"Dollar zəifləyir, amma qiymətlər aşağı düşmür" - Süni artım




"Süni qiymət artımına qarşı mübarizənin gücləndirilməsi hər zaman prioritet məsələlərdən biridir”.

Bunu Sherg.az-a süni qiymət artımına qarşı dövlət səviyyəsində mübarizə tədbirlərindən danışarkən iqtisadçı, ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, süni qiymət artımına qarşı mübarizə özünü qiymətlərin optimallaşdırılmasında və tənzimlənməsində göstərməlidir:

"Nəzərə alsaq ki, manatın dollara qarşı məzənnəsi fevral, mart aylarında nisbətən möhkəmlənib. Təəssüf ki, hələlik bu, ciddi şəkildə özünü göstərmir. Bu ondan xəbər verir ki, bir tərəfdən manat möhkəmlənir, dollar zəifləyir, amma qiymətlər aşağı düşmür. Halbuki dolların məzənnəsi yüksələn zaman biz qiymətlərdə kəskin artım müşahidə edirdik. Bir tərəfdən bu, ondan xəbər verir ki, süni qiymət formalaşdırılır. Sahibkarlar süni gəlir əldə etməyə çalışır. Monitorinqlərin davam etdirilməsinə ehtiyac var. 

Monitorinqlərin nəticəsində qiymətlərin süni şəkildə qaldırılması aşkarlanıb. Qarşısı alına bilər. Süni qiymət artımına qarşı mübarizədə vacib məqamlardan biri də bazarda rəqabətin güclənməsidir. Nəticə etibarilə qiymətin liberallaşmasına, stabilləşməsinə mübarizənin güclənməsinə gətirib çıxara bilər. Süni qiymət artımına qarşı mübarizədə həm inzibati metodlar, həm də təşfiqedici, bazarın liberallaşdırılması üçün metodlardan istifadə edilməlidir ki, süni qiymət artımına qarşı mübarizəni həyata keçirib, sahibkarların əsaslandırılmamış, bazar qaydalarına uyğun olmayan şəkildə qiymət artırmasına qarşı mübarizə aparmaq olar”.

Ayyət Əhməd