Dünya gördü: Türkiyə və Azərbaycan qədər dünyada biri-birinə bağlı olan dövlətlər yoxdur

İlham Əliyev: “Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olar”Rəcəb Tayyib Ərdoğan: “Azərbaycan qara günün dostu olduğunu göstərdi”
Paytaxt Ankarada törədilən terror aktı səbəbindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 martda Azərbaycana nəzərdə tutulan səfəri ikinci dəfə təxirə salındı. Lakin bunun qarşılığında Azərbaycan Prezidenti planlaşdırılan Strateji Əməkdaşlıq Şurasının V iclasının, Bakı əvəzinə, Ankarada keçirilməsi barədə təşəbbüs irəli sürdü və Türkiyəyə səfər etdi. Prezident İlham Əliyev növbəti dəfə qardaşlıq, həmrəylik addımı ataraq, ən çətin situasiyada belə Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan öz iqamətgahında qarşılayıb. Azərbaycan dövlət başçısını hökumət rəsmiləri müşayiət ediblər.
Protokola uğun olaraq hər iki dövlətin himni səsləndirilib, dövlət və hökumət rəsmiləri təqdim olunub. Prezident İlham Əliyevin yüksək və səmimi qarşılanma mərasimindən sonra dövlət rəhbərləri arasında təkbətək görüş olub. Görüşdə iki ölkə arasındakı əlaqələr, regional və beynəlxalq məsələlər, Dağlıq Qarabağ bölgəsi ilə bağlı son vəziyyət müzakirə edilib. Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə 2010-cu il avqustun 16-da İstanbulda imzalanıb. Şuranın ilk iclası isə 2011-ci il oktyabrın 25-26-da İzmirdə keçirilib.
Ankarada 6 mühüm sənəd imzalandı
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının yekunlarına dair ortaq sənədlər imzalanıb. Bundan başqa, Türkiyənin Gömrük və Ticarət Nazirliyi ilə Azərbaycanın Dövlət Gömrük Komitəsi arasında iki sənəd, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin İqtisadiyyat Nazirliyi arasında bir sənəd imzalanıb. Baş nazirin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala arasında "Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” saziş imzalanıb.
"Terror aktları Türkiyəni haqq yolundan döndərə bilməz”
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra keçirilən mətbuat konfransında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ankarada terror aktı nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib. Prezident dəhşətli terror aktını qətiyyətlə qınadığını və türk xalqının yanında olduğunu bəyan edib: "Birliyimiz əbədi, sarsılmazdır”. Dövlət başçısı bildirib ki, Azərbaycan və Türkiyə yaxşı və ağır günlərdə daim biri-birinin yanındadır: "Türkiyə xalqına qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyəni haqq yolundan döndərə bilməz. 25 ildir ki, Azərbaycan və Türkiyə biri-birinə dəstəkdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir, biz heç vaxt bunu unutmayacağıq. Türkiyə və Azərbaycan biri-birinə ən yaxın olan ölkələrdir”.
"Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olar”
Prezident İlham Əliyev bəyan edib ki, Türkiyənin müdafiə sənayesi sahəsində uğurları Azərbaycanın da müdafiə qabiliyyətini gücləndirir: "Türkiyə və Azərbaycan beynəlxalq müstəvidə daim biri-birini dəstəkləyir. Türkiyənin dünyada rolu artır, Türkiyəyə dünyada artan rəğbət və inam bizi sevindirir. Ötən il Türkiyə "G-20” toplantısına Azərbaycanı dəvət etdi. Buna görə təşəkkür edirəm. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olar”. Dövlət başçısı qeyd edib ki, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həll edilməsinə dəstək verib: "Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan ədalətsizliklə üzləşib. Türkiyənin dəstəyi bizim üçün çox önəmlidir. Bu yaxınlarda hərbçilərimiz birgə təlimlər keçirib. Bu da çox yaxşı ənənədir. Biz Türkiyədən müxtəlif hərbi texnika və silah alırıq”.
