Diş həkimi “avtoşluq” etdi, saxlandı

Ərşad Hüseynov: “Ən səliqəli sürücülər həkimlərdir, hadisə məni təəssüfləndirdi”
Bakıda avtoxuliqanlıq edən diş həkimi saxlanılıb. Hazırda həmin şəxs Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindədir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov aftosfer.az-a bildirib ki, Pirallahı rayonu ərazisində yol polisləri dövlət qeydiyyat nişanı olmadan "Mersedes” markalı avtomobili idarə edən Əliyev Əliyoldaş Kamil oğluna "saxla” işarəsi verib. Amma sürücü polislərin bu əmrinə riayət etmədən avtoxuliqanlıq hərəkətləri edib və qaçmağa nail olub.
Sonradan Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları Ə.Əliyevi idarə etdiyi avtomobillə birgə saxlayıb. Ə.Əliyev məhkəmənin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinib, ona 30 gün inzibati həbs verilib. Əliyoldaş Əliyevin Bakının Nizami rayonunda stomotoloji klinikada işlədiyi məlum olub.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, diş həkimi həqiqətən qanun pozuntusuna yol veribsə, İnzibati Xətalar Məcəlləsinə əsasən həbs oluna bilər: "Qanun qarşısında hamı bərabərdir. Kiməsə peşəsinə görə güzəşt edilmir və edilməməlidir. Belə adamlar qanuna müvafiq olaraq həbsdə 15 gündən 30 günədək saxlanılır. Çünki İXM-nin 296t1.1 maddəsinə əsasən ya 500 manatdan 750 manatadək cərimə edilir. Və yaxud 15 gündən başlayaraq 30 günə qədər həbs olunur. Həmçinin hər iki halda əgər sürücülük vəsiqəsi varsa, bir il müddətinə sürücülük hüququndan məhrum edilir”.
Ə.Hüseynovun fikrincə, Azərbaycanda ən səliqəli sürücülər həkimlərdir: "Bu baxımdan həkimin belə əməl törətməsi məni təəssüfləndirir”.
Vüqar Şahinoğlu