Direktorlar valideynlərin səyi ilə seçilməlidir

Məktəbdə pozğunluq halları varsa, belə təhsil bizə lazım deyil




Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində cinayət işi açılıb. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb. Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov bu hadisəni cinsi istismar yox, cinayət hesab edir: "Çünki uşaqlar tədris müəssisələrində qorxu içərisində tərbiyə edilir. Bu fakt məktəblərdə özbaşınalığın son həddə çatdığını göstərir”.

Y.Bəkirovun sözlərinə görə, məktəblər alver yerlərinə çevrilib: "Həmişə deyirdik ki, məktəb müqəddəsdir. Ancaq indi əksinə, belə alver cinayətə və zorakılığa gətirib çıxarıb. Bu ondan irəli gəlir ki, sovet dövrünün pulsuz təhsili Azərbaycanda pullu olub. Ödənişli təhsildə məktəb rəhbərliklərinin və müəllimlərin özbaşınalıq etməsinə şərait yaradır. Yəni qeyri-qanuni fond, xadimə və digər adlar altında pul yığılır”.

Y.Bəkirov dövlət orta məktəblərinin bağlanmasını və özəl məktəblər açılmasını təklif edir: "Çünki orta məktəblərdə təhsil verilmir. Burada təhsil olmadığını hamı bilir. Pulun varsa, təhsil ala bilərsən. Ona görə ki, şagirdlər məktəbə qəbul olmaq üçün hazırlığa, repetitor yanına gedir. O zaman dövlət büdcəsindən təhsilə niyə bu qədər pul ayrılır? Bu təhsil müəssisələrində gələcək nəsil, insan resursları hazırlanmalıdır. Əgər burada şagirdlərdən pul alınırsa, onlar zorlanırsa, bizə belə təhsil lazım deyil. Kimin şəxsi imkanı varsa, özəl məktəb açsın, orada övladları təhsil alsın”.

Məktəb direktorlarının valideynlər tərəfindən seçilməsini məqsədəuyğun sayan təhsil eksperti Nabatəli Qulamoğlu da bu gün orta məktəblərdə müxtəlif qanunsuzluqların olduğunu vurğulayıb: "Məsələ ilə bağlı hüquq-mühafizə orqanları ciddi araşdırma aparmalı və onların gəldiyi nəticələrə bir ekspert kimi biz də istinad etməliyik. Amma bu, meydanda yoxdu. Biz çalışmalıyıq ki, belə halların nədən qaynaqlandığını aşkarlayaq və bu səbəbləri aradan qaldıraq. Tutaq ki, həmin müəllimə cəza verdilər və ona həbs kəsdilər.   

Lakin əsas məsələ bundan ibarət deyil. Hesab edirəm ki, belə halları köklü şəkildə həll etmək üçün məktəb direktorlarının özbaşınalıqlarına son qoymaq lazımdır. Bu gün bizim məktəblərdə direktorlar qanunsuzluq və cinayət edə bilir, müəllimdən dərsi gizlədir, dərsi təhsil şöbəsinin işbazları ilə bir yerdə bölür və onlarla bir yerdə yeyinti apara bilirlər. Bütün bu məsələlərə isə heç bir müəllim müdaxilə edə bilmir. Halbuki məktəb ali savadlı müəllimlərlə doludur. Lakin onlar başa düşürlər ki, direktorlara qarşı hər hansı bir məsələni qaldırsalar, çətinlik çəkəcəklər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, ilk növbədə belə hallar aradan götürülməlidir. 

Elə etmək lazımdır ki, direktorlar ictimaiyyətin və pedaqoji fəaliyyətin, valideynlərin səyi ilə seçilsin. Təəssüf ki, bunlar bir xülyadır. Düşünürəm ki, əgər doğrudan da direktor şagirdi ilə cinsi əlaqədə olubsa, bunu məktəbdə bilməmiş olmazlar. Buna baxmayaraq heç kim qorxusundan səsini çıxartmayıb. Bilirlər ki, direktor bütün idarəçiliyi öz üzərinə alıb. Gələcəkdə belə halların təkrarlanmaması üçün direktorların hakimiyyətçilik ideyasına son qoymaq lazımdır”.

İcra orqanları nazirliyin kadr siyasətinə müdaxilə edir

"Orta məktəblərdə baş verən xoşagəlməz hallar bunların gələcəkdə təkrarlanmasına zəmin yaradır”. Bunu isə "Sherg.az”a Xaçmazın Arzu kəndindəki orta məktəbdə yaşanan xoşagəlməz hadisə ilə bağlı danışarkən Azad Müəllimlər Birliyin sədri, təhsil ekjsperti Məlahət Mürşüdlü deyib. O bildirib ki, mənəviyyatı kasad, əxlaqi keyfiyyəti aşağı olan insanların məktəblərə rəhbərlik etməsinə şərait yaradılmamalıdır: 

"Fakt özünü doğruldursa, elə direktorlar məktəbdən uzaqlaşdırılmalıdır. Onların tək rəhbər vəzifəsi deyil, müəllimlik hüququ da əlindən alınmalıdır. Xüsusilə, kənd məktəbində, hər kəsin bir-birini tanıdığı mühitdə belə hadisənin baş verməsi direktorun əxlaqi-mənəvi cəhətdən sağlam olmamasından, daşıdığı vəzifənin məsuliyyətini bilməməsindən xəbər verir”. Son günlər məktəb direktorları ilə bağlı xoşagəlməz halların, şikayətlərin artdığını vurğulayan M.Mürşüdlü diqqətə çatdırıb ki, məktəb direktorlarını təyin edərkən xüsusi tələblər qoyulmalıdır: 

"Son 3 ildir ki, müəllimlərin işə qəbulu elektron qaydada həyata keçirilir. Məktəb direktorları üçün də təlimlər təşkil edilib. Bununla məktəb rəhbəri olmaq istəyənlər təlimlərdən, elmi nəzəri biliklərin qiymətləndirilməsi və müsahibədən keçdikdən sonra direktor ola bilərlər. Məktəb direktorunun təyinatı yalnız Təhsil Nazirliyinin ixtiyarında olan məsələ deyil. Yerli icra hakimiyyətləri mütləq bu prosesə əl qoyur. Azad Müəllimlər Birliyində məlumat daxil olub ki, nazirliyin müsabiqələrindən yüksək nəticə əldə etmiş 2-3 nəfər rayon icra hakimiyyətinin razılığı olmadan direktor təyin edilir. 

Nəticədə bir neçə aydan sonra direktoru elə hala salırlar ki, təyinat alan o şəxs işdən ayrılmağa məcbur olur. Təəssüf ki, "Təhsil haqqında qanun”da bu məsələ ayırd edilməyib. Buna görə, yerli icra hakimiyyətləri işə müdaxilə edir. Əslində isə icralar sadəcə məktəblərin kommunal təsərrüfatlarına yardım etməlidir. Kadr təyinatları isə Təhsil Nazirliyinin tabeliyində olmalıdır”.

Şəymən