"İki il sonra TANAP-ın açılışını qeyd edəcəyik”
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, nəqliyyat sahəsində yeni imkanlar mövcuddur: "Biz çox istərdik ki, Türkiyədən gələn və Azərbaycan üzərindən keçən yüklər artsın. Buna nail olmaq üçün praktik addımlar atılmaqdadır”. Prezident qeyd edib ki, mədəniyyətlərarası dialoqun genişlənməsində Türkiyənin böyük rolu var: "Gələn ay Bakıda Sivilizasiyalararası Dialoq üzrə tədbir keçiriləcək, bu təşəbbüsün müəllifi də Rəcəb Tayyib Ərdoğandır. Biz birgə islamofobiyaya qarşı mübarizə aparırıq. Bu gün islamofobiya müxtəlif ölkələrdə güclənib. Bəzi media qurumları məqsədyönlü şəkildə kampaniya aparır, islamı terrorla eyniləşdirmək cəhdləri gözümüz önündədir. Bu, dözülməzdir, sivilizasiyalararası problemə gətirib çıxara bilər. Bu gün qaçqınlar problemini görürük və əsas yük Türkiyənin üzərinə düşür. Dövlət başçısı vurğulayıb ki, Türkiyə və Azərbaycan qədər dünyada biri-birinə bağlı olan dövlətlər yoxdur: "Mənə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edir, qardaş türk xalqına sülh, əmin-amanlıq arzulayıram”.
"Onların ləyaqəti alçaldılır, qəfəslərə salınır”
Azərbaycan Prezidenti vurğulayıb ki, Türkiyə təmənnasız olaraq milyonlarla qaçqını öz ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir: "Biz humanitar fəlakətdən əziyyət çəkən ölkə kimi bilirik ki, bu, nə qədər ağır məsələdir. İnsanlar nicat tapmaq, öz canlarını qurtarmaq üçün Avropaya üz tutduqda görün onları nələr gözləyir?! Onların ləyaqəti alçaldılır, qəfəslərə salınır, onlar haqqında olmazın yalanlar yayılır. Bəs haradadır ümumbəşəri dəyərlər, demokratiya, insan haqları, mərhəmət?! Biz bunu görmürük. Türkiyə və Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz insanların acı taleyinə biganə qala bilmərik. Azərbaycan xalqı adından Türkiyə rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm ki, bu ağır yükü öz üzərinə götürüb. Bir daha bütün dünyaya nümayiş etdirir ki, qaçqın böhranından necə şərəflə çıxmaq olur”.
"Azərbaycanın dəstəyini unutmayacağıq”
Prezident İlham Əliyevin səfər jestini yüksək dəyərləndirən Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan deyib ki, bu addım Azərbaycan və Türkiyənin terrora qarşı birgə olduğunu göstərmək baxımından çox önəmlidir: "Mərhum Heydər Əliyevin dediyi kimi, bu, "bir millət, iki dövlət”in təzahürüdür. Azərbaycan qara günün dostu olduğunu göstərdi. Buradakı mesajın hər kəs tərəfindən diqqətə alınmasını tövsiyə edirəm. Hər kəs bu qardaşlıq mesajından dərsini almalıdır. Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkür edirəm. Hamımızın yasa qərq olduğu, canımızın acıdığı məqamda Azərbaycandan uzadılan dostluq əli, göstərilən qardaşlıq millətimiz tərəfindən hər zaman şükranla anılacaq. Azərbaycanın dəstəyini heç vaxt unutmayacağıq. Azərbaycan xalqı türk xalqının yaşadığı bu acıları paylaşır, bizim kimi onlar da bu acını ürəklərində hiss edirlər”.
"Türkiyənin Qarabağla bağlı mövqeyi qətidir”
Prezident Ərdoğan bildirib ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini uzadır: "Beynəlxalq sənədlərin qəbul olunmasına baxmayaraq, Qarabağ problemi hələ də həllini tapmayıb. Münaqişənin həll edilməməsi üzücüdür”. Ərdoğan Türkiyənin Qarabağ problemi ilə bağlı mövqeyini açıqlayıb. O, Prezident İlham Əliyevlə Qarabağ məsələsini müzakirə etdiyini diqqətə çatdırıb: "Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Münaqişənin sülh yolu ilə həll olunması üçün qardaş Azərbaycana lazımi dəstəyi verəcəyik. Biz hər zaman Azərbaycanın yanındayıq. Bu barədə prezidentlə müzakirə apardıq. Geriyə addım atmayacağıq. Bu, mümkün deyil”.
