Dilənən qarı...

“Şərq”in əməkdaşının mərhəməti “mafiya”nın hiddətinə səbəb oldu
Onları kimlərsə yönləndirir, bu şəbəkəyə medianın gücü çatmaz


Son günlər nimdaş libasa bürünüb, paytaxt küçələrində dilənən ahıl xanımların sayı çoxalmaqdadır. Sadəcə, metro stansiyaları ətrafına göz gəzdirmək kifayət edər ki, həmin halın canlı şahidi olaq. Bu günlərdə şəxsən özüm metronun "Elmlər Akademiyası” stansiyası yaxınlığında buna dair maraqlı bir hadisə ilə rastlaşdım. Sözügedən ərazidə yaşlı bir qadının çox kövrək səslə "acından ölürəm, mənə kömək edin” deyərək diləndiyini müşahidə etdim. Doğrudan da içim acıdı.

Həmin qadın o sözləri deyərək, stansiyanın yaxınlığındakı ‘’Padişah’’ restoranına gedən gənclərə əl açıb, dilənirdi. Bu mənzərə məni daxilən üzdü. Yardım etmək məqsədilə yaxınlaşıb, cibimdəki qəpik-quruşları ona verdim. Daha sonra "bəlkə ağır sosial durumu ilə bağlı material hazırlayıb, ictimailəşdirsəm, xanıma yardım göstərən tapılar” iddiası ilə yaxınlaşıb, jurnalist olduğumu və köməklik göstərmək istədiyimi bildirdim. Bunu duyan xanım dərhal səs-küy salmağa başladı və məni ona təcavüz edib, əlindəki qəpik-quruşları oğurlamaqda ittiham etdi. Bu zaman qadını diləndirənlər üstümə töküldü. Məlum oldu ki, həmin xanım əməlli-başlı dələduzluqla məşğuldur. Onun diləndiyini əks etdirən bir kadr da çəkib hadisə yerindən uzaqlaşdım. Və feysbuk sosial şəbəkəsində başıma gələnlərə dair status yazdım. Statusa şərh yazan "Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov da bu cür hallarla üzləşdiyini deyib. Şərhi maraq doğurduğundan onu olduğu kimi oxucularımıza təqdim edirik: "Bir qədər fərqli formada, mahiyyətcə eyni hadisə ilə ötən il "Qara Qarayev” metrosu yaxınlığında rastlaşmışam. Ordakı dönərxanalardan birindən dönər alırdım. Elə bu vaxt yaşlı bir qadın dönərçiyə yaxınlaşdı ki, oğul, əsgər yanına gedirəm, pulum da yoxdur, imkanın varsa, mənə bir dönər düzəlt aparım. Dönərçi də humanistlik göstərib bir dönər düzəltdi və kassaya da tapşırdı ki, bu dönərin pulunu mənim bu günlük maaşımdan çıxarsan. Ürəyimdə bu qadına acıdım və düşündüm ki, imkanım olsaydı, ona kömək edərdim. Öz halıma da acıdım. Bir neçə dəqiqə sonra yolu o biri tərəfə keçib, Yeni Ramana qəsəbəsinə gedən marşrut avtobusu gözləyirdim ki, bir də gördüm həmin qadın eyni qayda ilə ərazidəki dönərçilərin hər birinə müraciət edir, onlardan pulsuz dönər alır. Sonra da sırf təsadüfən gəlib mən mindiyim marşrut avtobusuna mindi. Ramana qəsəbəsinin içində isə arxa qapıdan düşüb getdi. Sürücü onu haylayıb gediş haqqı istəyəndə isə kobud şəkildə cavab qaytarıb, guya onun yerinə gediş haqqı ödəndiyini bildirdi. Halbuki, yalan danışırdı”.

