“Dövlət qulluqçularının əmək haqqı aşağıdır” - Artırılması gözlənilmir

Vüqar Bayramov: "Dövlət qulluqçularının sosial baxımdan durumunun yaxşılaşdırılması vacibdir. Bu, nəticə etibarilə, həm şəffaflığı, həm də dövlət qulluqçularının səmərəli işləməsini təmin edə bilər”


"Dövlət qulluqçularının əmək haqqı aşağıdır”.

Bu barədə Sherg.az-a dövlət qulluqçularının, məxsusi olaraq yerlərdə icra nümayəndələrinin  aylıq maaşlarının azlığından danışarkən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.  O qeyd edib ki, müxtəlif sahələrdə çalışan dövlət qulluqçularının əmək haqlarının artırılması sözsüz vacibdir:

"Nəzərə almaq lazımdır ki, əmək haqqının artırılması üçün maliyyə bazasının olmasına ehtiyac var. İndiki məqamda digər ölkələrin də təcrübəsinə əsaslanaraq deyə bilərik ki, dövlət qulluqçularının əməkhaqqının artırılması daha çox struktur islahatları hesabına reallaşa bilər. Bu nəticə etibarı ilə dövlət qulluqçularının maaşlarının artırılmasına imkan verə bilər. Strukturun genişlənməsi və ya kiçilməsi, müəyyən olunmuş qənaət mexanizmləri hesabına əmək haqqında artım üçün müəyyən baza formalaşdıra bilərik”.

V. Bayramov deyib ki, büdcənin hazırkı vəziyyətini nəzərə aldıqda indiki məqamda dövlət qulluqçularının əmək haqqının artırılması mümkün deyil:

"Ona görə, bu proses büdcədən vəsait ayrılması deyil, struktur islahatlarına başlanması ilə tənzimlənərsə, daha məqsədə uyğun olar. Dövlət qulluqçularının əməkhaqqının artırılması onların fəaliyyətinə də müsbət təsir göstərə bilər. İdarəetmənin çevikləşməsi, fəaliyyətin şəffaflığı baxımından onlara daha çox imkan yaranacaq. Dövlət qulluqçularının sosial baxımdan durumunun yaxşılaşdırılması nəticə etibarilə, həm bu sahədə şəffaflığı, həm də dövlət qulluqçularının səmərəli işləməsini təmin edə bilər”.

Aysel Aslan