Dilimizi qorumalıyıq!

Nə qədər ki, qəzetlər var, korrektor sənəti yaşamalıdır



Azərbaycan mətbuatının dil problemlərinin ortaya çıxmasını şərtləndirən amillər çoxdur. Mediada dil qüsurlarının qloballaşmasının əsas səbəblərindən biri korrektura şəbəkəsinin sıradan çıxmasıdır. Xüsusən son dövrlərdə əksər qəzet və saytlarda korrektor işi heç də qənaətbəxş hesab edilmir. Məsələn, bir vaxtlar millət vəkili Aqil Abbas deyirdi ki, bu gün müxbirlər redaksiyaya nə göndərirsə, onu olduğu kimi mətbuatda verirlər. Daha ağına-bozuna baxmırlar ki, orada nə yazılıb, necə yazılıb.

Çünki əksər media qurumlarında nə korrektura, nə də ədəbi redaktə var. Ona görə də deputat hesab edirdi ki, bu problemi həll etmək üçün redaksiyada mütləq təcrübəli korrektorlar olmalıdır. Yəni redaktorlar həm də korrektorun işini görməməlidir. Digər millət vəkili, "Azərbaycan” qəzetinin redaktoru Bəxtiyar Sadıqov da bir neçə dəfə redaksiyalarda korrekturanın ləğv olunduğunu, ədəbi redaktənin yox dərəcəsində olduğunu xatırladıb: "Baxırsan ki, yazıların çoxunda cümlələr baş-ayaq gedir, fikirlər biri-birini tamamlamır. Bu cür hallar aradan qaldırılmalıdır. Dilimizin norma və qaydalarına əməl olunmalıdır”.

Ümumiyyətlə, indiyə kimi xeyli media nümayəndələri korrektura problemindən və çıxış yolundan danışıblar. Hətta qələm adamlarından biri korrektorları futbol komandasının qapıçısına bənzədib. O deyib ki, müdafiə nə qədər güclü, hücum xətti nə qədər peşəkar olsa da, qapıçının hər hansı balaca səhvi komandanı məğlubiyyətə düçar edə bilər. Ona görə də bu sahə xüsusi önəm kəsb edir. Təcrübəli korrektorlar da peşələrinin vacib və məsuliyyətli olduğunu düşünürlər. Onların fikrincə, bu peşədə mütaliə bazasının zəngin olması əsas amildir. Eyni zamanda, dilin incəliklərinə bələd olmaq da önəmlidir. Amma media ekspertləri əsl korrektorların yoxluğundan şikayət etdikləri kimi əsl korrektorlar da həqiqi və peşəkar jurnalistlərin azlığından, təcrübəsiz qələmlərin çoxluğundan gileylənirlər. Deyirlər ki, fikirlərini ifadə etməyə çətinlik çəkən savadsız jurnalistlər çoxdur. Onlar Azərbaycan dilinin bütün qaydalarını pozurlar. Özəlliklə xarici mənbələrdən tərcümə zamanı biabırçı vəziyyət yaranır. Başdansovdu tərcümələrdə xəbərlə mübtədanın yeri dəyişik düşür, Azərbaycan sintaksisi darmadağın edilir. İşlərinin məsuliyyətli olduğunu vurğulayan korrektorlara görə, gündəlik qəzetin korrektəsi də çox ağırdır. Çünki onlar, adətən orfoqrafik səhvlərlə yanaşı, üslub xətalarını da düzəltməli olurlar. Həmçinin, redaktorların gözündən yayınan redaktə səhvləri də olur. Korrektorlar Azərbaycan dilçiliyindəki qarışıq vəziyyətdən də şikayət edirlər və vurğulayırlar ki, ilk baxışda xırda görünən məsələlər iş prosesində gərginlik yaradır. Məsələn, "sanki”, "bəlkə” sözləri cümlədə işləndikdə hər iki tərəfdə vergül qoyulmalıdır. Ruscadan və ya ingiliscədən mətbuat dilinə keçən yeni terminlər də problemlərə səbəb olur. Əvvəllər "kompüter” yazırdıq. Yeni qaydalarda isə bu termin "kompyuter” kimi təsdiqləndi, amma niyəsini heç kim bilmədi. Köhnə qaydalara görə, vəzifə adları kiçik hərflə yazılırdı. Yalnız Baş prokuror sözündə "Baş” sözü böyük olurdu. Amma indi bir çox vəzifə adları böyük hərflə yazılır. Bu cür dəyişikliklər çaşqınlıq yaradır. Elə buna görə də bəzi redaksiyalarda korrektəyə ciddi diqqət yetirilmir. Çünki korrektorlar çox vaxt müasir dilin yenilikləri ilə ayaqlaşa bilmirlər və işlərində xətalara yol verirlər. Onda belə bir sual ortaya çıxır.

