Diaspora Səfir Polad Bülbüloğludan narazıdır?

Aydın Mirzəzadə: “O, Azərbaycanın dövlət maraqlarının Rusiyada qorunması istiqamətində böyük işlər görüb”
Arzu Nağıyev: “Səfirlik Azərbaycan dövlətinin rəsmi təmsilçisidir və onun gördüyü işlər və götürdüyü kurs dövlətin kursu deməkdir”

Azər Allahverənov: "Mən çox istəyərdim ki, əks tərəfin də mövqeyi bildirilsin, hətta bəsit olsa belə”

Aprelin 14-də Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti "Azərros”un VI qurultayının yekun hissəsi keçirilib. Qurultayın işində Rusiyanın müxtəlif regionlarını təmsil edən Azərbaycan mədəniyyət mərkəzlərinin nümayəndələri iştirak edib. Xatırladaq ki, qurultay yanvarın 17-də başlasa da, nümayəndələrin və iştirakçıların əksəriyyətinin qəbul etdiyi qərara əsasən onun işində fasilə elan olunub.

Çünki Tver və Nijni-Novqorod vilayətlərinin Azərbaycan diaspor rəhbərləri Abbas Abbasovun dəstəyi və rəhbərliyi altında fevralın 20-də öz "qurultaylarını” keçiriblər. Qurumun əksər üzvləri həmin qurultaya buraxılmayıb. "Azerros”un prezidenti Söyün Sadıqov baş verənlərə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu günahlandırıb. O, səfir P.Bülbüloğlunun "Azərros”dakı münaqişəyə laqeyd münasibətindən, qurultay iştirakçılarına qarşı atılmış addımlara və pozuntulara göz yummasından, A.Abbasovun azərbaycanlılara qarşı cinayət əməllərinə reaksiya verməməsindən təəssüfləndiyini bildirib. S.Sadıqov deyib ki, onlarda olan məlumata əsasən, A.Abbasov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə bir qayıqda yer alır: "Fevralın 20-də diasporanın 100 fəal üzvü dağıstanlı qoluzorluların hücumuna məruz qalanda səfir səsini çıxarmadı. 14 aprel qurultayında isə rusiyalı məmurlarla söhbətdən belə məlum oldu ki, səfir bütün gücü ilə qurultaya mane olmağa çalışıb. Azərbaycanlılar bilmək istəyir ki, səfir Polad Bülbüloğlu Rusiyada Azərbaycan prezidentinin təmsil edir, yoxsa Abbas Abbasovun çirkin oyunlarının iştirakçısıdır?”.

P.Bülbüloğlunun müəyyən məsələlərə görə tənqid olunmasına münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib ki, Rusiyada olduğu bir sıra tədbirlərdə səfir Polad Bülbüloğlunun yaxından iştirakının şahidi olub: "Onun müəyyən məsələlər barəsində münasibətini görmüşəm. Ümumən səfirin fəaliyyətinə müsbət yanaşıram. Çünki Polad müəllim Azərbaycanla bağlı məsələlərin Rusiya ictimai mühitində düzgün şərh edilməsində, Azərbaycanın dövlət maraqlarının Rusiyada qorunması istiqamətində böyük işlər görüb. O ki qaldı müəyyən hallar üzrə kimlərinsə şikayətinə, hesab edirəm ki, bununla aidiyyəti orqanlar məşğul olsa, daha yaxşı olar”.

Tanınmış siyasi icmalçı Arzu Nağıyev isə bəyan edib ki, Rusiyada və ya digər dövlətlərdə hər hansı diaspora təşkilatının yaradılması ölkədə yaşayan yerli vətəndaşların və ya miqrantların maraq və mənafeyinə xidmət etməlidir: "Bu baxımdan hər hansı bir qurumun yaradılması təqdirəlayiq haldır. Unutmaq lazım deyil ki, belə qurumlar eyni zamanda həmin dövlətin də siyasi və digər xəttini dəstəkləməli, yerli qanunlara riayət etməlidir. Bu gün Rusiyada həddən artıq dispora təşkilatları mövcuddur və hamı da özünün düz olduğunu diqqətə çatdırmaq istəyir. Hətta elə qurumlar var ki, yaranma səbəbi və məqsədi məlum deyil. Müzakirə olunmalı əsas məsələ budur”. Səfirliyin fəaliyyətinə gəldikdə isə A.Nağıyev deyib ki, səfirlik Azərbaycan dövlətinin rəsmi təmsilçisidir və onun gördüyü işlər və götürdüyü kurs dövlətin kursu deməkdir: "Kimlərəsə bu xoş gələ bilər, əksinə, kimlərsə narazılıq edə bilər. Bu o demək deyil ki, səfirliyimiz həmin diaspor təşkilatlarının bütün dediklərini dərhal həyata keçirməlidir. Maraq ümumi olmalıdır: - Azərbaycan dövləti və dövlətçiliyin qorunması. Bu baxımdan mən də Rusiya səfirliyinin ümumi işini təqdirəlayiq qiymətləndirirəm. Qalan məsələləri fikrimcə, bir masa arxasında həll etmək problem deyil”.

Miqrasiya üzrə ekspert Azər Allahverənov bildirib ki, bir çox qənaətlərimiz əslində birtərəfli gələn məlumat axını əsasında formalaşır və əksər hallarda informasiyalar mənfi olduğundan qənaətlər də mənfi məcraya yönəlir: "Mən çox istəyərdim ki, əks tərəfin də mövqeyi bildirilsin, hətta bəsit olsa belə. Məhz bu əsasda tam bir fikrə gəlmək daha düzgün olardı. Lakin ümumi anlamda deyə bilərəm ki, əvvəlki səfirin dönəmində soydaşlarımızın şikayətləri daha çox idi. Bu onu göstərir ki, belə məsələlərdə subyektivlik daha qabarıq şəkildə özünü büruzə verir, nəinki digər keyfiyyətlər. Mən bir müddət Rusiyada yaşamışam, ona görə də problemlər mənə yad deyil”.

İsmayıl