AfD ətrafında yeni qalmaqal: Köməkçinin evində nasist atributları və narkotik aşkarlanıb

Almaniya polisi “Almaniya üçün Alternativ” (AfD) partiyasının aparıcı namizədi Kristina Brinkerinin şəxsi köməkçisinin Berlindəki evində axtarış aparıb.

Sherg.az xəbər verir ki, “Bild”in məlumatına görə, Reynikkendorf rayon ofisinin əməkdaşı Yürgen Ş.-nin evində axtarış qanunsuz silah saxlanılması şübhəsi ilə həyata keçirilib. Lakin axtarılan silahlar aşkarlanmayıb.

Axtarış zamanı qanunsuz maddələr və nasist simvolları olan əşyalar tapılıb. Əşyalar ekspertizaya göndərilib və nəticələr əsasında cinayət təqibinin başlanıb-başlanmayacağı müəyyənləşəcək.

Yürgen Ş. narkotik maddələri bit bazarından aldığı vinil plastinkasının üzlüyündə təsadüfən tapdığını, lakin onları özündə saxladığını bildirib. Brinker isə köməkçisini müdafiə edərək onu adi kolleksiyaçı kimi xarakterizə edib və onda radikal baxışların olduğunu əvvəllər müşahidə etmədiyini deyib.

Berlin Prokurorluğu müsadirə edilən materiallarla bağlı araşdırmanı davam etdirir.