Dirçəliş var...
Yerli filmlərə maraq artıb
Gərgin iş həftəsindən sonra istirahət üçün düşünülən ən maraqlı məkanlardan biri kinoteatrlardı.
Son vaxtlar Bakıda kinoteatrların təmiri, onların müasir görkəmdə fəaliyyəti, habelə iri alış-veriş mərkəzlərində kino salonlarının istifadəyə verilməsi kinozallara da marağı artırıb. Böyük ekran... Yüksək səs... Qaranlıq zalda əyləşib diqqətlə film izləyən tamaşaçılar... Və bununla yanaşı, internet və televiziya texnologiyası... Amma deyəsən, sonuncu iki amilin həyatımıza təsiri istirahətimizi bir az da məhdudlaşdırıb. Yəni evdə otur, internetlə təmas qur və televizora bax. Hər halda gənclər arasında keçirdiyimiz sorğunun nəticələri belə deməyə əsas verir. Onlardan bəziləri filmləri internetdən, bəziləri kinoteatrda izləməyə üstünlük verdiklərini dedilər. Əlavə məsrəf etmək istəməyənlər də oldu, vaxt azlığından şikayət edənlər də. Məsələyə münasibət və individual baxışlar fərqlidir. Evimizdən çölə çıxmadan dünyanın dörd bir guşəsini, sanki oradaymış kimi seyr edə bilirik. Getmədiyimiz yerləri, görmədiyimiz insanları, bilmədiyimiz mədəniyyətləri internet vasitəsi ilə tanıya bilmək imkanı tapırıq. Hətta sevdiyimiz filmləri belə internetdən izləyirik. Amma insanların zövqü bəzən onlarda ciddi psixoloji problemin təməlini qoyur.
Məlumat üçün qeyd edək ki, hazırda bir neçə kinoteatrda ilk Avropa Oyunları ilə bağlı repertuar da dəyişdirilib. Yeri gəlmişkən, bu ay sinema-klublarda, kinoteatrlarda bu filmlər təqdim olunacaq.
"Nizami” Kino Mərkəzində ilk Avropa Oyunları ilə bağlı xüsusi repertuar hazırlayaraq qapılarını "Bakı 2015”lə bağlı paytaxta gələn qonaqların üzünə açdı. İyunun 28-nə kimi "Nizami” Kino Mərkəzində gələn qonaqlara "Aktrisa”, "Hökmdarın taleyi”, "Çölçü”, "40-cı qapı” və digər milli filmlərimiz təqdim olunacaq. Filmlər ingilis subtitrləri vasitəsilə təqdim olunur.
Ümumilikdə isə hazırda "28 sinema”, "Park sinema”, "Nizami” Kino Mərkəzində, "Metropark sinema” və digərlərində "Üçüncü artıqdır”, "Barmen”, "Qaçaq düşmüş gözəlçələr”, "Cəsus”, "London Tətilləri” filmlərinə daha çox maraq var. Məhz konoteatrlarımızda bu filmlərin baxışı üstünlük təşkil edir.
Tamaşaçı marağı kinoteatrlara nə dərəcədədir? Bu suallarla bir çox tanınmış ziyalılara, kino sahəsi ilə maraqlanan insanlara üz tutduq.
Psixoloq Aida Namazovanın fikrincə, internetdən film və tamaşa izləmək yeniyetmələrdə sosial adaptasiya problemi yaradır. Real aləmdən bu şəkildə qopma insanların psixikasına mənfi təsiri ilə seçilir: "İnsanda şəxsiyyətin ikiləşməsi baş verir. Virtual aləmə qapanan insanlar real aləmdə özlərinə yer tapa bilmir. Bu bağlılıq insanlarda stress, depressiya kimi bir çox psixoloji problemlər yaradır. Çünki bu bağlılıq ətraf mühitə uyğunlaşmanın qarşısını alır”.
Psixoloq qeyd edir ki, bu kimi hallarla qarşılaşmamaq üçün filmləri və tamaşaları kinoteatrlarda izləmək məsləhətdir. Çünki insan bu kimi yerlərdə emosiyasını paylaşa bilir. Digərlərinin reaksiyasını görür. Bununla emosional balans tənzimlənir. Kinoteatra getməkdə məqsəd sadəcə film izləmək deyil, eyni zamanda mühit dəyişkənliyi və ünsiyyətin aktivləşməsidir. Virtual aləmə meyl edən insanlarda emosiyalar çox zəif olur. Film və tamaşanı geniş kütlə ilə birgə izləmək isə sosial adaptasiya probleminin aradan qalxmasına ciddi təsir edir. Aida Namazovanın sözlərinə görə, vaxt azlığı, məhdud zaman çərçivələri olduğu halda virtual aləmin təklif etdiyi perspektivlər xüsusilə aktuallaşır. Bu isə bilavasitə insanlar arasında ünsiyyətə ciddi təsir edir.
Psixoloq deyir ki, bu səbəbdən də evdə oturub heç kimlə ünsiyyət qurmadan film izləməyə indi daha çox üstünlük verilir. Yəni bu növ insanların təbirincə desək, onlar yalnızlıqdan daha çox zövq alırlar. Kütlə içərisində əhval-ruhiyyələrinin korlanmasından ehtiyat edirlər. Sosial ünsiyyətdən yayınırlar. Həkim bildirdi ki, əslində bu problemdən qurtuluş yolunu valideynlər və həmin insanların əhatəsi tapmalıdır. Çünki adaptasiya problemi aradan asan qalxmır. Səbir və istək tələb edir ki, buna insanın ətrafı kömək etməlidir. Eyni zamanda o, insanların sosial mühitdə incidilməsinə, əzilməsinə imkan verilməməlidir. Mümkün qədər ünsiyyətdən qaçan insanlar üçün müdafiə mexanizmi qurulmalıdır.