Ümumiyyətlə, indiki dövrdə media qurumlarında ayrıca korrektura şöbəsinin olması nə qədər zəruridir? Yaxud da korrektorsuz mətbuat nə qədər normaldır?

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən "Axar.az” saytının baş redaktoru Anar Niftəliyev deyib ki, bu sahədə yaranmış problem heç də korrektorda və korrektorsuzluqda deyil. Onun fikrincə, məsələyə heç də korrektorun yeniliklərlə ayaqlaşıb-ayaqlaşmaması səviyyəsində yanaşmaq olmaz: "Korrektor müvafiq qurumların təsdiqlədiyi mövcud dil qaydalarının tətbiqinə, sözlərin orfoqrafiya lüğətində göstərilən formada yazılmasına və s. nəzarət edir. Korrektorun hansısa yeniliyə özünün fərdi münasibəti ola bilməz. Məsələ burasındadır ki, alınma sözlərə tətbiq edilən yazılış qaydaları var və korrektorlar həmin qaydalardan çıxış edərək, alınma sözlərə yanaşmalıdır. Problem burdan başlayır. Azərbaycan dilinin hazırkı təqdiqlənmiş qaydaları dilimizə həddindən artıq təzyiqlərin mövcud olduğu indiki dövrdə bir sistem olaraq mükəmməl səviyyədə deyil. Məsələn, "Apple” şirkətinin adı mövcud qaydalarımıza görə "Əpl” kimi yazılmalıdır. Media bu və bu kimi hər gün yüzlərlə sözün yazılışına əməl edirmi? Bir çox dillərdə olan sözlər var ki, onları hazırda ingilis dili vasitəsilə qəbul edirik. Amma dil normalarında başqa dillərdə olan sözlərin ingilis dili vasitəsilə qəbulu qaydası yoxdur. Diqqət edirsinizsə, son dövrlər xüsusən ərəb dilində bir çox yer, şəxs və s. adlar işlətməyə məcbur oluruq. Vahid qayda olmadığından, burada da böyük bir xaos yaranıb”. Baş redaktorun sözlərinə görə, ümumiyyətlə, hazırda yazı dilimiz ciddi sınaq qarşısındadır: "Etiraf edək ki, böyük yanlışlıqlar baş alıb gedir. Bunu isə AMEA-nın Dilçilik İnstitutu tənzimləməli, yazı normalarını təkmilləşdirməli, onların təbliğatı ilə məşğul olmalıdır. Yalnız bu sayədə ədəbi dili qorumaq və korrektorların işini asanlaşdırmaq olar. Dilçilərimiz nə edirlər? Faciəvi vəziyyətdir. Ana dili qanununa görə, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir yenilənməlidir. 2004-cü ildən sonra lüğət bir də 2013-cü ildə nəşr olunub. Həmin lüğət də biabırçı vəziyyətdədir. Bunu Dilçilik İnstitutunun öz mütəxəssisləri də etiraf edirlər və onu təkmilləşdirməklə məşğul olduqlarını bildirirlər. Bəs nəticə nədir? Nəticə odur ki, 3 il keçib, amma ortada hələ heç nə yoxdur. Yəni qüsurlar həddindən artıq çoxdur və bunun günahı heç də korrektorlarla bağlı məsələ deyil”.

