Şəxsi mənzilləri zəbt etmiş qaçqınlar yeni evlərə köçürüləcək
Yerli vətəndaşlara məxsus şəxsi mənzilləri zəbt etmiş məcburi köçkünlər yeni evlərə köçürüləcəklər. Bu barədə 2019-cu il dövlət büdcəsinin zərfində qeyd edilib.
Sənəddə bildirilib ki, bu məsələ 2019-2022-ci illər üzrə qaçqınlar və məcburi köçkünlər üzrə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Digər prioritetlər isə Bakı və Sumqayıt şəhərlərində qəzalı obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə mikrokreditlərin verilməsi olacaq.
Məcburi köçkünlərin yaşayış yerləri ilə bağlı məsələnin cəmiyyət həyatının ən böyük sosial, mənəvi, psixoloji hal olduğunu deyən millət vəkili Zahid Oruc "Şərq”ə bildirib ki, paytaxta və digər bölgələrə pənah gətirən məcburi köçkünlər bunu heç də könüllü olaraq etməyiblər: "Belə dəhşətli vəziyyət bir tərəfdən həmin ərazidə yaşayan insanların ailələrini və özlərini ağır tələblər qarşısında qoyub. Eləcə də yerli sakinlər birdən-birə yeni mənzərə ilə üz-üzə qalıblar. Bu mənzərə məcburi köçkünlərin yerli əhalinin evlərində məskunlaşmasıdır. Belə olan halda bəlkə də Ermənistan ümid bəsləyirdi ki, vətəndaş qarşıdurmaları yaranacaq, kütləvi toqquşmalar meydana çıxacaq, yerli əhali ilə köçkünlər arasında xoşagəlməz hallar baş verəcək. Ermənistan tərəfi elə bilirdi ki, hətta bu məsələ siyasiləşə bilər. Çünki müxtəlif partiyalar, hərəkatlar, kəşfiyyat orqanları baş verənlərin üzərində işləyərlər. Çünki həssas qruplar arasında nifaq salmaq kifayət qədər asandır.
1990-ci illərin sonuna doğru ulu öndər H.Əliyev hadisəni dərindən təhlil etdikdən sonra qərar verildi ki, köçkünlər öz torpaqlarına qayıdana qədər yaşadıqları evlərdən öz iradələri ziddinə çıxarıla bilməzlər. Bu həqiqətən də son dərəcə önəmli, barış üçün məsələnin ən düzgün, hüquqi həlli yönündə atılan addım idi. Əgər hansısa məkanda yerli vətəndaşlarla köçkünlər arasında anlaşılmazlıq olursa, buna qətiyyən nə dövlət, nə də məhkəmə orqanları qarşı çıxa bilməz. Lakin məcburi köçkünlər sanki istəmədən yerli vətəndaşları da köçkün ediblər. Yəni, bir köçkün digər köçkünün yaranmasında məcburən rol oynayır. Belə olan təqdirdə ölkə rəhbərliyi Qaçqınlar və Məcburi Köçkünlər Komitəsi qarşısında bu vəzifəni qoydu. Həqiqətən də ölkədə bu sahəyə xərclənən milyardlarla manat vəsait ilk olaraq köçkünləri ağır şəraitdən çıxarır”.
Deputat bildirib ki, yerli əhali və məcburi köçkünlər mövcud durumdan əziyyət çəkirdi. Məcburi köçkün məskunlaşdığı əraziyə özününkü kimi baxmırdı:
"Yerli vətəndaşların yenidən öz evinə köçməsini təmin etmək olmursa, bunun üçün müxtəlif güzəştli proqramlar həyata keçirmək olar. Siyahı tərtib etmək, həmin əhalini adlar üzrə müəyyənləşdirmək mümkündür. Ya da yataqxanalarda, texnikum binalarında ilk növbədə bütün vətəndaşlar üzrə köçürmə siyasətini önə qoymaq lazımdır. Hansı ki, ölkə başçısı sonuncu müşavirədə bu məsələyə toxunaraq bildirdi ki, bəzən siyahılara kənar qüvvələrin daxil olduğunu görürük. Deməli, növbəlilik prinsipini elə tərtib etmək lazımdır ki, elektron sistemdə müvafiq qurumun saytında cəmiyyət üçün əlçatan səviyyədə hər kəsin gələcəyi təmin olunsun. Başqa bir addım atmaq, yəni ki, köçkünləri məcburi formada yaşadığı yerdən çıxarmaq, qətiyyən yolverilməzdir və qanun pozuntusudur”.
Yeganə Bayramova