Azərbaycan və Türkiyəyə qarşı gələnlər Türküstanı qarşısında görəcək - ŞƏRH

  • “Türk dünyası vahid iqtisadi və siyasi güc mərkəzinə çevrilməlidir”
  • “Qızılalma dünyaya hökm etmək deyil, insanlığa ədalət gətirməkdir”

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın genişləndirilməsi və təşkilatın beynəlxalq nüfuzunun daha da artırılması Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın TDT ilə münasibətlərinin strateji xarakter daşıdığı, ölkəmizin təşkilat daxilində həm təşəbbüskar, həm etibarlı tərəfdaş, həm də mühüm dialoq platforması kimi çıxış etdiyi vurğulanıb.

Bakıda ardıcıl olaraq yüksək səviyyəli tədbirlərin keçirilməsi, üzv dövlətlər arasında siyasi, təhlükəsizlik, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi bu münasibətlərin çoxşaxəli xarakterini nümayiş etdirir. Çıxışda TDT-nin qarşısında duran əsas məqsədlər, təşkilatın institusional inkişafı və beynəlxalq mövqeyinin gücləndirilməsi ilə yanaşı, üzv və müşahidəçi dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Azərbaycanın irəli sürdüyü təşəbbüslərin, o cümlədən qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşkilat daxilində daha sıx koordinasiya və müntəzəm siyasi dialoqa xidmət etdiyi qeyd olunur. Bu baxımdan, TDT-nin gələcək inkişafında qarşılıqlı etimad, həmrəylik və praktiki əməkdaşlığın əsas istiqamətlər kimi önə çıxdığı mesajı verilir.

Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Azərbaycanın təşəbbüskarlığı Türk Dövlətlər Təşkilatının birliyinə və varlığına xidmət edir:

“Çünki olmayan bir şeyin nüfuzundan da söhbət etmək, strateji əhəmiyyətindən də söhbət etmək mümkün olmayacaq. Ona görə də öncə bu coğrafiyada mövcud olan bütün Türk dünyasını birləşdirməyə ehtiyac var. Bu birləşdirici amillərdən biri və bəlkə də birincisi Azərbaycan dövlətidir. Azərbaycan təşəbbüskar dövlət kimi eyni zamanda bu təşkilatın varlığını, vacibliyini, strateji əhəmiyyətini, güc olmasını və perspektivdə hər kəsin razılaşmalı, olmalı olduğu bir güc mərkəzinə çevrilməsini təklif edir. Bunun üçün öncə etimad, sonra da həmrəyliyi gərəkdirən ideyaya, qayəyə ehtiyac var. Və bu qayə bəllidir, bu, Qızılalmadır. Min illər boyu Qızılalmanı dünyaya hökm etmək kimi yanlış təqdim edənlər var. Əslində Qızılalma özündə dünyaya hökm etmək kimi bir qayəni ehtiva etmir. Qızılalma insanlığa xidmət edəcək ən yüksək şüurdur. Bunun olduğu yerdə ədalət hökmran olur. Ancaq diqqət edin, bugün dünyanın hansı bölgəsində ədalət deyiləcək bir anlayış var? Heç birində. Yəni demokratiya və insan haqlarından dəm vuran qlobal güclərin özündə belə ədalətdən əsər-əlamət belə mövcud deyil”.

Analitik qeyd edib ki, həmrəy oluna bilməsi üçün hər kəsin qəbul edə biləcəyi bir qayəyə ehtiyac var:

“Bundan başqa, bir də hər kəsin haqqını haqqı ilə verməyə ehtiyac var. Ona görə burada artıq hüquq nöqteyi-nəzərdən bərabərlik mövcud olacaq. Yəni hansısa qlobal gücün yanında yedək güc, Avropa Birliyinə üzv olduğu təqdirdə 28-ci olmaqdansa, Türk Dövlətlər Təşkilatında hər kəsin birinci və vazkeçilməz olması təqdim olunur. Bərabər hüquqlu münasibətlər sistemi budur. Ona görə də bu təşkilatın bir güc olması üçün təməl hər şey mövcuddur. Sadəcə, bu yöndə inteqrasiyanı gücləndirməyə ehtiyac var. Və təbii ki, bunların içərisində əsas aparıcı element ünsiyyətdir. Yəni əlifba, dil-mədəniyyət birliyindən söhbət gedir. Bunları tənzimləmək o qədər də böyük bir problem deyil. Çünki bunlar çox vacib bir məsələdir ki, artıq hər bir Türk dövlət başçısı bir-biri ilə ünsiyyətdə rus dili ilə deyil, ingilis dili ilə deyil, məhz Türk dilində danışacaq. Bu, bütün Türk dünyasının, hər bir vətəndaşının bəlkə on illər boyu içində daşıdığı bir arzudur, istəkdir. Ən azından sosial mediaya fikir versəniz, Türküstanda, Azərbaycanda, Türkiyədə Türk dövlətləri birliyinə münasibətin nə qədər istənildiyi və sevildiyi açıq ortadadır. Hətta deyərdim ki, insanlararası münasibətlər dövlətlərarası münasibətlərdən çox-çox öndədir. Bu baxımdan, sözügedən məsələdə Azərbaycan çox həlledici amildir. Ona görə fikir verirsinizsə, bütün Türk dünyası məhz Azərbaycan dövlətinə bu məsələdə etibar edir. Çünki əsas strateji təkliflər Azərbaycandan gəlir. Əsas tədbirləri formalaşdıran, dövlətləri bir-birinə yaxınlaşdıran Azərbaycandır. Azərbaycan həm çoxtərəfli, həm də ikitərəfli səviyyədə bütün Türk dövlətləri ilə müttəfiqlik münasibətləri qurur”.

