Dövlət medianın inkişafında maraqlıdır
Prezident tərəfindən imzalanan sərəncamlar jurnalistlər tərəfindən rəğbətlə qarşılanır
Müstəqil mətbuatımızın formalaşmasında və inkişafında Prezident İlham Əliyevin müstəsna və əvəzsiz xidmətləri var. Dövlət başçısı heç bir zaman mediadan maddi və mənəvi dəstəyini əsirgəməyib. Ölkə rəhbərinin 2008-ci il tarixli sərəncamı ilə "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu ildə KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianın inkişafı, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar kimi dəyərləndirilir.
Bu gün ölkədə kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Şübhəsiz ki, son illər mətbuatın qarşısında duran əsas məsələlərdən biri də jurnalistlərin maddi imkanları və yaşayış şəraitinin yaxşılaşdırılması sayılırdı. İctimai həyatın digər sahələrində olduğu kimi, Prezident İlham Əliyev media mənsublarına da xüsusi həssaslıqla yanaşdı. İstər televiziya, istərsə də çap mətbuatında fəaliyyət göstərən jurnalistlərlə bağlı bir sıra mühüm sərəncamlar imzaladı. 2013-cü ildə ölkə jurnalistlərindən 156 nəfərə, bu günlərdə isə daha 255 nəfərə mənzil hədiyyə edilməsi dövlət başçısının mətbuat nümayəndələrinə verdiyi yüksək dəyərin növbəti təzahürüdür. İyulun 20-də jurnalistlərə mənzillərin təqdim olunması mərasimində çıxış edən Prezidentin açıqlamaları bütün media təmsilçiləri tərəfindən məmnunluqla qarşılandı. Jurnalistlər etiraf edirlər ki, mənzillərin paylanmasında ədalətlilik prinsipi qorundu, bu da ölkədə düzgün və vicdanlı media siyasətinin həyata keçirildiyini göstərir. Jurnalistlər üçün növbəti 3-cü binanın tikiləcəyi anonsunu verən Prezident yeni binanın təməlini qoydu və binanın ən uzağı 3 ilə tikilib təhvil verilməsi məqsədilə 5 milyon manat vəsait ayırdı. Beləliklə, humanist və hər kəsin Prezidenti olduğunu bir daha təsdiqləyən ölkə rəhbəri Azərbaycan mətbuatına olan hörmətini növbəti dəfə bəyan etdi. Buna paralel olaraq dövlət başçısı respublikada nəşr olunan qəzetlər üçün 1 milyon manat vəsaitin ayrılması haqqında sərəncam imzaladı.
Dünyanın heç bir ölkəsində mətbuat nümayəndələrinə Azərbaycanda olduğu qədər yardım göstərilmir, dəstək verilmir. Ölkə başçısının humanistliyi bəzi vəfat etmiş jurnalistlərin ailələrinə mənzillərin verilməsi nümunəsində də özünü təsdiq etdi. Bu isə o deməkdir ki, artıq jurnalistikanı özünə peşə seçən hər bir vətəndaş onun arxasında Azərbaycan dövlətinin, onun Prezidentinin dayandığını görür, bu da insanları dövlət başçısı ətrafında daha sıx birləşdirir. Media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan sərəncamlar təbii olaraq media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Heç şübhə yoxdur ki, bu xeyirxahlıq əməli təkcə 255 nəfəri yox, bir o qədər ailəni, yüzlərlə dostu-tanışı, bütün media əhlini sevindirdi. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov dövlət başçısının bu nəcib, humanist addımını yüksək qiymətləndirərək yüzlərlə jurnalist ailəsinə mənzil sevinci bəxş etdiyi üçün media ictimaiyyəti adından Prezidentə dərin təşəkkürünü bəyan etdi. Əlbəttə, hər bir vətəndaş üçün Prezidentin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz. Bu baxımdan mənzillə təmin olunan jurnalistlərin də sevinclərinin həddi-hüdudu yoxdur. Bunu daha çox onların "Facebook” səhifələrindəki paylaşımlarından hiss etmək mümkündür.
"Milli.az” internet portalının baş redaktoru Anar İmanov: "Kütləvi İnformasiya Vasitələrinə verilən dəstəyə görə, jurnalistikanın inkişafına yönələn addımlara görə, fəaliyyətimə verilən qiymətə görə, Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə təşəkkürümü bildirirəm!
Bu işdə əməyi keçən hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Mənzil alan bütün jurnalist dostlarımı, həmkarlarımı, iş yoldaşlarımı təbrik edirəm. Sağlıqla yaşayın. Yeni evləriniz xeyirli olsun. Millətimizə, dövlətimizə, ailələrinə yeni evləri xeyir-bərəkət gətirsin. Ev arzusunda olan digər həmkarlarıma da növbəti binadan ev arzulayıram”.
