Bizim düşüncəmizdə din sərt ehkamçılığı deyil, eşq və məhəbbəti tərənnüm edir. Bu bizim poeziyamızda da öz əksini tapıb
Dini radikalizmlə mübarizədə bütün cəmiyyət səfərbər olunmalıdır
Çünki bu, ayrı-ayrı xadimlərin öhdəsindən gələ biləcəyi iş deyil
Bizim düşüncəmizdə din sərt ehkamçılığı deyil, eşq və məhəbbəti tərənnüm edir. Bu bizim poeziyamızda da öz əksini tapıb
Bizim düşüncəmizdə din sərt ehkamçılığı deyil, eşq və məhəbbəti tərənnüm edir. Bu bizim poeziyamızda da öz əksini tapıb
Azərbaycan İlahiyyat İnstitutunda "Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr” mövzusunda növbəti diskussiya keçirilib.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayevin sədrlik etdiyi tədbirdə dini radikalizmin səbəbləri və doğurduğu nəticələr barədə müzakirələr aparılıb. Müzakirələrdə dini radikalizm meyillərinin təkcə müasir dövrdə deyil, bütün zamanlarda müşahidə olunduğu qeyd edilib.
Tarixən din uğrunda törədilən müharibələrin və ya din pərdəsi altında aparılan işğalçılıq siyasətinin dini radikalizmə nümunə olduğu vurğulanıb. Bildirilib ki, hazırda dini radikalizm məzhəblər və dinlərarası dözümsüzlük, zorakılıq və ya dini motivlərlə törədilən terror aktlarında təzahür edir. İslamın mötədillik, dialoq və tolerantlıq dini olduğunu nəzərə çatdıran tədqiqatçılar qeyd ediblər ki, hazırda müsəlman dünyasında elə insanlar, qrup və cərəyanlar vardır ki, İslamın həqiqi mahiyyətindən uzaqlaşıb radikal və sərt mövqe tutublar.
Qeyd olunub ki, dini radikalizm meyillərinin yaranmasına ictimai, siyasi və iqtisadi məhrumiyyətlər səbəb olur. Eyni zamanda, islam dünyasında radikalizm meyillərinin yaranma səbəblərindən birinin də müqəddəs mətnlərin kontekstdənkənar yozumu və qavranılması olduğu bildirilib.
Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması istiqamətində hansı addımların atılması ilə bağlı din xadiminə müraciət etdik. QMİ-nin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli "Şərq"ə açıqlamasında Azərbaycanda dini radikalizmin inkişaf etmədiyini bildirib. Onun fikrincə, ümumiyyətlə, radikalizmin Azərbaycanda ciddi-sosial bazası yoxdur:
"Çünki azərbaycanlıların dinə özünəməxsus baxışı var. Bu baxış irfan ənənələrinə, tarixi ənənələrə söykənir və irfan da əsasən insanlara, Allaha və yaranmışlara məhəbbəti təlqin edir. Bizim düşüncəmizdə din sərt ehkamçılığı deyil, eşq və məhəbbəti tərənnüm edir. Bu bizim poeziyamızda da öz əksini tapıb, dini-adət ənənələrimizə yanaşmamızda da özünü qabarıq şəkildə göstərib".
Son illər dini radikallıq əleyhinə bütün dünyada ardıcıl tədbirlərə başlanıldığını bildirən ilahiyyatçı təəssüflənərək qeyd edib ki, bütün bunlara baxmayaraq müsəlmanlar içində müəyyən bir toplum məhz radikal baxışlara köklənir:
"Radikalizmə meylin əsas qaynaqlarından biri savadsızlıq, məlumatsızlıqdı. Bundan da bəzi qüvvələr mahir şəkildə sui-istifadə edirlər. Çünki radikal cərəyanlar həmişə siyasi məqsədlər üçün istifadə olunublar. Bəzən böyük dövlətlər də islam dinini gözdən salmaq, islamafobiyaya rəvac vermək üçün bu cərəyanları inkişaf etdirirlər, süni şəkildə şişirdirlər. Əslində bu cərəyanlar o yerlərdə inkişaf edir ki, orada din haqda məlumat yetərincə verilmir. Amma bizdə Dini Qurumlar üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bunun qarşısını almaq üçün ardıcıl maarifləndirmə tədbirləri keçirilir. Şəxsən mən özüm onlarla belə tədbirdə iştirak etmişəm.
Hətta hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində, ali təhsil müəssisələrində, orta məktəblərdə maarifləndirmə işləri aparılır. Dini kadrların hazırlanması üçün Azərbaycanda İslam İnstitutu yaradılıb. Düşünürəm ki, həmin institut bu boşluğu daha səmərəli şəkildə doldurmağa xidmət edəcək. Yəni bu istiqamətdə ardıcıl, eyni zamanda hüquqi müstəvidə radikalizmlə mübarizə sahəsində ciddi addımlar atılır".
H.Ş.Həsənli onu da bildirib ki, ölkəyə gələn kənar müdaxilələrin, hər hansı silahlı birləşmələrin qarşısının alınması üçün cinayət məcəlləsində konkret cəzalar müəyyənləşdirilib:
"Düşünürəm ki, son illərdə radikalizmə meyillənmənin sayı azalıb. İnsanlar əsasən ənənəvi məzhəbə, ənənəvi islama üz tuturlar. Bunun üçün bu istiqamətdə ardıcıl olaraq addımlar atılmalıdı və inanıram ki, atılacaq da. Həm də radikalizmlə mübarizədə bütün cəmiyyət səfərbər olmalıdır. Çünki bu, ayrı-ayrı xadimlərin öhdəsindən gələ biləcəyi iş deyil. İslam dünyasında, Yaxın Şərqdə nələrin baş verdiyini görürük. İslam dünyasında təəssüflər olsun ki, radikal tendensiya var. Hətta ateistlər, dini inkar edənlər də bunların zərərlərindən sığortalanmayıb.
Ona görə də bu mövzu təkcə inanclılar üçün yox, düşüncəsindən, baxışından asılı olmayaraq bütövlükdə cəmiyyət üçün aktual mövzudu. Cəmiyyət, kütləvi informasiya vasitələri maarifləndirici mövzulara daha ciddi yer verməlidirlər. Şübhəsiz ki, din xadimləri də məscidlərdə xütbələr zamanı, müəyyən tədbirlər vasitəsilə insanlara bu cərəyanların ziyanını çatdırmalıdır. İslamın məhz Qurana və ənənəvi görüşlərimizə söykənən din olduğunu insanlar, gənclər arasında təbliğ etməyə cəhd göstərməlidirlər".
İlahə Əhmədqızı