Tramp FES-ə göstəriş verə bilməz
"ABŞ dolları həddən artıq güclənməkdədir və bu proses nəticə etibarilə iqtisadiyyatımıza ciddi zərər verə bilər”. Bunu ABŞ Prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, Federal Ehtiyat Sistemi (FES) tərəfindən uçot dərəcəsinin endirilməsi məqbuldur: "Hesab edirəm ki, dollar həddən artıq güclənməkdədir.
Burada mənim günahım da var, çünki insanlar mənə etimad göstərir. Lakin bir şeyi bilməliyik ki, bu proses iqtisadiyyatımıza ciddi zərər verir. Güclü dollarla rəqabət aparmaq çox çətindir. Çünki başqa ölkələr öz valyutalarını devalvasiyaya uğradır”. FES rəhbəri Canet Yellenin fəaliyyətinə toxunan Tramp bildirib ki, ona dərin hörmət bəsləyir:
"Onun səlahiyyət müddəti 2018-ci ilin əvvəlində başa çatır, lakin bu, onun sonu deyil”. Xatırladaq ki, Tramp seçkiqabağı kampaniya çərçivəsində FES rəhbərinin fəaliyyətini ciddi tənqid edir, onun bilərəkdən uçot dərəcələrini aşağı səviyyədə saxladığını deyirdi. Trampın açıqlamaları dolları ucuzlaşdırıb, eyni zamanda ABŞ səhmlərinin və dövlət istiqrazlarının gəlirliliyinə mənfi təsir edib.
Ağ Ev rəhbərinin açıqlaması ilə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Tramp seçki ərəfəsində uçot dərəcəsinin artırılmasını istəyirdi. Halbuki bu istək dolların güclənməsi anlamına gəlirdi:
"İlk dəfədir ki, ABŞ Prezidenti maliyyə siyasətinə bu cür müdaxilələr edir. Ancaq onun müdaxiləsi birjalar tərəfindən heç də normal qarşılanmır. Çünki Amerikada qanunlar çərçivəsində bölünən güclü təsir mexanizmləri var. Trampın isə birbaşa birjaya təsir etmək imkanları yoxdur. FES müstəqil qurumdur və onun verdiyi qərarlar dolların məzənnəsinə təsir göstərir. Təbii ki, ABŞ kimi böyük bir dövlət başçısının belə açıqlaması birjalara psixoloji təsir göstərir və dolların azacıq da olsa ucuzlaşmasına səbəb olur. Ciddi dəyişikliyin baş verməməsi isə göstərir ki, Trampın sözləri bazarlara real təsir edə bilmir”. Ekspertin sözlərinə görə, Prezident ən yaxşı halda Konqresə müraciət edərək vergilərin endirilməsi və bir sıra qanun təklifləri ilə bağlı göstərişlər verə bilər. Ancaq birbaşa FES-ə göstəriş verə bilməz. Çox güman ki, FES iki dəfə uçot dərəcəsini artıracaq. Bu da dolların yenidən bahalaşmasına səbəb olacaq”.
İqtisadçı bildirib ki, dolların bahalaşması Amerikanın ixrac mallarının rəqabətlilik qabiliyyətinə təsir göstərir:
"Amma unutmaq olmaz ki, ABŞ iqtisadiyyatı spesifik xarakter daşıyır. Onların istehsal etdiyi məhsulların əksəriyyəti yüksək keyfiyyəti ilə özünə müştəri tapır. Məsələn, ABŞ-ın istehsalı olan "Boing” təyyarəsi və "Microsoft”un, "Apple” məhsulları qiymətindən asılı olmayaraq dünyanın hər yerində istənilən iqtisadi şəraitdə satılır”.
İsmayıl