"Aznews.az” saytının baş redaktoru Elçin Zahiroğlu isə "Şərq”ə bildirib ki, maliyyə durumu ilə bağlı mətbu orqanlar mümkün olan qədər ixtisarlar edirlər, yəni "artıq yükləri” azaldırlar: "Bəzi qəzet və ya saytlarda nəinki korrektor, heç redaktor da yoxdur. Bu məsələ maliyyə ilə yanaşı, həm də baş redaktorun məsuliyyətsizliyi, dilə olan köntöy münasibətləri ilə də bağlıdır. Saytlar elədir ki, onda səhvləri sonradan düzəltmək imkanı var. Ona görə də burada korrektor postuna əvvəldən zərurət görülməyib. Həm də operativlik baxımından xəbərlərin korrektorda "yatması” işin ziyanınadır. Amma qəzetlərdə korrektorun olmaması utancverici haldır. Elə buna görədir ki, hər hansı bir sözün necə yazılması ilə bağlı axtarış verəndə görürük ki, hətta rəsmi qəzetlərdə belə, necə biabırçı orfoqrafik səhvlər gedir. Nəşr olunan qəzetlərimiz də, kitablarımız da belədir. Bəs bunun axırı necə olacaq? Orfoqrafik səhvlər və getdikcə bunun adi hala çevrilməsi dilə düşmənçilikdir. Hesab edirəm bu məsələdə ictimai qınağı artırmq və AMEA-nın dilçilik institutunu, eləcə də Azərbaycan Dil Qurumunun sahə ilə bağlı fəaliyyətini gücləndirməliyik”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də söyləyib ki, mətbuatdakı dil qüsurları müstəqillik illərində xüsusilə geniş yayılmağa başlayıb: "Etiraf etmək lazımdır ki, Sovet dövründə qəzetlərdə dil qüsurlarına nadir hallarda rast gəlmək mümkün idi. Çünki o vaxt qəzetlərdə ayrıca korrektura şöbələri fəaliyyət göstərirdi. İndi isə təəssüf ki, dil qüsurlarından xali olan mətbuat orqanı tapmaq çətin bir problemə çevrilib. Yeni medianın gündəmə gəlməsi, internetin xəbər yayımında rolu artdıqca, standartlar da dəyişməyə başladı. Media qurumları

xəbəri daha səhvsiz, dil qüsurları olmadan təqdim etməkdən çox, operativliyə diqqət etməyə başladılar. Bu zaman korrektura işi tamamilə arxa plana keçdi.

Ümumilikdə bu gün korrektura institutu, əsasən qəzetlərdə - yazılı mətbuatda qalıb. Amma korrektorların olması belə, qəzetləri dil qüsurlarından yan keçməyə sövq edə bilmir. Bu da səbəbsiz deyil. İlk növbədə, peşəkarların yetişməsini təmin edən ənənələrin tamamilə itməsini qeyd edə bilərik”. İ.Quliyevin sözlərinə görə, sanki bu peşə sıradan çıxmaqdadır: "İndi biz qəzet rəhbərləri bu işi əsasən Azərbaycan dilinin qrammatik qaydalarını yaxşı bilən şəxslərə həvalə edirik. Maddi imkanlarımız geniş olmadığından bu sahədə yaxşı peşəkar vərdişləri olanları da uzun müddət saxlaya bilmirik. Yaxşı bir təklif gələn kimi korrektor kimi formalaşdırmağa çalışdığımız şəxslər qəzetdən gedirlər. Əksər hallarda korrektorluq insanların ikinci işi olur. Bütün günü başqa yerdə çalışan şəxslər işdən sonra redaksiyalara gəlib korrektura ilə məşğul olurlar. Təbii ki, bu da işin keyfiyyətinə mənfi mənada təsir edir. Başqa bir işdən yorğunluq içində redaksiyaya gələn işçidən maksimum keyfiyyət tələb etmək elə də asan deyil.
Amma istənilən halda, medianı, xüsusilə də yazılı medianı korrekturasız təsəvvür etmək mümkün deyil. Nə qədər ki, qəzetlər çap olunur, korrektor sənəti də yaşamalıdır”.

(davamı var)

İsmayıl