DİM sədrinə CAVAB: “Özləri repetitorluq edir, həm də ən baha qiymətə”

Nabatəli Qulamoğlu: “Əsas da bunu gətirirlər ki, «biz bunker müəllimləriyik». Məleykə xanım qoy, əvvəlcə öz mərkəzindəki müəllimləri araşdırmaqdan başlasın”



Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə repetitorlardan narazıdır. Keçirdiyi mətbuat konfransındakı çıxışında M.Abbaszadə bəzi təhsil kurslarını və onların müəllimlərini tənqid edib: bəzi təhsil kursları abituriyentləri öz xidmətlərinə cəlb etmək üçün deyirlər, guya onlarda hansısa xüsusi suallar var. Müxtəlif kurslar və orada repititorluq fəaliyyəti ilə məşğul olan insanlar tərəfindən abituriyentlərin müxtəlif qayda pozuntularına sövq edilməsi halları aşkarlanıb. 

Aprelin 7-də keçirilən buraxılış imtahanından sonra sosial şəbəkələrdə sual kitabçalarının fotoşəklinin paylaşılması da hazırlıq kurslarının repititor əməkdaşları tərəfindən edilib. Bu şəxslərin əsas məqsədi maddi qazanc əldə etməkdir və abituriyentlərin gələcək taleyi onları maraqlandırmır». M.Abbaszadə bəzi repititorların sosial şəbəkədə yaradılan səhifə və qruplarda imtahan suallarının əldə edilməsi, paylaşılması, hətta imtahandan öncə bir binada və zalda imtahan verən abituriyentlərin tapılması, tanış edilməsi işlərində fəallıq göstərirlər. M.Abbaszadə xəbərdarlıq edib ki, belə hallar aşkar olunduqda abituriyentlərin nəticələri ləğv ediləcək.

Məsələyə münasibət bildirən təhsil eksperti Nabatəli Qulamoğlu da "Sherg.az"a açıqlamasında bəzi hazırlıq kurslarının fəaliyyətindən narazı olduğunu dedi, lakin Dövlət İmtahan Mərkəzini də tərifləmədi:

- Mən də bəzi hazırlıq kurslarının fəaliyyətindən razı deyiləm. Hazırlıq kurslarının sınaq imtahanlarında bəzən elə suallar, elə tapşırıqlar təqdim olunur ki, heç Marsda da onlara rast gəlməzsiniz. Belə suallar, test tapşırıqları şagirdləri həyəcanlandırır, gərginlikdə saxlayır, şagirddə özünə inam itir. Mənim nəvəm hazırlıq kursuna gedirdi, sınaq imtahanında iştirak elədi, dedi, baba, çox çətin suallar vardı. Ardınca, qəbul imtahanlarında iştirak etdi və dedi, əksinə, asan suallar olub. Dövlət İmtahan Mərkəzi özü də çətin suallar salır, amma o qədər də yox. Aprelin 7-dən imtahanlar başlayıb. Amma tədris proqramında hələ nə qədər keçilməmiş mövzu var. Ödənişli və ödənişsiz imtahanlar var. Birinci imtahan öədnişsizdir, ikincidə iştirak edirsənsə, ödənişlidir. Abituriyentlərin sayı 100.mindən çoxdusa, hər nəfərə 40 manat ödəniş 400.milyon manat pul eləyir.

Qaldı ki, buraxılış imtahanlarının sual kitabçalarının paylaşılmasına, repititorların şəbəkə qurmasına və sairə, əgər DİM-də bunlarla bağlı konkret nümunələr varsa, aidiyyəti orqanlara müraciət etsinlər, ölçü götürülsün, o şəxslər də məsuliyyətə cəlb edilsinlər. Nəzarətçiləri DİM seçir, təyin edir. Seçimi düzgün etsinlər.

 Baxsınlar, araşdırsınlar, görsünlər kimi seçirlər. M.Abbaszadənin mərkəzində çalışan müəllimlərin özləri repetitorluq edir, həm də ən baha qiymətə. Əsas da bunu gətirirlər ki, «biz bunker müəllimləriyik». Məleykə xanım qoy, əvvəlcə öz mərkəzindəki müəllimləri araşdırmaqdan başlasın. Sual kitabçalırının sosial şəbəkədə paylaşılmasında isə bir qəbahət görmürəm. Əvvəla, bu kitabçalar abituriyentlərə verilmir. 

Abituriyent sual kitabçasını otaqda qoyub çıxır. Belə olan halda o sual kitabçasını hazırlıq kursları, repititorlar necə əldə edir? İkincisi isə, sual kitabçası abituriyentə verilməlidir. Abituriyent imtahandan sonra özünü yoxlasın, sual kitabçasının üzərində işləsin. Onsuz da imtahanlara eyni suallar, eyni tapşırıqlar olmur. Daha niyə sual kitabçası gizlədilməlidir?

Məlahət Rzayeva