Məsələyə münasibət bildirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay "Şərq”ə söyləyib ki, küçələrə axışıb dilənənləri iki kateqoriyaya bölmək lazımdır: "Doğrudan da maddi imkanları tamamilə tükənmiş insanlar var ki, çöllərə düşüb dilənirlər. İşləmək imkanları olmur və çörək puluna çıxırlar. Onlara dövlət və cəmiyyət tərəfindən diqqət göstərilməlidir. Həqiqətən də onlar maddi çətinliklər məngənəsində sıxılırlar. Bir parça çörək üçün insanlardan yardım istəyir. Əlbəttə, vəziyyətlərini nəzərə alıb, media və QHT lər onları dövlətin nəzərinə çatdırmalıdır. Dövlətin yardım fondları onlara köməklik göstərməlidir. İkinci qrupa daxil olanlar üçün isə dilənmək artıq peşəyə çevrilib. Onlar pula görə dilənmirlər. Sadəcə dilənməsələr, kimdənsə, nəsə qoparmasalar, rahat ola bilmirlər. Düzgün yolu tutmayan insanlardır. Belə anti-ictimai insanlar mövcuddur. Onlar bu işlərdən ləzzət alırlar. Onların qanında var. Əlbəttə, belələrini medianın vasitəsilə islah etmək olmur. Elə xırdalıqlar olur ki, dövlət ondan xəbər tutmur. Baxırsan ki, qoca qarıdı, dilənir. Bir də görürsən ki, əl-ayağını topal kimi tutub dilənir. Bir ayağını qatlayıb şalvarın içinə qoyurlar. Müxtəlif metodlardan istifadə edirlər. Belə işlər mövcuddur. Bu hal Türkiyədə də mövcuddur. Burada təsirli tərəf cəmiyyətin qınağı və mediadır. Söhbət bundan gedir ki, bu iki qrupu biri-birindən fərqləndirmək lazımdır. Doğrudan da köməyə ehtiyacı olanlara əl uzatmaq lazımdır”.

Ekspertin sözlərinə görə, dilənənlərin üçüncü bir kateqoriyası da mövcuddur: "Elələri də olur ki, onları kimlərsə yönləndirir. Onları sistem və ya şəbəkə halına salan cinayətkar qruplar var. Bu bir növ mafiyanı xatırladır. Əhalidən yığılan pullar bir mərkəzə gedir. Bu işlə aidiyyəti olan hüquq-mühafizə orqanları məşğul olmalıdır. Onları aşkarlayıb ifşa etmək lazımdır. Bu, bir media quruluşunun işi deyil. Yenə deyirəm ki, onlar mafiyadır. Əllərində hər bir imkan var. Qadınlar və uşaqların arxasında durub, diləndirirlər. Hesab edirəm ki, qanunvericiliyimiz də bir qədər zəifdir. Milli Məclis bir qədər qanunları sərtləşdirməlidir. Gərək qanun olsun ki, hüquq-mühafizə orqanları məsələnin qarşısını alsın”.

İ.Altay düşünür ki, yaşlı qadınların dilənməsi və ya diləndirilməsi ölkəmizin imicinə mənfi təsir göstərir: "Bu şəbəkədir. Onlar normal insanları da dilənçiyə çevirirlər. Dilənməyə yollayırlar. Normal insanlar var ki, işləyə və oxuya bilər. Lakin həmin şəbəkə o adamları cəlb edib, gələcəyini korlayırlar. Bu artıq cəmiyyətin korlanmasıdır. Ona görə də, bu tendensiyanın qarşısı hüquq-mühafizə orqanları səviyyəsində alınmalıdır ki, məsələnin kökü kəsilsin. Onlar mənəvi pozğunluq yaradırlar. İnsanları pozurlar. İnsanlara ziyan vururlar. Bunlar böyük cinayət şəbəkəsidir. Qarşısı lazımi formada alınmalıdır. Qanunvericilik sərtləşdirilməlidir ki, qanun önləyici tədbirlərin görülməsinə imkan versin”.

Ayyət Əhməd