DİQQƏT! "Astma, ürək-damar xəstələri narahatlıq keçirə bilər"





"Havada tozun miqdarının artması daha çox allergik problemləri olan şəxslərə təsir göstərəcək”.

Bunu "Sherg.az”a Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanının əhalinin səhhətinə təsirini izah edərkən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov söyləyib. 

O qeyd edib ki, astma, ürək-damar xəstələri bu günlərdə narahatlıq keçirə bilər:

"Daha çox bu qəbildən problemləri olan şəxslərin ehtiyatlı olması vacibdir. Belə xəstələrə daha çox maskalardan istifadə etməyi məsləhət görürəm. Allergik problemləri olanlar həkimin məsləhət gördüyü dərman preparatlarını qəbul etməlidirlər”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün səhər saatlarında ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olacağını bildirib. Nazirlikdən məlumat verilib ki, 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.

Aysel Aslan