Şəhid vərəsələri birdəfəlik yardımı problemsiz alıblar
Azərbaycanda şəhid ailələri dövlətin güclü qayğısı ilə əhatə olunub. Onlara qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi həmişə diqqət mərkəzində olub. İcra olunan layihələr nəticəsində şəhid ailələrinin sosial vəziyyəti yaxşılaşıb. Bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, eləcə də digər bu kimi təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin başlıca tərkib hissəsidir. Məhz bu baxımdan şəhid ailələrinin sosial təminatı üçün davamlı işlər aparılır.
2018-ci il 19 aprel tarixində şəhid ailələri ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən növbəti Sərəncam da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəxslərin ailələrinə diqqət və qayğının nə qədər böyük olduğunu göstərir. Həmin Sərəncama əsasən, yüzlərlə şəhid ailəsinə 11 min manatlıq birdəfəlik yardım ödənilib. Dövlət başçısı tərəfindən atılan növbəti humanist addım cəmiyyətin bütün təbəqələri tərəfindən yüksək qiymətləndirilib. Şəhid ailələrinin nümayəndələri də bunun çox müsbət hal olduğunu bəyan edərək, dövlətin diqqət və qayğısının bariz nümunəsi adlandırıblar.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Tahir Nadir oğlunun atası, Daşkəsən rayon sakini Hüseynov Nadir Alı oğlu "Şərq”ə deyib ki, Prezidentin şəhid ailələri ilə bağlı Sərəncamı bütün vərəsələri çox sevindirib. Şəhid atası bildirib ki, ailə üçün ayrılan vəsaiti vaxtında alıblar və heç bir problem yaşamayıblar:
"Dövlət başçısı İlham Əliyevə və ailəsinə uzun ömür, can sağlığı arzu edirik. Həmişə başları uca olsun. Heç bir narazılığımız yoxdur, çünki hər zaman dövlətin diqqəti üzərimizdədir. Çətin anlarda əlimizdən tuturlar, bizə hərtərəfli yardım göstərirlər” .
"Şərq”ə açıqlamasında digər bir şəhidin, Bağırov Fərhad Aydın oğlunun qardaşı Sabir Bağırov da bildirib ki, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğı hər zaman yüksək olub:
"Belə bir zamanda, xüsusən yeni il qabağı böyük məbləğdə vəsait almaq çox yaxşı oldu. Problemlərimizin həlli üçün dövlət əlindən gələn yardımı göstərir. 11 min manat kifayət qədər çox puldur və bir çox çətinliklərimizi aradan qaldırmağa kifayət edir. Şəhid qardaşı olaraq ailəmiz adından cənab Prezidentə və bu işi həyata keçirən dövlət qurumlarına öz təşəkkürümü bildirirəm. Allah hamısından razı olsun”.
İsmayıl