Dövlətin gördüyü işlər qiymətləndirilib

Ağdaşda dini maarifləndirmə işi uğurla aparılır



Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirilir. Ağdaş şəhərində "Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində "İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Ağdaşda yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, dini icmanın sədri Şahin Rəhimli, Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri və ziyalılar iştirak ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev layihə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən Ağdaş şəhəri, "Üç qovaq” məscidi dini icmasının sədri Şahin Rəhimli və Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev dövlət başçısının dini icmalara maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndiriblər. Natiqlər Ağdaş rayonu üzrə dini sahədəki durum, həmçinin, dini ekstremizmin fəsadları, islam dünyasında dini ekstremizmin yaranma səbəblərindən danışıblar və bu istiqamətdə görülən işlərin uğurlu nəticələr verdiyindən məmnunluq ifadə ediblər. Tədbirin sonunda iştirakçılar Prezident İlham Əliyevə yeritdiyi düzgün siyasətdən dolayı minnətdarlıq ediblər və inanclı insanları Azərbaycan dövləti və onun Prezidenti ətrafında sıx birləşməyə çağırıblar.

İsmayıl