Dünya azərbaycanlıları Bakıya yığışır...






İyun ayının 3-də Dünya azərbaycanlılarının IV qurultayı Bakıda öz işinə başlayır. Artıq qurultaya dəvət olunan soydaşlarımız dünyanın fərqli nöqtələrindən Bakıya axışmaqdadır. Onlar üçün xüsusi qəbul və ziyarət proqramları tərtib olunub.

Musavat.com xəbər verir ki, 3 iyun saat 09.00-09.50 radələrində Heydər Əliyev Mərkəzində qurultay iştirakçılarının qeydiyyatı başlanacaq. İki gün davam edəcək qurultayın açılışı isə Heydər Əliyev Mərkəzinin zalında baş tutacaq. İlk panel "Müasir dövrdə informasiya müharibəsi – müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri” mövzusundadır. Milli Məclisin deputatı Elman Nəsirovun moderatorluğu ilə keçiriləcək paneldə Ermənistan dövləti, erməni diasporu və lobbisinin Azərbaycana qarşı yönəlmiş informasiya müharibəsində Azərbaycan diasporunun üzərinə düşən vəzifələr, habelə "Erməni soyqırımı” iddiaları ilə əlaqədar Azərbaycan və türk diasporunun birgə fəaliyyətinin yeni dövrün tələblərinə uyğun qurulma mexanizmləri müzakirə olunacaq. Diasporla İş üzrə Dövlət Komitəsini sədr müavini Ramin Məmmədovun moderatorluğu ilə keçiriləcək ikinci paneldə isə "Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya” mövzusunun müzakirəsi olacaq.

4 iyunda öz işini davam etdirəcək qurultayda ilk panelin mövzusu "Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar konteksində”dir. Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırovun moderatorluğu ilə keçiriləcək panel daha sonra "Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak” mövzusundakı ikinci panellə davam edəcək. Qurultayın yekun iclası həmin gün baş tutacaq. İyunun 5-də isə qonaqlar yola salınacaq.