Rejissor Fuad Əlişov da son vaxtlar yerli filmlərə marağın yarandığını qeyd etdi: "Son 10 ildə kinoteatrlara gedənlərin sayı çox az idi. Amma son bir ildə bu marağın çoxaldığını hiss etmək olur. Xüsusilə də yerli filmlərə də maraq yaranıb. Başqa məsələdir ki, təqdim olunan filmlərin keyfiyyəti nə dərəcədədir. Amma nə qədər qüsurlar olsa da, əsas odur ki, bu sahədə dirçəliş hiss olunur. Zamanla yəqin bu problemlər də həllini tapacaq. Sərmayə çoxaldıqca, sifarişçilər də peşəkar rejissorlarla işləməyə üstünlük verəcəklər. Amma bu gün əsas odur ki, kinoteatrlara maraq yaranıb, yerli filmləri izləyənlərin sayı çoxalır. Bu gün Avropa Oyunları ilə bağlı Bakıya minlərlə turist gəlib. Yaxşı olar ki, milli filmlərimiz də subtitrlər vasitəsilə kinoteatrlarda nümayiş edilsin. Xüsusilə Qarabağla bağlı filmlərin təqdim olunması da məqsədəuyğundur”.
Məsələyə münasibət bildirən Xalq artisti, aktyor Ötkəm İsgəndərov açıqlamasında: "Ticarət obyektlərində kinoteatrlar var. Amma mən baş aça bilmirəm, bunlar nə etmək istəyirlər?! Azərbaycan kinolarına baxan tamaşaçı isə artıq doyub. Çünki, təzə elə bir şey yoxdur. Köhnə filmlərə baxıblar da, görüblər də... Həmin köhnə milli filmlərimiz televiziyalarda da tez-tez nümayiş olunur. "Nizami” Kinoteatrında həftədə bir dəfə Azərbaycan filmləri nümayiş olunur. Amma digərlərində yox. Buna da səbəb yəqin, tələbatın olmamasıdır. Həm bizim filmləri heç kim reklam etmir. Bəzi saytlarda hərdən nəsə yazılır. Bununla da iş bitməz” söylədi.
"Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev isə qeyd edir ki, "Müasir kinoteatrlarda xarici filmlərin verilməsinin bir neçə səbəbi var. Bunlardan birincisi odur ki, tamaşaçı həmin filmləri artıq tanıyır. Yəni, həmin xarici filmlər ölkəyə gəlmədən öncə reklam olunurlar. Müasir kinoteatrlarda əsasən sevimli, reytinqli Hollivud filmləri nümayiş olunur. Nümayiş olunmazdan öncə isə bütün televiziya kanallarında, müxtəlif jurnallarda, saytlarda reklam olunur. Bizim ölkəmizdə də belə bir təcrübəyə riayət olunur. Xarici film kinoteatrda nümayiş olunmazdan əvvəl onun piarı aparılır. Diqqət etsəniz, görərsiniz ki, elə yerli qəzetlərdə, jurnallarda da xarici aktyorlar və xarici filmlər haqqında daha çox informasiya gedir. Bu da həmin filmlərin reklamıdır. Deyərdim ki, bizim kinoteatrlar da həmin filmləri nümayiş etdirməkdə haqlıdırlar. Azərbaycan filmləri reklam olunmur deyə, tamaşaçının da xəbəri yoxdur ki, ölkədə hansı filmlər çəkilir. Azərbaycanda film reklamı ilə məşğul olan şirkət demək olar ki, yoxdur. Bu da öz növbəsində müxtəlif fəsadlar yaradır”.
"Sinemaluks” kinoteatrının direktoru Rəşid Əhmədov da son vaxtlar kinoteatra gələn izləyicilərin sayının çoxaldığını qeyd etdi: "Bizdə əvvəllər də kinoteatrlara getmək ənənəsi var idi. Sadəcə son illər bir qədər azalmışdı. Bunun da müxtəlif səbəbləri vardı. İndi şükür ki, yenidən o ənənə qayıdır. Səbəb isə müasir kino nümayişi anlayışının texniki cəhətdən təmin olunmamasında idi. Respublikada uzun müddət müasir tələblərə cavab verən yalnız bir Azərbaycan kinoteatrı fəaliyyət göstərirdi. Onun da cəmi 3 zalı var idi. Qaldı marağın artmasına səbəb, bu, böyük biznesin cəsarətlə və vaxtında bu sahəyə ayırdığı sərmayələrlə əlaqədardır. Qaldı yerli filmlərə olan maraqdan söhbət gedirsə, istənilən azacıq da olsa, keyfiyyətli yerli filmə marağı olan tamaşaçılarımız da var. İndi bu sahədə yenilik, dirçəliş də hiss olunur. Yarım ildə 10-dan bir qədər az yerli film çıxıb. Onların bəziləri böyük marağa səbəb olub və yaxşı kassası olub”.
Tahirə