Dövlət büdcəsinə yenidən baxılması vacib idi

“Büdcənin gəlir hissəsindəki artımlar birbaşa qeyri-neft sektorundan əldə edilən vəsaitlər hesabına formalaşmalıdır”Çünki neftin qiyməti tez-tez dəyişir, gəlirlərimizə təsir edir
Milli Məclisin qərarı ilə 2017-ci ilin dövlət büdcəsinə bir sıra dəyişikliklər edilib. Dövlət büdcəsinin gəlirləri 511 milyon manat, xərcləri isə 1 milyard 41 milyon manat artırılıb.
Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1041,0 mln. manat artırılaraq 17941,0 mln. manata çatdırılması nəzərdə tutulub ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2 faiz çox olacaq. Artımlardan sonra dövlət büdcəsinin xərcləri cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 26,9 faizə bərabər olacaq ki, bu da təsdiq olunmuş göstəricidən 1,5 faiz bənd çox deməkdir.
Büdcəyə edilən dəyişiklikləri dəyərləndirən iqtisadçı-ekspert Pərviz Heydərov sözügedən dəyişikliklərin neftlə əlaqədar olmadığının əvvəlcədən proqnozlaşdırıldığını deyib.
Hər il dövlət büdcəsinə ilin ortasında yenidən baxıldığını xatırladan iqtisadçının sözlərinə görə, bu, əksər hallarda neftin qiymətinin yüksək olması üzündən irəli gəlmiş və bilavasitə, Dövlət Neft Fondundan (SOFAZ) nəzərdə tutulan müvafiq transfert məbləğinin artırılması ilə müşahidə edilib: 
"Keçən il isə büdcəyə ilk dəfə ilin 2-ci ayında - fevralda baxıldı. Belə ki, ölkədə əvvəlki ildə məlum devalvasiyalarla bağlı yaranmış çətin iqtisadi situasiya ilə əlaqədar, sosial istiqamətdə bir sıra artımlara getmək məcburiyyəti yarandı ki, bu məsələ SOFAZ-dan əlavə olaraq 2 milyard manat da cəlb etməklə yoluna qoyuldu. Amma keçən il fevralda dövlət büdcəsinə yenidən baxılarkən neftin fiksə olunan qiyməti də aşağı, yəni 25 dollara salındı. Bu da il ərzində xarici təzyiqlərdən sığortalanmağa imkan yaratdı. Budəfəki dəyişikliklərdə isə gözlənildiyi kimi neftin qiymətinə toxunulmadı”.
Cari ilin dövlət büdcəsinə edilməsi nəzərdə tutulan dəyişikliklərin bir nömrəli səbəbinin məhz ölkənin bank sektorundakı mövcud situasiya və bilavasitə ABB ilə bağlı xaricə olan öhdəliklər ilə bağlı məsələ olduğunu deyən ekspert qeyd edib ki, elə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində də deyilir: bank-maliyyə sistemində dayanıqlılıq yaratmaq, ölkənin xarici və daxili borc öhdəliklərini tənzimləmək və digər zəruri dövlət vəzifələrini icra etmək məqsədilə 2017-ci ilin dövlət və icmal büdcələrinin xərclərinə yenidən baxılması zərurəti yaranıb.
Məlum olduğu kimi, yenidən baxılma nəticəsində ABB-ni sağlamlaşdırma tədbirləri çərçivəsində onun xaricilərə olan 2 383,4 milyon ABŞ dolları məbləğində dövlətin üzərinə keçmiş borcunu ödəmək məqsədilə avrobondlar emissiyası üçün xarici dövlət borclanmasının yuxarı həddi 500 milyondan 4 milyard manat artırılaraq 4,5 milyarda çatdırılıb: "2017-ci ilin dövlət büdcəsi üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard, xarici dövlət borclanmasının yuxarı həddisə 500 milyon manat təsdiqlənmişdi. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddisə 10 milyard manat təsdiq olunmuşdu.
Dövlət büdcəsinə dəyişikliklər nəticəsində həmçinin, lisenziyası ləğv edilmiş banklarda əmanətçilərin qorunan əmanətlərini 100 faiz ödəmək üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən cəlb edilmiş kreditlərin bağlanması məqsədilə Fondun nizamnamə kapitalı 546 milyon manat məbləğində artırıldı. Söhbət, lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin əmanətlərinin ödənişindən gedir”.
Cari ilin dövlət büdcəsinə dəyişikliklərin başqa səbəbləri də olduğunu vurğulayan P.Heydərovun sözlərinə görə, yenidən baxılan dövlət büdcəsində sosialyönümlü xərc bölmələrinə aid elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün əlavə vəsait yönəltmək nəzərdə tutulub.
İqtisadçı-alim Vüqar Bayramov isə 2017-ci ilin dövlət büdcəsinin xərc hissəsinə edilən dəyişiklikləri məqbul hesab edir. Onun sözlərinə görə, büdcənin xərc hissəsinə edilən dəyişikliklərdə Əmanətlərin Sığortalanması Fonduna təxminən yarım milyarda qədər vəsait, eyni zamanda sosial evlərlə bağlı 50 milyon manat vəsaitin ayrılmasına ehtiyac vardı: 
"Nəzərə alsaq ki, bu gün fəaliyyətini yerinə yetirə bilməyən banklar çoxdur. Buna görə də vacibdir ki, Əmanətlərin Sığortalanması Fondunun aktivləri artırılsın. Əgər yaxın dövrdə hansısa bank müflis olarsa, o zaman bankdakı sığortalanan əmanətləri geri qaytarmaq mümkün olsun”.
Ekspertin sözlərinə görə, növbəti dövrlərdə büdcənin gəlirlər hissəsində artımlar daha çox qeyri-neft sektorunun hesabına formalaşdırılmalıdır: "Çünki getdikcə neft əvvəlki əhəmiyyətini itirir. Azərbaycan neft ölkəsidir. Neftin dünya bazarındakı qiyməti Azərbaycan üçün kifayət qədər əhəmiyyətlidir. Amma son proseslər, xüsusən də OPEC daxilində baş verən gərginlik, neft ehtiyatlarının dünya bazarında artması göstərdi ki, neftin əhəmiyyəti Azərbaycan üçün ön plandadır. Bunun müqabilində neftə olan tələbin azalması ondan xəbər verir ki, növbəti illərin büdcəsində qeyri-neft sektorunun payının artırılması prioritet olmalıdır. 
Çünki neftin qiyməti stabil və dayanıqlı deyil. Əgər 2017-ci ilin ikinci yarısında neftin dünya bazarında qiyməti 40 dollardan az götürülsə, bu, büdcəyə  roqnozlaşdırıldığından da az vəsaitlərin daxil olmasına gətirib çıxarda bilərdi. Büdcənin gəlir hissəsindəki artımlar birbaşa qeyri-neft sektorundan əldə edilən vəsaitlər hesabına formalaşmalıdır”.
Şəymən