“Diffamasiya haqqında” qanunun prinsipcə əleyhinə deyilik”

Əli Hüseynli: “Yeganə mövqeyimiz o olub ki, bunu Cinayət Məcəlləsini dekriminalizasiya etmədən həyata keçirək”
Dünən Avropa Şurası və Avropa İttifaqının birgə həyata keçirdiyi "Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində diffamasiya mövzusunda "dəyirmi masa” keçirilib.
"Dəyirmi masa”da çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, Azərbaycanda fikir, söz və məlumat azadlığının təmin edilməsi, müstəqil medianın formalaşdırılması vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin əsas istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzində olub: "1995-ci ildə qəbul olunmuş Konstitusiyada müvafiq normalar təsbit olunmuş, ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə ölkədə senzura ləğv edilib. KİV azadlığının təmin edilməsi üçün qanunvericilik bazası təkmilləşdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün çoxsaylı praktiki addımlar atılıb”.
Media azadlığının inkişaf etdirilməsi sahəsində uğurlu layihələr həyata keçirilib
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda medianın palitrası artıq tam formalaşıb, ölkədə 50-dən artıq televiziya və radio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım formaları fəaliyyət göstərir. Azərbaycan qanunvericiliyi hər kəsin informasiyanı sərbəst, azad şəkildə axtarmaq, əldə etmək, yaymaq hüququnu təmin edir. Azərbaycanda mətbuat orqanı açmaq üçün çox asan prosedur keçmək və fəaliyyətə başlamaq mümkündür: "Hesab edirəm ki, bunda həm Azərbaycanın inkişaf perspektivini müəyyən edən strateji inkişaf xəttinin həyata keçirilməsi, həm də ölkənin bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti mühüm rol oynayıb. Bilirsiniz ki, Azərbaycan demokratik normaların inkişaf etdirilməsi və vətəndaş cəmiyyəti quruculuğu sahəsində ATƏT və Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Ötən illərdə media azadlığının inkişaf etdirilməsi sahəsində bir çox uğurlu layihələr həyata keçirilib. Əlbəttə, onların sırasında Avropa Şurası və Avropa İttifaqının birgə "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin "İfadə və media azadlığı” layihəsinin də özünəməxsus yeri var”.
Media azadlığı ilə bağlı qanunvericilik aktları təkmilləşib
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç bildirib ki, Avropa Şurası media prüralizmini üzv ölkələrdə, o cümlədən Azərbaycanda təşviq edir. "Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi də bu qəbildəndir: "Diffamasiya barədə qanunun məqsədi ifadə azadlığını müdafiə etməkdir. Avropa Şurasının baş katibi Yaqland Avropa Şurasına üzv 47 dövləti bu barədə qanun qəbul etməyə çağırıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra media azadlığı ilə bağlı qanunvericilik aktlarını təkmilləşdirib. Ancaq diffamasiyaya görə, cinayət məsuliyyəti hələ də qalır. Avropa Şurası Nazirlər Kabineti media azadlığı ilə bağlı üzv ölkələrdən qanunvericiliyi nəzərdən keçirməyə çağırıb. "Dəyirmi masa” zamanı Avropa Şurasının standartlarını müzakirə edəcəyik. Bu, Azərbaycanda maraqlı tərəflər və ekspertlərlə müzakirə aparmaq imkanı olacaq”.
"Yüksək vəzifəli şəxslər tənqidə daha dözümlü olmalıdırlar”
Avropa Şurası İnformasiya Cəmiyyəti İdarəsinin rəisi Patrik Pennikx də bildriib ki, 250 il əvvəl İsveç parlamenti media azadlığı ilə bağlı liberal qanun qəbul edib: "Bu qanun dünyanın ilk informasiya azadlığı qanunu olub. "Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində isə biz jurnalistlərə təlimlər keçməklə informasiya azadlığına dəstək verməyə çalışırıq. Jurnalistləri hüquq və öhdəlikləri barədə maarifləndirmək qarşıya məqsəd qoyulub. Bu yaxınlarda 15 jurnalistin Avropa Şurasına səfərini təşkil etmişik”. Pennikx diffamasiya qanunlarının istisna hallarda tətbiq edilməli olduğunu söyləyib: "Yüksək vəzifəli şəxslər tənqidə daha dözümlü olmalıdırlar. Açıq siyasi məsələlərin müzakirəsinə heç bir məhdudiyyət qoyulmamalıdır. Jurnalistlər və media isə insanların hüquq və reputasiyalarına münasibətdə hədləri keçməməli, jurnalistikanın etik qaydalarına riayət etməlidirlər. Biz hansısa diffamasiya qanunvericiliyi ilə məşğul olmamalıyıq. Cinayət Məcəlləsi ilə bərabər Mülki Məcəllədən də bu maddələr çıxarılmalıdır”.
