Dövlət bağçalarının pullu olması ciddi narazılıq yaradacaq

Nadir İsrafilov: “Əhalinin vəziyyətinin necə olacağını fikirləşən yoxdur”



2017-ci ildən etibarən məktəbəqədər təhsil müəssisələrinin ödənişli olması və Bakı qeydiyyatı olmayan uşaqların bağçalara cəlb edilməyəcəyi ictimaiyyətdə dərin müzakirələrə səbəb olub. Həmçinin ödənişli uşaq bağçalarında vəsaitin maksimum həddinin müəyyənləşdirilməsi də təklif olunur.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli uşaq bağçalarında ödənilən vəsaitin maksimum həddinin 500 manat olmasını təklif edib: "Amma bu bizim düşündüyümüz variantdır. Bununla bağlı başqa uyğun təklif olarsa, o təklifi də dəyərləndirə bilərik”.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva isə növbəti tədris ilində məktəbəhazırlıq qruplarının gələcəkdə ödənişli olması fikirlərinin tamamilə yanlış olduğunu deyib. İdarə müdiri qruplara yalnız Bakı qeydiyyatı deyil, eyni zamanda paytaxtda qeydiyyatda olmayan şəxslərin övladlarının cəlb olunacağını da diqqətə çatdırıb: "Düşünürəm ki, bu, gələcəkdə problem yaradacaq. Amma hələlik bu il üçün problemin öhdəsindən gəlmişik. 260 məktəbdə təxminən 900-ə yaxın məktəbəhazırlıq qrupları yaradılıb”.

Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov bağçaların ödənişli olmasının düzgün bir hal olmadığını bildirib. Onun dediklərinə görə, uşaq bağçaları valideynlərin çox hissəsinin işləyə bilməsində mühüm rol oynayır: "Ümumiyyətlə, dövlət bağçalarının pullu olması nə dərəcədə ağlabatandır, bunu təsəvvür edə bilmirəm. Çünki hazırda əhalinin gəlirinin aşağı olduğu bir dövrdə bağçaların pullu olması nəyə gətirib çıxara bilər? Bağçalar əslində məktəbəqədər hazırlığı həyata keçirirlər. Digər tərəfdən, bu, valideynlərin işləməsinə şərait yaradır. Hazırda dayə adlı bir anlayış var. Lakin hər adam dayə saxlamaq imkanına malik deyil. Hesab edirəm ki, bu məsələ qəti etirazlara səbəb olacaq. Bu artıq Milli Məclisdə birinci təklif deyil. Bir müddət əvvəl 1 həftə dərsə getməyən uşaqların valideynlərinin 100 manat cərimə olunması haqqında məsələ müzakirə olundu. Bu istər ictimaiyyət tərəfindən, istərsə də Milli Məclisin özündə bir çox deputatlar tərəfindən qəti etirazla qarşılandı. Amma bu etirazlara baxmayaraq qərar qəbul edildi və qısa müddət ərzində də ləğv olundu. Digər tərəfdən "Magistrların hərbi xidmətdən azad olması haqqında” qanun layihəsi hazırlanmışdı. Amma buna qarşı böyük bir ictimai fikir yarandı. Bundan sonra Prezidentin təklifi ilə həmin qanun qəbul edildi. Magistrlara hərbi xidmətdən azad olmaq hüququ verildi. Milli Məclisin "İctimai İştirakçılıq haqqında” qəbul etdiyi qanun da var. Bu qanuna əsasən ictimaiyyətin rəyi nəzərə alınmalıdır. Çox təəssüf ki, Milli Məclisdə qanunlar qəbul olunsa da, özləri buna əməl eləmirlər. Düşünürəm ki, bağçaların ödənişli olması Azərbaycan reallığına uyğun gələn məsələ deyil. İndiki vəziyyətdə əksər valideynlərin özəl bağçalara imkanı olmadığı üçün, onların son ümid yeri dövlət bağçalarıdır. Dövlət bağçalarının da pullu olmasından sonra əhalinin vəziyyətinin necə olacağını fikirləşən yoxdur. Məktəbəqədər təhsil müəssisələrinin hər birinin ödənişli olması haqqında qərar çıxsa, bu, birmənalı qarşılanmayacaq və müəyyən mübahisə obyektinə çevriləcək”.

Yeganə Bayramova