Dilqəm Əsgərovdan xəbər var: " Atamın öz xətti ilə yazılan məktub... "








"Son bir neçə ayda atamla heç bir əlaqə saxlaya bilmədik”.

Bunu "Sherg.az”a Kəlbəcərdə yaxınlarının məzarını ziyarət edərkən erməni separatçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. 

O qeyd edib ki, ailəsi Dilqəm Əsgərovdan sonuncu dəfə 2017-ci ilin noyabr ayında məktub alıb:

"Bundan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları atamın məktub yazmaq istəmədiyini bildirdi. 2-3 gün bundan əvvəl yenə BQXK vasitəsilə atama məktub yazdıq. Bildirildi ki, yaxın günlərdə görüş olmalıdır. Dəqiq görüş baş tutacaq, ya yox, hələ xəbərsizik”.

Girovlarımızın səhhətinə gəlincə, K.Əsgərov vurğulayıb ki, BQXK əməkdaşları bu barədə məlumat verir:

"Onların dediyinə görə, atamın səhhətində ciddi problemlər var. Müayinə olunur, hətta hospitala yerləşdirilib. Halbuki, atamın öz xətti ilə yazılan məktub, özünün verdiyi məlumat hələ ki, əlimizdə yoxdur”.

K.Əsgərov Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə xarici ölkələrdə apardığı təbliğat işlərindən də danışıb:

"Hələlik xaricə səfərimiz, tədbir planımız yoxdur. Ümidimizi sadəcə ölkə başçısına bağlamışıq. İnanıram ki, Dilqəm Əsəgərov və Şahbaz Quliyev dövlətimiz sayəsində girovluqdan azad olunacaq”.

Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.

Aysel Aslan