"Dini dərslərin keçirilməsi zərərli təbliğatın qarşısını kəsəcək"





Azərbaycanın ali və orta məktəblərində dini dərslər keçirilə bilər. Bu barədə məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı verib. Qurum rəhbəri bildirib ki, Quran kurslarının təşkil olunmasını həm Qafqaz Musəlmanları İdarəsi, həm də Komitə lazımlı bilir: "Gələn ilin sentyabrından bütün ali məktəblərdə islam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək. Tələbələr həmin dərslərdən imtahan verəcəklər. 

Dərslər içərisində daha yüksək yeri islam dini tutacaq. Artıq dərsliklər hazırlanıb və Təhsil Nazirliyi tərəfindən Komitəyə göndərib”. M.Qurbanlının sözlərinə görə, orta məktəblərin tədris proqramlarına islam dini haqqında ətraflı məlumatlar əlavə edilib: "İslam dini şagirdlərə orta məktəbin aşağı siniflərindən öyrədiləcək. İlahiyyatçılar çalışırlar ki, şagirdlərdə hər hansı fikirlər yanlış çatdırılmasın”.

Təhsil Nazirliyindən verilən məlumatda isə bildirilib ki, 2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdlərinin təkmilləşdirilmiş "Həyat bilgisi” dərsliklərindən istifadə etməsi nəzərdə tutulur. Bu dərsliklərdə dini biliklər daha geniş şəkildə yer alıb: "Hazırda həmin dərsliklər Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılıb.

 İndiki "Həyat bilgisi” dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha geniş olacaq. Təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Ali təhsil müəssisələrində isə "Multikulturalizmə giriş” fənninin proqramına "Dinlər tarixi” adlı mövzular daxil ediləcək.

Xatırladaq ki, orta məktəblərdə islam dini haqqında əsas məlumatların verilməsinin vacibliyi dəfələrlə gündəmə gətirilmiş məsələdir. Təşəbbüsü dəstəkləyən ilahiyyatçılar hesab edirlər ki, şagirdlərə təməl dini bilgilərin öyrədilməsi radikalizmin qarşısını alacaq və gənclərin kənar dini təriqətlərin təsiri altına düşməsinə imkan verməyəcək.

İlahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov "Şərq”ə açıqlamasında qaldırılan məsələnin olduqca ciddi və aktual olduğunu söyləyib:

 "İstər orta, istərsə də ali məktəblərdə dinlər haqqında bilgilərin tədris edilməsi təqdirəlayiqdir. Fikrimcə, məktəblərdə islamın öyrədilməsi gələcəkdə dinlə bağlı təhlükələrin qarşısını ala bilər. 
Həmçinin, məlumatsız insanların müxtəlif radikal məzhəblərə qoşulmasının yolunu bağlayar. Ən əsası isə xaricdən gələn zərərli təbliğatın, missionerlərin qarşısını kəsər. Bu baxımdan Komitə rəhbərinin və Şeyxin qərarını müsbət addım sayıram.

 Lakin burada əsas məsələ islam dini adı ilə xurafatların təbliğ olunmasının qarşısını almaqdır. Hazırda radikal təriqətlərlə yanaşı, ən böyük təhlükə məhz dini xurafatların yayılmasıdır. 

Əgər tədris ocaqlarında şagirdlərə din adına xurafat və nağıllar aşılanacaqsa, problemin həlli mümkün olmayacaq”. Ekspert vurğulayıb ki, ölkəmizdə tolerantlıq yüksək səviyyədə olduğuna görə, məktəblərdə sadəcə islam dini deyil, digər dinlər haqqında da məlumat verilməlidir.

İsmayıl