Dolların bahalaşması davam edə bilər

Rəşad Həsənov: “FEF-nin qərarından asılı olaraq, ola bilsin ki, Mərkəzi Bank addımlar atmaq məcburiyyətində qalsın”
Nazim Məmmədov: “Hökumət üzvləri, Mərkəzi Bank rəhbərliyi ictimaiyyəti sakitləşdirmək üçün mətbuata çıxmalıdır”


"Dekabr ayında 1 dollar 1.40-1.50 manata kimi bahalaşacaq”. Bu barədə iqtisadçı-ekspert Rəşad Həsənov bildirib. Onun sözlərinə görə, dolların dünya bazarlarında bahalaşmasının əsas səbəbi Federal Ehtiyat Fondunun (FEF) uçot dərəcələrinin artırılma ehtimalından irəli gəlir:

"Əvvəlki dövrlərdə, xüsusi ilə sentyabr toplantısından sonra dünya bazarlarında, o cümlədən maliyyə mərkəzlərində belə bir fikir formalaşdı ki, FEF böyük ehtimalla 2015-ci ildə uçot dərəcəsini artırmayacaq. Bunun qarşılığında dolların sürətli ucuzlaşması müşahidə edildi. Bu proses oktyabr ayına kimi davam etdi. Noyabrın əvvəlində isə ABŞ iqtisadiyyatı ilə bağlı açıqlamalar göstərdi ki, bir çox sahələrdə artımlar müşahidə olunub. Sözügedən fondun açıqlamasından da məlum oldu ki, əgər proseslər bu istiqamətdə davam edərsə, dekabr toplantısında böyük ehtimalla uçot dərəcələrinin artırılması ilə bağlı qərar verilə bilər”. Ekspert hesab edir ki, bütün bunlar təbii ki, Azərbaycana da öz təsirini göstərir: "Dekabrın 18-nə kimi dolların qalxması daha böyük sürətlə davam edəcək. Ondan sonra FEF-nin qərarından asılı olaraq, ola bilsin ki, Mərkəzi Bank addımlar atmaq məcburiyyətində qalsın. Fond uçot dərəcəsini artıracaqsa, bir çox maliyyə qurumları, o cümlədən dolların bahalaşması davam edə bilər”. R.Həsənovun qənaətincə, neftin qiymətində də bahalaşma müşahidə edilməzsə, o zaman böyük ehtimalla Mərkəzi Bank 2016-cı ilin əvvəlində sərt qərarlar verə bilər: "Manatın məzənnə siyasəti tətbiq olunarsa, bu zaman ilkin dövrlərdə 1 dollar 1.40, 1 50-yə kimi bahalaşacaq. Sonrakı dövrlərdə isə 1.35 arasında stabilləşə bilər”.

Həmkarının iddiasını şərh edən iqtisadçı-ekspert Nazim Məmmədov "Şərq”ə açıqlamasında bunu şayiə adlandırıb: "Dövlət statistika və gömrük komitəsinin açıqladığı ixrac və idxal əməliyyatlarında, yəni ölkədən çıxan valyuta ilə ölkəyə daxil olan valyutanın nisbətidir. Ölkəyə daha çox valyuta daxil olur. Neftin qiyməti aşağı olsa da, ölkədən çıxan valyuta azdır. Ona görə də, manatın ucuzlaşmasının iqtisadi əsaslarını görmürəm. Bazar iqtisadiyyatı şəraitində, ölkənin səviyyə balansı nisbətdirsə, əksinə, milli valyutanın möhkəmlənməsi prosesi getməlidir”.

Ekspert bəyan edib ki, son hadisələr - müxtəlif nazirlərin işdən azad olunması, məmurların həbsi və korrupsiya hallarının aşkarlanması bazara mənfi təsir göstərir: "Ola bilər ki, bəzi korrupsioner məmurlar öz əməllərini gizlətmək məqsədilə ölkədən valyuta çıxarmağa cəhd göstərsinlər. Belə halda milli valyuta 30 faizə qədər ucuzlaşa bilər”.

Eyni zamanda iqtisadçı-ekspert hökumətə tövsiyə edib ki, həm iqtisadi, həm də kadrlar siyasətini daha aşkarlıqla aparsın: "Hökumət üzvləri, Mərkəzi Bank rəhbərliyi ictimaiyyəti sakitləşdirmək üçün mətbuata çıxmalıdır. Hökumətin apardığı iqtisadi siyasətinə dair məlumatlar verməlidir. İnsanları ajiotaja salan bir növ hökumət strukturlarının susqunluğudur. Bu, əsas faktorlardan biridir. Bu səbəbdən belə şayiələr dolaşır. Hökumət üzvləri mətbuata çıxıb, məlumat verməlidirlər ki, iqtisadçılar normal proqnozlar versinlər”.

Ayyət Əhməd