Analitik əlavə edib ki, qardaş Türkiyə, Özbəkistanla, sonra Qırğızıstanla müttəfiqlik digər dövlətlərin bir-biri ilə daimi dostluq və qardaşlıq səviyyəsində yaxınlaşmasına şərait yaradır:

“Yəni Azərbaycan bir növ örnəyi yaradır və digərlərinə də bundan nəticə çıxarmaq üçün şərait yaradır. Ona görə Azərbaycan çox önəmli, bu məsələdə xüsusi əhəmiyyət daşıyan bir dövlətdir. Əlbəttə, bu birlik öncə dil-mədəniyyət birliyi, ünsiyyət birliyi olmalıdır və bu iş tamamlanmalıdır. Bundan sonra iqtisadi birlik təmin olunmalıdır. O qədər güclü səviyyədə inteqrasiya inkişaf etməlidir ki, vahid iqtisadi məkan olaraq biz çıxış edə bilək. Bu, gələcəkdə müəyyən siyasi birliyə də, ortaq siyasi qurumların, idarəedici qurumların yaradılmasına gətirib çıxaracaq bir məsələ olacaq. Eyni zamanda qlobal maliyyə şəbəkələrinə örnək olaraq, Türk dünyasının da maliyyə şəbəkələri, xüsusilə də qarşılıqlı valyutalardan istifadə etmə və köçürmək üçün bu cür maliyyə qurumları yaradılmalıdır. Ki, artıq belə bir təkliflə qardaş Türkiyə çıxış edib. Yəni biz hansısa Mastercard və yaxud Visa kartlarının, beynəlxalq kartların imkanlarına möhtac qalmalı deyilik. Özümüz bu cür köçürmə imkanımız ola biləcək maliyyə mexanizmləri yaratmalıyıq. Maliyyə fondları və bu fondların böyüməsini təmin etməliyik. Böyük investisiya fondları yaradılmalıdır ki, burada da hər bir Türk dövlətinin iştirakı ilə birgə müəssisələr yaradılsın və proses inkişaf etsin. Və ən nəhayət, əlbəttə, müdafiə-təhlükəsizlik yönündə inteqrasiyanın dərinləşdirilməsidir. Və vahid hərbi güc mərkəzlərinin yaradılması, düşünürəm ki, bu, həlledici və son addımlardan biri olar. Bütün bunlar Türk dünyasına çox böyük bir perspektiv vədidir. Ona görə də bütün dünya dövlətləri ilə, qlobal güclərlə əməkdaşlıq prioritet ola bilər. Ancaq əsas prioritet Türk dünyası birliyi, Türk dövlətləri birliyi olmalıdır. Belə olduğu təqdirdə, artıq Azərbaycana və yaxud Türkiyəyə qarşı gəlmək istəyənlər Türküstanı qarşısında görəcəyini anlamalıdır. Eyni şey Türküstan dövlətlərinə də aiddir. Türküstana kənardan baxanlar da Azərbaycan və Türkiyəni qarşısında görəcəklərini bilməlidir. Güc budur, birlik budur. Çünki birlikdən güc doğar, gücdən azadlıq doğar. Türk isə hər zaman doğuşdan azaddır, ən azından daxilən azaddır. O baxımdan bu azadlığı hər bir insanımıza, eyni zamanda bütün insanlığa bəxş edəcək ideyaya, imkanlara, təbliğata, hər şeyə nail olmalıyıq. Yəni aparıcı element olaraq Türk dünyası olmalıdır. Çünki Türk şüuru yeganə güc mərkəzidir ki, dünyaya ədalət gətirə bilər. Əks təqdirdə dünyanın bu cür acınacaqlı vəziyyətdə olmasını və dünyaya ağalıq edən müəyyən güc mərkəzlərinin fəaliyyətini necə izah edirlər? Yəni bir, sonra ardınca iki dünya müharibəsi yaşandı, müəyyən nizam və sistemlər yaradıldı. Beynəlxalq hüququn guya bütün hüquq üstü bir hüquq olduğu anlayışı təsbit olundu və bütün bu hüquq institutları Qərbə daşındı, Qərb mərkəzlərində açıldı. Ədalət oldu? Olmadı. Və olmayacaq da. Ona görə də sadəcə birlik xatirinə birlikdən söhbət getmir. İnsanlığın xilası söhbətindən gedir ki, bunun üçün də, açığı, ən böyük şans və imkan Türk zehniyyəti, Türk şüuru, Türk yüksək şüuru və Qızılalmadır”.