu yerlərdə kitab yarmarkaları təşkil etmək istəyirik, buna icazə vermirlər. Bundan başqa müraciət etdiyimiz rayonların İcra Hakimiyyəti bəzən 3-4 ay sonra məktubumuza cavab verir, əksərən "yox” cavabı alırıq, ya da ümumiyyətlə cavab gəlmir. Bu da növbəti maneə olaraq kitab satışının önündə durur. Çox zaman alıcılarımız xahiş edir ki, yarmarkaların təşkilini maaşların, təqaüdlərin verilmə vaxtına uyğunlaşdıraq, amma biz icazə aldıqda yarmarka təşkil etdiyimiz üçün bəzən bunu alındıra bilmirik.

- Kitabları ən çox tələbələr alır. Bəs universitetlərin, məktəblərin, təhsil müəssisələrinin nəzdində yarmarkaların təşkil olunmasını planlaşdırırsınızmı?

- Daha əvvəl Bakı Dövlət Universitetində belə yarmarka təşkil etdik. Universitet buna icazə verdi. İqtisad Universiteti də icazə verdi, lakin həyətində və ya daxilində yer ayırmadı. Universitetlərdə fəaliyyət göstərən gənclər təşkilatlarının da buna şərait yaratmaq imkanı olmadığına görə nəticə əldə edə bilmirik. Gəncliyin kitaba marağının artırılmasına zəmin yaratmaq üçün universitetlər, təhsil müəssisələri də səy göstərməlidir. Tək bizim istəyimizlə alınmır ki. Bizim işimiz kitab nəşr etməkdir, onun yayılması, kitabların satılması, oxucu sayının artırılması üçün bizə şərait yaradılmazsa, ölkədə kitab oxuyanların ümumi statistikasını dəyişmək hələ bir-neçə onillikdə də uzanacaq.

- Kitab klubları necə dəyərləndirirsiniz? Kitab klubu yaratmaq fikriniz varmı?

Bu çox yaxşı təşəbbüsdür. Kitab klubları oxucuların, gənclərin diskussiya qabiliyyətinin inkişaf etdirilməsi, dünya görüşünün, düşüncə tərzinin formalaşmasına, məntiqi ardıcıllıqla fikrini düzgün ifadə etmə qabiliyyətinə çox yaxşı xidmət edir. Burada həm də seçilmiş hər hansı kitabın ucuz əldə edilməsi, müəyyən müddətə oxunub, müzakirə edilməsi də mümkün olur. Bizim də elə klublarımız olub, indi də əgər şərait imkan verərsə, təşkil etməyə hazırıq.

- Gənc yazarlarla əlaqəniz necədir? Müasir kitablara tələbat qaneedicidirmi?

- Nə qədər irəliləyişdən danışsaq da bizim müasir yazarlarımıza bu gün də təlabat azdır. Gənc yazarlarımızla əlaqələrimiz var, yeni kitablarının nəşr olunmasında iştirak edirik. Lakin bizə də lazımdır ki, nəşr etdiyimiz kitab alınsın, belə desək, heç olmasa kitabın xeyri ziyanını qarşılaya bilsin. Gənc yazarların içərisində fəalları da var, yaxşı əsərləri çap olunur, lakin kitabların satılmasında yenə də irəliləyiş yoxdur. Əsər yazmaq işin bir hissəsidir. Onu tanıtmaq, təqdim etmək, dolğun fikirlərlə o kitabı ifadə etmək lazımdır. Bizim müasir yazarlar buna diqqət etməlidir.

- Nəşriyyatın işində gənclərin iştirakından, fəallığından razısınızmı?

- Gənclərin fəallığı yaxşıdır. Biz demək olar ki, yarmarkalarımızı gənclərin aktivliyi hesabına genişləndirə bilirik. Könüllülər, əsasən də tələbələr kitab satışlarında iştirak etmək üçün bizimlə
müntəzəm əlaqə yaradırlar, oxuduqları kitablar haqqında söhbətlər apararaq oxucuları cəlb edirlər, yardımçı olurlar. Bir şeyi qeyd edim ki, kitab oxuyan çevrə məhdud çevrədir. Demək olar ki, hamı biri-birini tanıyır, nəşriyyat özü də kitab alanları tanıyır. Mən özüm yarmarkalarda, satışlarda iştirak edirəm, hər dəfə də eyni insanları görürəm. Bizdə kitab tirajının az olması da bununla əlaqəlidir. Ən yüksək tirajımız 5 mindir ki, bunlar da əksərən xarici ədəbiyyat olur və tam satılmır, bu rəqəm isə 9 milyonluq xalq üçün olduqca azdır.

- Həmişə gənclərdən danışırıq, bəs yaşlı nəsil necə? Kitaba, maarifçiliyə maraq yerindədirmi?