"Heç bir jurnalist, yazısına görə, cinayət məsuliyyəti ilə üzləşəcəyi qorxusu ilə yaşamamalıdır”
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Prezidentinin çıxışlarında məmurları tənqidə dözümlü olmağa çağırdığını xatırladıb: "Azərbaycan dövlətinin diffamasiyaya həssaslığı proqramlarda da əksini tapıb. Heç bir jurnalist, yazısına görə, cinayət məsuliyyəti ilə üzləşəcəyi qorxusu ilə yaşamamalıdır. Digər tərəfdən, jurnalist məsuliyyətli olmalıdır. Bu istiqamətdə toqquşma nöqtələri var. Diffamasiya mühiti Avropa ölkələrinin bir çoxunda da bərqərar olmayıb. Biz də bu fikirdəyik ki, diffamasiya prinsip etibarilə vacibdir. Mətbuat Şurası 2008-ci ildən diffamasiya təşəbbüsləri qaldırıb. 2011-ci ildə Mətbuat Şurası diffamasiya haqqında qanun layihəsi hazırlayıb, bu layihəyə Avropa Şurası yüksək qiymət verib. Biz sonra Milli Məclisdə bu qanun layihəsi üzərində birgə işləmişik. Layihə Venesiya Komissiyasında qaldı”. Ə.Amaşov diffamasiya ilə bağlı fikir ayrılıqları olduğunu bildirib: "Bəzi jurnalistlər diffamasiyanın Azərbaycan üçün tez olduğu qənaətindədir. Deputatlar arasında da ortaq fikir yoxdur. Amma düşünürəm ki, bu gün biz yeni mərhələyə start veririk. Bu, diffamasiyaya hazırlıq dövrüdür. İnanıram ki, burada səslənən təkliflər ümumiləşəcək və diffamasiya barədə bilgilərimizi artıracaq”.
"Ləyaqət hissinin qorunması mühümdür”
Ombudsman Aparatının nümayəndəsi Aydın Səfixanlı Konstitusiyada fikir və ifadə azadlığı ilə bağlı normaların əksini tapdığını nəzərə çatdırıb: "Ləyaqət hissinin qorunması da mühümdür. İnsanın şərəf və ləyaqəti onun sosial, iqtisadi hüquqlarının mənəvi əsasını təşkil edir. Bu normalar Avropa Konvensiyasının 3-cü və 8-ci maddəsində də təsbit olunub. "Diffamasiya haqqında” qanun qəbul olunarkən ifadə azadlığı və ləyaqət hüququ arasında balans nəzərə alınmalıdır. İstər jurnalistlər, istər də əhalinin hüquq mədəniyyətinin artırılması istiqamətində xeyli iş görülməlidir”.
"Venesiya Komissiyasının "Diffamasiya haqqında” qanuna mənfi rəy verməsinin səbəbi məlum deyil”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 2011-ci ildə Azərbaycanın Venesiya Komissiyasına təqdim etdiyi "Diffamasyia haqqında” qanuna verdiyi rəy müsbət olmayıb: "Ancaq məlum olmadı ki, Venesiya Komissiyası nə üçün mənfi rəy verdi və bu işlər dayandırıldı. O vaxt üç ölkə "Diffamasiya haqqında” qanun qəbul etdi. Ancaq Avropa ölkələrinin bir çoxu, o cümlədən Fransa bunu qəbul etmədi”. Ə.Hüseynli bildirib ki, "Diffamasiya haqqında” qanunun mahiyyəti Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dekriminalizasiya edilməməsi ilə bağlı olub: "Bu gün də biz bu mövqedəyik. Biz prinsipcə qanunun qəbulunun əleyhinə olmamımışıq. Yeganə mövqeyimiz o olub ki, bunu Cinayət Məcəlləsini dekriminalizasiya etmədən həyata keçirək”.
İsmayıl