"Dövlətimizin siyasətində sosialyönümlülük xüsusi önəm kəsb edir" - İqtisadçı





Dövlət siyasətinin əsas istiqamətlərindən birini Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi təşkil edir. Ölkə başçısı İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” imzaladığı Sərəncam dövlətin məqsədyönlü və səmərəli sosial siyasətinin təzahürüdür.

Sərəncama əsasən, ünvanlı dövlət sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılacaq. Əhalinin aztəminatlı hissəsi dövlətin sosial siyasətində həmişə diqqət mərkəzində olub. Prezidentin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” sərəncamı yürüdülən məqsədyönlüsiyasətin tərkib hissəsidir və aztəminatlı ailələrin rifah halının yüksəldilməsinə xidmət edir.

Dövlətimizin apardığı siyasətdə sosialyönümlülüyün xüsusi önəm kəsb etdiyini qeyd edən iqtisadçı-ekspert Vüqar Bayramov "Sherg.az”a bildirib ki, əhaliyə əvəzsiz yardımın edilməsi və xüsusilə bunun Yeni il bayramı ərəfəsi edilməsi çox yaxşı haldır:

"Fikirimcə, cənab Prezidentin bu addımı sosial qayğı kimi qiymətləndirilməlidir. Son zamanlar Azərbaycanda həyata keçirilən sosial siyasət həm kefiyyət, həm də ünvanlama baxımında yeni bir mərhələyə qədəm qoyub. Eləcə də, özünü məşğulluq proqramının tətbiq edilməsi və ünvanlı sosial yardım alan vətəndaşlarımızın bu proqram daxilində sahibkara çevrilməsi müsbət hal kimi qiymətləndirilməlidir. 

Çünki bu nəticə etibari ilə büdcədən subsidya alan vətəndaşlarımızın real sektora cəlb edilməsinə, sahibkara çevrilməsinə imkan yaradır. Aztəminatlı ailələrə bayramqabağı bu cür yardımın edilməsi və ölkənin ümumi sosial siyasəti vətəndaşların sosial xidmətlərə əlçatanlığının gücləndirilməsinə şərait yaradır. Fikrimcə, dövlətin aztəminatlı ailələrə birdəfəlik yardımı təqdirəlayiqdir”.

Kənan Eynuroğlu