APA-nın redaktoru Gülşən Hacıyeva: "Böyük qürur hissi keçirtdim. Bu hissi mənə yaşadan cənab Prezidentə təşəkkür edirəm! Aparılan obyektiv və ədalətli seçim üçün zəhmət çəkən hər kəsə sonsuz təşəkkürlər! Ev alan bütün həmkarlarımızı təbrik edirəm. Təşəkkürlər, cənab Prezident!”
"Vətəninfo.az” informasiya agentliyinin baş redaktoru Nahid Canbaxışlı: "Jurnalistlər üçün tikilən ikinci yaşayış binasından ev alan jurnalistlərin siyahısında mənim də adım var. Cənab Prezidentimizə şəxsən öz adımdan, ev alan jurnalistlərimizin adından dərin təşəkkürümü bildirirəm. Bir daha əmin oldum ki, Prezidentimiz biz yazarlardan, qələm əhlindən diqqət və qayğısını əsirgəmir, daim jurnalistlərin sosial qayğıları, yaşayışı ilə yaxından maraqlanır. Bəli, biz jurnalistlər hörmətli Prezidentimiz İlham Əliyevin maddi-mənəvi dəstəyini üzərimizdə hiss edirik. Elə bunun nəticəsidir ki, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi sayəsində ilk dəfə olaraq ölkəmizdə 2012-ci ildə məhz jurnalistlərin sosial-məişət qayğılarının yaxşılaşdırılması baxımından mühüm addım atıldı. Bakı şəhəri Səbayil rayonunun Bibi Heybət qəsəbəsində inşa olunan 156 mənzilli bina jurnalistlərin ixtiyarına verildi. Bu gözəl missiyanın davamı olaraq bu il də 256 mənzilli bina biz qələm əhlinə hədiyyə edildi. İnanıram ki, cənab Prezidentimizin təşəbbüsü və dəstəyi ilə başlanan bu xeyirxah missiya növbəti illərdə də davam etdiriləcək. Bir daha Prezidentimizə təşəkkür edirəm. Var olun, cənab Prezident!”.
"Yenicag.az” xəbər portalının baş redaktoru Aqil Ələsgərli: "Həsrətlə gözlədiyimiz xəbərin doğurduğu böyük sevinc hissimizi bölüşən hər bir dostumuza təşəkkür edirəm. Bu sevincli xəbərə ən az mənim qədər sevinən "YeniÇağ” ailəsi, var ol! Bu sevincli xəbəri eşitməyi gələcəkdə haqqı olan hər bir jurnalistə qismət olmasını arzu edirəm. Bir daha bu işi ədalətli şəkildə həyata keçirən hər bir səlahiyyətli şəxsə təşəkkür edirəm. Bu, sözlə izahı mümkün olmayan sevinci bizə bəxş etdiyi üçün mənim Prezidentim İlham Əliyev Heydər oğluna bir daha təşəkkür edirəm!”.
"Palitra” qəzetinin jurnalisti Nigar Abdullayeva: "Mənim üçün dünyada ən böyük problemlərdən biri bəlkə də insanın öz evinin olmamasıdır. Nəhayət, səbirsizliklə gözlədiyim o gün gəldi və mənə də çalışdığım qəzetdən ev almaq nəsib oldu. Bu problemin həllində mənə dəstək olan, əməyimi qiymətləndirən cənab Prezidentimizə öz təşəkkürümü bildirirəm. Əməyi keçən hər kəsə çox sağ ol deyirəm”.
"Yeni Azərbaycan” qəzetinin redaktoru Nadir İsmayılov: "Düz 4 il əvvəl olduğu kimi bu gün də Azərbaycanın jurnalist camesi sevinc dolu xoş hisslər yaşadı. Təbii ki, bu xoş hissləri biz jurnalistlərə yaşadan KİV-ə göstərdiyi diqqət və qayğı ilə, imzaladığı Fərman və sərəncamlar ilə jurnalistlərin dostu olduğunu dəfələrlə sübut edən cənab Prezident İlham Əliyevdir. Məhz cənab Prezidentin diqqət və qayğısı sayəsində 2013-cü ildə 156, bu gün isə 255 jurnalistin evsizlik probleminə son qoyuldu. Bu gün ev alan həmkarlarımızı - gələcək qonşularımızı təbrik edir, jurnalistlərə bu xoşbəxtliyi yaşadan dövlət başçımıza dərindən minnətdarlıq edirəm”.
İsmayıl