İstilərin başlaması ilə insanlarda iş qabiliyyəti aşağı düşür, səhhəti ilə bağlı problemlər artır, yorğunluq, halsızlıq özünü göstərməyə başlayır. Mütəxəssislərin fikrincə, bu, əksər vaxt insanlar isti havada düzgün davranış qaydalarını bilmədiyi, düzgün qidalanmadığı, az maye qəbul etdiyi, spirtli içki və siqaret kimi zərərli vərdişlərə meyl etdiyi üçün baş verir.
Sherg.az-a istidən düzgün qorunma qaydalarını izah edən tibb elmləri doktoru Adil Qeybulla ilk olaraq birbaşa günəş şüaları altında uzun müddət qalmamağı tövsiyə edib. O bildirib ki, açıq havada çox qalmaq yayda ən çox rastlaşdığımız günvurmaya gətirib çıxara bilər:
"Daha çox günorta saat 12:00 və 16:00 aralığında günəş şüaları altında qalmaq məqsədəuyğun deyil. Həmçinin həddən artıq isti yerdə, hava dəyişdirən cihazlar olmayan hissələrdə qalanda istivurma hadisəsi baş verir. Həm günvurma, həm də istivurmada oxşar məqamlar budur ki, xəstədə təzyiq düşür, soyuq tər basır, halsızlaşma, hətta huşsuz vəziyyətə çatma ilə müşahidə olunur.

İlk yardım zamanı zərərverici amilin orqanizmə sonrakı təsirini aradan qaldırmaq lazımdır. Yəni günvuran şəxsi dərhal həmin zonadan uzaqlaşdırmaq lazımdır. Sərin, havalı, günəş şüasının düşmədiyi bir yerə aparılmalıdır. Artıq bundan sonra temperaturun aşağı düşməsi üçün başa yaş dəsmal qoyulmalı, xəstəyə su verilməli, müəyyən tədbirlər görülməlidir. İlkin yardımı göstərdikdən sonra həkim çağırmağınız məsləhətdir.
İlkin yardımın əsas məqsədi temperaturun sonrakı təsirlərinin aradan qaldırılması və bədənin istiliyinə nəzarətin normaya salınmasıdır. Çünki istilik tənzimlənməsi mexanizmi ətraf temperatura uyğunlaşma, damarların daralması, yaxud genəlməsi ilə bu reaksiyalar baş verir. Xüsusilə, uzun müddət bu davam etdikdə orqanizmin imkanları tükənir, damarlar yorulur və nəticədə prosesi təmin edə bilmir.
İstiliyin orqanizmdə müəyyən həddən artıq olması bioloji və biokimyəvi prosesləri pozur. Zülalların mübadiləsi, qanın qatılaşması baş verir. Nəticədə toxumalar nəfəs ala bilmir və ölümə gətirib çıxarır. Ona görə də günvurma və istivurma hallarına ciddi yanaşmaq lazımdır. Belə narahatlıq hiss olunduqda ətrafdakı insanlar dərhal kömək etməlidir”.
Aysel Aslan