Dini təhsil almaq istəyənlər Azərbaycanda oxumalıdırlar

Çünki xarici ölkələrdən qayıdan gənclərin 80 faizindən çoxu milli dönüklərə çevrilir



"Dini təhsil almaq üçün xaricə getmək Azərbaycanın dövlət və ümummilli maraqlarına uyğun deyil”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” adlı konfransda çıxışı zamanı deyib. Komitə sədri bildirib ki, bununla yanaşı, bəzi tələbələrin Bakı İslam Universitetində təhsil alanların bir sıra ölkələrə gedərək təcrübə keçməsinə də etiraz eləmir:

"Amma birmənalı olaraq, xüsusi göndərilmənin tərəfdarı deyilik. Bunun da səbəbi odur ki, milli-mənəvi dəyərləri qorumalıyıq və Azərbaycanda kimlərəsə başqa ölkələrdə olduğu kimi məscidlərarası, məzhəblərarası qarşıdurma yaratmasına imkan verməməliyik. Bu səbəbdən xaricə dini təhsil ardınca gedilməsinin tərəfdarı deyilik”. Məsələyə münasibət bildirən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli 10 ildir daimi olaraq bu məsələni gündəmə gətirdiyini deyib. Əzimbəylinin sözlərinə görə, dini sahədə təhsil almaq istəyənlər birmənalı şəkildə Azərbaycanın öz ali təhsil müəssisələrində dərs almalıdırlar: "Xarici ölkələrdə dini tədris alıb Azərbaycana qayıdan gənclərin 80 faizindən çoxu milli dönüklərə çevrilir. Bunu tam məsuliyyətimlə deyirəm. Azərbaycanda İslam Universiteti fəaliyyət göstərir. Dövlət həmin tədris ocağına həm maddi, həm də mənəvi dəstəyini artırmalıdır. Universitetin bazası o qədər inkişaf etməlidir ki, dini təhsil alan gənclərimiz başqa ölkəyə getməyə ehtiyac duymasınlar. Bununla yanaşı, "molla institutundakı” xadimlərimiz dini kimlikləri ilə bərabər milli kimliklərini də dərk etməlidirlər. Milli şüura və məfkurəyə malik olmayan din xadimləri dərs auditoriyasına buraxılmamalı, televiziyaya və radiolara çıxmamalıdır. Hətta onları yas məclislərindən belə uzaqlaşdırmaq lazımdır”. Şərqşünas bildirib ki, prosesin məqsədli şəkildə həyata keçirilməsi üçün dövlət bu məsələnin üzərinə getməlidir: "Azərbaycanda dini təhsil verən yeganə tədris ocağı İslam Universitetidir. Bakı Dövlət Universitetində isə ilahiyyat fakültəsi var. Bu iki
müəssisənin elmi, dini, maddi və mənəvi bazası inkişaf etdirilməlidir. Müəllim komandası milli şüura malik şəxslərdən ibarət olmalıdır”.

Təhsil eksperti, professor Əjdər Ağayev isə xaricdə dini təhsil almağa sərt şəkildə qadağa qoyulmasını məqbul hesab etmir: "Məsələyə həm demokratik, həm milli, həm də beynəlxalq mövqedən yanaşmaq lazımdır. İnsanların bütün sahələr üzrə təhsil almaq azadlığı var. O cümlədən də dini təhsil. Fikrimcə, dini təhsilə tamam başqa prizmadan yanaşmalıyıq. Yəni biz bilməliyik ki, xaricə din təhsili almağa göndərdiyimiz tələbələr kimlərdir, onlar nə üçün dini təhsil almaq istəyirlər, hansı ailələrdən çıxıblar və s. Əgər əvvəlcədən müəyyən edilsə ki, hansısa tələbə dini radikalizmə və fanatizmə meyillidir, fərdi qaydada ona qadağa tətbiq etmək olar. Həmin gəncləri məsləhət vermək yolu ilə digər sahələrə, məsələn, humanitar elmlərə, tarixə və s. yönləndirmək lazımdır. Düşünürəm ki, bu yolla problemin qarşısını almaq olar. Amma dini təhsili bütünlüklə, özü də ümumi şəkildə qadağan etməklə nəyəsə nail olmaq mümkün deyil”. Professor pedaqoji-metodik dəyişikliklərə ehtiyac olduğunu da vurğulayıb: "Ölkəmizdə din üzrə baza təhsili alan tələbələrin təcrübə və ixtisas artırma məqsədilə xaricə göndərilməsində də pedaqoji qeyri-dəqiqlik var. Əgər həmin tələbə radikalizmə meyillidirsə, ona xaricdə 4-5 il yox, elə 1 il qalmaq da kifayət edəcək. Ona görə də məsələyə sistemli yanaşmaq vacibdir”.

İsmayıl