- Bilirsən, Aysel, yaşlı nəsil, böyüklər kitab oxumur özü bilər, amma gənclər oxumalıdır. Əgər insan həyatda özünə layiqli yer tapmaq istəyirsə, məqsədlərini, mövqeyini düzgün dəyərləndirmək, özünə lazımi qiymət vermək istəyirsə, kitab oxumalıdır. Lakin başqa bir tərəfdən baxanda, uşaq valideynlərinə baxaraq böyüyür. Düzgün istiqamət vermək üçün, gələcəyi parlaq gənclik yetişdirək üçün valideynlər də müəyyən qədər bilikli, dünya görüşlü olmalıdır.

- Xarici ədəbiyyat nümunələrinə təlabatın nisbətən çox olduğunu dediniz. Tərcümə sahəsində fəaliyyət necədir? Hansı problemlər mövcuddur hazırda?

- Tərcümə işində əsasən qonorarın azlığından və ya yerindəcə ala bilməməkdən şikayətlənirlər işçilərimiz. Bütün maneələrə baxmayaraq, tərcümələrimiz davam edir. İndiyə qədər tərcümə etməyə başladığımız heç bir kitabı yarımçıq qoymamışıq. Əvvəllər ölçüsü kiçik olan kitabları daha çox tərcümə edirdik. Tədricən həcmi böyük, ciddi kitabları tərcümə etməyə başlamışıq.

- Oxucular çox vaxt tərcümələrin keyfiyyətindən narazılıq edirlər. Bu nədən irəli gəlir?

- Bir çox səbəblər olur. Əlbəttə ki, heç bir iş mükəmməl olur deyə bir şey yoxdur. Xırda səhvlər də olsa qalacaq. Bəzən dildəki qarşılıq sözlərin ümumişlək olmaması, bəzən ümumiyyətlə dolğun ifadə edəcək sözün tapılmaması, gözdən qaçan xırda nüanslar tərcüməni gözdən sala bilər. Lakin zaman keçdikcə, tərcümə sahəsində inkişaf gözə çarpır. Artıq kitab tərcüməsi ilə məşğul olan insanlar da daha peşəkardır və keyfiyyətli tərcümə edilmiş kitabların ərsəyə gəlməsinə nail olunur.

- Uşaq ədəbiyyatında bəs yeni nəşrlər varmı?

- Mən hazırda müasir uşaq ədəbiyyatı yazarı axtarıram. Biz bir qədər əvvəl Günel Anarqızı ilə Rəsul Rzanın uşaqlara həsr olunmuş kitablarının nəşr olunması haqqında söhbət apardıq. Yəqinki yeni nəşrlərimiz içərisinə bu kitabları da daxil edəcəyik. Müasir uşaq ədəbiyyatı yazarlarının yox dərəcəsində olmasına görə biz aktuallığını itirməyən Sovet dövründə çap olunmuş kitabları yenidən nəşr edirik.

- Siyasi kitabların nəşrində necə? Hələ də durğunluq hökm sürür?

- Siyasi kitabların nəşri deyəndə ki, burda ancaq ki, tərcümələrdən danışmaq olar. Azərbaycanda dərsliklər istisna olmaqla, siyasi əsər yazılmır ki, biz də nəşr edək. Siyasətçilərin əsər yaratmaqda marağı da yoxdur. Yazar kitab yazanda fikirləşmirsə ki, həmin kitab ona nə şöhrət, nə pul üçün yararlı olmayacaq, kitabın yazılmasına da marağı olmur.

- Müasir siyasi yazarlar olmasa da, tarixi siyasətçilərin əsərlərini çap etmək olar. Məsələn, elə Müstəqillik Günü ilə əlaqədar Məmmədəmin Rəsulzadənin əsərlərini çap edə bilməzdinizmi?

- Məmmədəmin Rəsulzadənin bizim nəşriyyatda hər il 1 kitabı nəşr olunur. Təəssüf edirəm ki, bu kitablar satılmır. Bax biz nəşr etmişik, lakin insanların bu kitablardan xəbəri belə yoxdur. Bizə Məmmədəmin Rəsulzadənin yazılarını professor Şirməmməd Hüseynov ərəb əlifbasından çevirir, toplayır və çatdırır, onun sayəsində həmin kitabları nəşr edirik. Yaxşı olardı ki, müəyyən tədbirlərdə, Müstəqillik Günü ilə əlaqədar mərasimlərdə bu kitablar təbliğ edilsin, ancaq o zaman onlara marağın artırılması və nəşrinin genişlənməsi mümkün ola bilər. Bütün bunlara baxmayaraq, ümid edirəm ki, gənclərin kitab oxumağa marağı günü-gündən artacaq.

Aysel Aslan