İslam alimləri, dini əsasları bilən filosoflar mollalardan qabaqda olmalıdır
Dini ekstremizmə qarşı qüvvələr birləşdiriləcək
Layihə pis deyil, sadəcə onun konseptual tərəflərini əvvəlcədən hazırlamaq lazımdır
İslam alimləri, dini əsasları bilən filosoflar mollalardan qabaqda olmalıdır
İslam alimləri, dini əsasları bilən filosoflar mollalardan qabaqda olmalıdır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti dini ekstremizmə qarşı mübarizə məqsədilə Tədbirlər Planı hazırlayıblar. Tədbirlər Planında dini ekstremizmə və onu doğuran səbəblərə qarşı birgə mübarizənin aparılması, bu istiqamətdə fəaliyyət göstərən qurumlar arasında koordinasiya işinin təşkili məqsədilə respublikanın bütün bölgələri əhatə olunmaqla seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulub.
Məsələ ondadır ki, tədbirlər planına ictimaiyyət nümayəndələrinin də cəlb olunmasına qərar verilib. Belə çıxır ki, bu sahədəki təhdidlərin aradan qaldırılması ilə yanaşı, həm də dini ekstremizmin yaranma səbəblərinin ümumi müzakirəsi və prosesə nəzarət mexanizmindən də söhbət gedir. Bəs, bu işə konkret hansı ictimai şəxslər cəlb olunmalıdır, onlar prosesdə necə rol alacaq? Təcrübə də göstərir ki, sadəcə maarifləndirmə ilə bu kimi təhlükələrin qarşısını almaq mümkün olmur.
Mövzu ilə bağlı fikirlərini "Şərq”ə bölüşən tanınmış sosioloq-alim, professor Əhməd Qəşəmoğlu deyib ki, belə tədbirlər zamanı ölkədəki ən ciddi alimləri, ziyalıları prosesə cəlb etmək lazımdır. Professorun sözlərinə görə, vurğulanan problem əvvəlcə fəlsəfi, elmi, metodoloji və sosioloji baxımdan öz həllini tapmalıdır:
"Bundan sonra isə adı çəkilən qurumlar alimlərlə birgə fəaliyyət proqramı təşkil etməlidir. Dörd qurumun hamısı icraçı strukturlardır. İdeya intellektual və metodoloji baxımdan formalaşmalıdır. Sizə bir misal deyim, orta əsrlərdə çox nəhəng islam alimləri yaşayıb. Onların arasında Əl Kindi, Fərabi, İbn Sina, Sührəverdi, Qəzali və s. dünyəvi alimlər olub. Belə böyük şəxslər var olduğu üçün həmin dövrdə islam cəmiyyətdə mütərəqqi rol oynayıb. İslam dini o qədər mütərəqqi rol oynayıb ki, nəticədə dünyəvi elmlər də dirçəlib. Hesab edirəm ki, layihə pis deyil, sadəcə onun konseptual tərəflərini əvvəlcədən hazırlamaq lazımdır. İslam alimləri, dini əsasları bilən filosoflar mollalardan qabaqda olmalıdır. Bu olmadığı üçün ortada bir boşluq var. Bu boşluğu da müxtəlif ölkələrdən gələn təriqətlər, siyasi maraqlar doldurur”.
Alimin sözlərinə görə, gəncləri yola gətirmək üçün öncə din xadimlərini düzəltməliyik:
"Hər zaman deyirik ki, gənclərimizin bir hissəsi vəhhabilərə qoşuldu, digərləri gülənçilərə, bəziləri isə xristianlığı seçdi və s. Mən də dostcasına sual verirəm ki, niyə gənclərimiz bizim din xadimlərinə yox, məhz o cür radikal təriqətlərə qoşulur? Bax, problem burdan başlayır. Din xadimlərinin özlərinin nümunəvi davranışı olmalıdır ki, gənclər onların ətrafında birləşsinlər. Bu məsələ həll olunarsa, mexanizmlər daha yaxşı işləyər. İndiki halda ortada konkret konseptual baxış yoxdur. Sadəcə, "dini ekstremizm pisdir” deməklə müsbət nəticə əldə etmək çətin olacaq. İllərdir deyirik ki, "siqaret çəkmək ziyandır, alkoqol qəbul etmək zərərlidir”. Bəyəm, bunu dediyimiz üçün ölkədə siqaret çəkənlər və ya içənlərin sayı azalıbmı? Əlbəttə ki, yox. İstənilən məsələdə elmi-fəlsəfi təminat əsasdır. Əks halda məsələlər sadəcə kampaniya xarakteri daşıyacaq. Təklif edirəm ki, bu işə çoxlu pul xərclənməmişdən qabaq bizim də iştirakımızla bir "dəyirmi masa” təşkil edilsin. Yığılaq ora, öz fikirlərimizi deyək, təkliflərimizi verək”.
İlahiyyatçı-alim Hacı Atif İsmayılov da "Şərq”ə bildirib ki, dini sahədə məqsədəuyğun şəkildə maariflənmə işlərinin aparılması zəruridir. Onun sözlərinə görə, ictimai və din xadimlərinin birgə fəaliyyəti ilə islam dinini məscid daxilindən çıxarıb kütləvi həyat tərzinə çevirmək lazımdır:
"Etiraf etməliyik ki, ölkəmizdə din adı çəkiləndə yalnız hansısa məscid, ruhani və ya molla yada düşür. Dinin içində təbəqələşmənin olduğu görüntüsü yaranır. Halbuki din bütün cəmiyyətin həyatının tənzimlənməsi üçün önəmli bir həyat tərzi hesab edilir. Din bir çox ölkələrdə ictimai ünsür sayılır. Bu səbəbdən dindən anlayışı olmayan şəxslərin yanlış təriqətlərə meyl etməsi, qeyri-ənənəvi dini düşüncələrə qapılması baş verir və sonda ciddi problem yaşanır. O baxımdan koordinasiyalı işlərin qurulmasını, birgə əməkdaşlıq edilməsini müsbət dəyərləndirirəm”.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev də atılan addımı təqdirəlayiq hesab edib. Ekspertin fikrincə, tədbirlərdə tanınmış və nüfuzlu ictimaiyyət nümayəndələrinin iştirak etməsi, insanlara dini ekstremizmin yaranma səbəblərini və onunla necə mübarizə aparmaq yollarını aşılaması əhalinin maariflənməsində böyük rol oynaya bilər:
"Radikal şəxslər cəmiyyət üçün çox təhlükəlidir. Hamımız cəmiyyətin bir üzvüyük. Əgər ətrafımızda bu cür şəxslərin olmasını hiss ediriksə, mütləq aidiyyəti qurumlara müraciət etməliyik. Vətəndaş olaraq bu, bizim borcumuzdur. Dini ekstremizmə meyl edən şəxslər məlumatsızlıqdan, bu barədə müəyyən bilgiyə sahib olmadığından dini təbliğatın təsiri altına düşürlər. Hesab edirəm ki, bu cür tədbirlərin keçirilməsi problemin qarşısını almağa yardımçı olacaq”.
İsmayıl