“Deyilənlər mənim üçün sadəcə, gülməlidir”

Nigar Köçərli: “İndiyə qədər antimillilikdə ittiham olunmamışdım”



"Hər kəsin öz düşüncəsi, öz yanaşması var. Sadəcə, Əsəd müəllimə salamlar!!!”

Uzun fasilədən sonra növbəti Milli Kitab Mükafatının keçirilməsi nəzərdə tutulub. İlin sonuna kimi yeni müsabiqənin keçiriləcəyini bəyan edən Kitab Mağazaları Şəbəkəsinin rəhbəri Nigar Köçərli deyib ki, budəfəki yazarların təqdim etdiyi əsərlərin qiymətləndirilməsi daha geniş və fərqli formatda həyata keçiriləcək. Milli Kitab Mükafatının ləngiməsindən, gələcək dəyişikliklərdən və onlara ünvanlanan ittihamlardan danışan N.Köçərli deyib ki, Milli Kitab Mükafatını ötən il keçirməyi planlaşdırıb. Amma işləri çox olduğu üçün çatdıra bilməyib: "Bu ilin sonuna kimi müsabiqəni təşkil etmək niyyətim var, amma hələ bu da dəqiq deyil”.

- Müsabiqənin bu qədər uzun fasilə verməsi nə ilə əlaqədardır? Maliyyə məsələsidir, yoxsa...

- Xeyr, maliyyə ilə bağlı heç bir problemimiz yoxdur. Əslində MKM-nin davam etməsində sponsorlarımız da maraqlıdır. Sadəcə vaxt və əziyyət baxımdan çətinliklər olduğu üçün müsabiqə ləngiyir. Böyük bir şəbəkənin rəhbəriyəm və hazırda əlimdə çoxlu işlər var.
Sırf sosial bir layihə olduğu üçün MKM mənə heç bir gəlir gətirmir. Ona görə də, bütün işlərimi təxirə salıb, bütün vaxtımı bu müsabiqəyə ayırmağa çətinlik çəkirəm. Köməkçilərimin də sayı çox azdır. Tək əldən isə səs çıxmır. Odur ki, ancaq bütün işlərim qaydaya düşəndən sonra MKM-i yenidən təşkil edəcəm.
Bilirsiniz ki, adətən bu cür layihələrin təşkilat komitəsində 10-15 nəfər olmalıdır. Bizdə isə təşkilat komitəsinə maliyyə vəsaiti nəzərdə tutulmadığı üçün çox çətindir.

- Milli Kitab Mükafatı başlayanda məqsədinizin oxucu sayını artırmaq və ədəbiyyatımıza yeni ab-hava gətirmək olduğunu deyirdiniz. Bu istəklərinizə nə dərəcədə nail ola bildiniz?

- Məncə, bəli. Təbii ki, bununla bağlı oxucularımız daha yaxşı rəy verə bilərlər. Amma onu deyim ki, layihənin 2-3 ildir keçirilməməsinə rəğmən bizə ünvanlanan müraciətlərin sayı çoxdur. Yazıçılar da, oxucular da MKM-nin növbəti dəfə nə vaxt keçiriləcəyini soruşurlar. Bilirsiniz ki, MKM-də sonra bir neçə mükafat təsis olundu. Bu istiqamətdə addım atan hər kəsə uğurlar arzulayıram. Çünki mən həmişə ədəbiyyat layihələrinin kütləviləşməsinin tərəfdarı olmuşam. Amma etiraf edək ki, keçirilən layihələrin heç biri Milli Kitab Mükafatı səviyyəsinə qalxa bilmədi.

- Bəs bu qədər uğurların fonunda Milli Kitab Mükafatı niyə cəmiyyətimizdə birmənalı qarşılanmır?

- Sözün açığı, Milli Kitab Mükafatına qarşı münasibətin birmənalı olmaması məni sevindirir. Bu o deməkdir ki, layihə özünü kifayət qədər doğruldub. Bizim əsas məqsədimiz geniş və tam şəffaf bir layihə keçirmək və hər kəsin iştirakını təmin etməkdir. Yüzlərlə yazar bu layihədə öz yazılarını təqdim etdi, əsərlərini tanıtdı. Cəmiyyət heç vaxt görülən işə yekdil münasibət sərgiləmir. Əgər Milli Kitab Mükafatı ilə bağlı mətbuatda müzakirə açılırsa, bu bizim uğurumuzdur. Ədəbiyyat sahəsində keçirilən yeganə müsabiqə Milli Kitab Mükafatıdır ki, ictimai rəydə iştirak edir. Təbii ki, heç kəsin diqqətini cəlb etməyən, mənasız yarışma bizə lazım deyil.

- Milli Kitab Mükafatı ilə bağlı narazılıq yaradan əsas məsələ münsiflər heyətinin qeyri-peşəkarlardan, ədəbiyyata dəxli olmayan ekspertlərdən təşkil olunmasıdır. Növbəti Milli Kitab Mükafatında münsiflər heyətinin tərkibində ciddi dəyişikliklər olacaqmı?

- Münsiflər heyətinin tərkibində mütləq dəyişikliklər olacaq. Çünki biz hər zaman yeniliyin tərəfində olmuşuq. Qaldı ki, ədəbiyyat adamı olmayan insanların ekspert kimi iştirakına, bu məsələ elə Milli Kitab Mükafatının əsas özəlliyindən biridir. Bu layihəyə start verəndən biz o fikirdə olmuşuq ki, ekspertlər yalnız şair və yazıçılardan yox, əksəriyyət peşəkar ədəbiyyatdan uzaq olan insanlardan təşkil olunsun. Bizim əsas məqsədimiz bu layihə vasitəsilə cəmiyyəti ədəbiyyata cəlb etməkdir. Hansısa bir əsər peşəkar bir müəllif tərəfindən yazılır və peşəkar bir jüri tərəfindən qiymətləndirilirsə, bu artıq peşəkar ədəbiyyat layihəsi olur. Biz isə Milli Kitab Mükafatının cəmiyyət üçün təşkil olunan bir layihə olduğunu ən başından elan etmişdik.

- Milli Kitab Mükafatı antimilli müsabiqə kimi qiymətləndirilir. Sizcə niyə?

- Milli Kitab Mükafatının fəaliyyəti və şəxsən özüm haqqında çox ittihamlar eşitmişəm, amma indiyə qədər antimillilikdə ittiham olunmamışdım. Sözün düzü, bu deyilənlər mənim üçün sadəcə gülməlidir. Layihənin şəffaflığı göz önündədir. Milli Kitab Mükafatının təsisçisi "Əli və Nino” nəşriyyatıdır, maliyyə dəstəkçiləri də göz qabağındadır. Maraqlanan hər kəs mkm.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat əldə edə bilər. Sözün açığı, bu qədər şəffaflıq içərisində layihənin təşkilində kiminsə gizli "əl” axtarması mənə təəccüblü gəldi.

- Tənqidçi Əsəd Cahangirin Milli Kitab Mükafatı ilə bağlı düşüncələri kifayət qədər radikaldır. Tənqidçinin iddiasına görə, Milli Kitab Mükafatının keçirilməsində məqsəd Azərbaycanda Orxan Pamuk, Salman Rüşdü kimi antimilli yazarların yetişdirilməsidir? Hətta sizin ədəbiyyatımıza, milli-mentalitetimizə qarşı oynanılan bu cür oyunda iştirakınıza da təəssüfləndiyini vurğulayıb...

- Nə deyəcəyimi bilmirəm. Hər kəsin öz düşüncəsi, öz yanaşması var. Sadəcə, Əsəd müəllimə salamlar!!!

Şəymən