"Türkiyəni diz çökdürə bilməyəcəklər”
Türkiyə lideri Ərdoğan söyləyib ki, terrordan bir vasitə olaraq istifadə edənlər Türkiyəni diz çökdürə bilməyəcək, özləri diz çökəcəklər: "Müstəqil Azərbaycanın banisi Heydər Əliyevi rəhmətlə yad edirəm. İlham Əliyev onun irsinə uğurla sahib çıxdı və çıxmaqda davam edir. Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları 1 il Azərbaycanda, 1 il Türkiyədə keçirilməyə davam edəcək. Qarşıdakı dövrdə yenə bir araya gələcəyik. İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı olacaq, o iclasda növbəti dəfə görüşəcəyik. Bu ayın sonunda Vaşinqtonda keçiriləcək nüvə sammitində də Azərbaycan Prezidenti ilə bir araya gələcəyik: "Bundan başqa, dəyərli qardaşımı 23-24 mayda Türkiyədə keçiriləcək Beynəlxalq Humanitar Sammitə dəvət etdim. Bundan əvvəl aprelin 25-26-da mədəniyyətlərarası dialoqla bağlı tədbirdə iştirak üçün Bakıda olacağam. Dekabrda isə Bakı-Tbilisi-Qars dəmir yolunun birgə açılışını həyata keçirəcəyik. 2015-ci ildə əldə olunmuş 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfini qoruyuruq. Qarşılıqlı sərmayələrimiz 13 milyard dollardır, 5 il ərzində bunu 20 milyard dollara çıxarmağı planlaşdırırıq”.
Prezident İlham Əliyev yenidən Türkiyəyə gedəcək
Azərbaycan və Türkiyə Prezidentləri Çanaqqala zəfərinin 100-cü ildönümünü birlikdə qeyd edəcək. Bunu Ərdoğan mətbuat konfransında açıqlayıb: "Aprelin 24-də keçiriləcək Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı təşkil ediləcək mərasimə bir çox dövlət başçıları dəvət edilib. Amma xüsusi və həssas məqam İlham Əliyev qardaşımın 24 apreldə bizimlə bərabər olması olacaq”. Qeyd edək ki, tədbirin aprelin 24-də keçiriləcəyi nəzərdə tutulub.
"İlham Əliyevin bu səfəri diplomatiyanın üstündədir”
Türkiyəli mütəxəssislər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərini yüksək qiymətləndiriblər. İstanbuldakı Yeni yüz il universitetinin prorektoru, beynəlxalq məsələlər üzrə mütəxəssisi, professor Yaşar Hacısalehoğlu deyib ki, Prezident İlham Əliyevin bu anlamlı səfəri diplomatiyanın üstündə olan hadisədir: "Burada səmimiyyət, qardaşlığın şərtlərini tərəddüdsüz yerinə yetirmək, "Bir millət, iki dövlət” prinsipinə sadiqlik var. Son illərdə Türkiyə ilə Azərbaycan arasında başda enerji olmaqla bir çox sahədəki yaxınlaşma bəzi ölkələri narahat etməkdədir. İki qardaş ölkənin əməkdaşlığına mane olmaq vasitələrindən biri də terror aktıdır. Türkiyənin bu sıxıntılı günlərində Prezident İlham Əliyev başda TANAP layihəsi olmaqla, iki ölkə arasındakı əməkdaşlığı daha da dərinləşdirmək məqsədi daşıyan məsələlərin Ankarada da müzakirə oluna biləcəyini dünyaya göstərib. Bu addım istər Türkiyə-Azərbaycan münasibətləri, istərsə də diplomatiya tarixində çox mühüm bir hadisə kimi tarixə düşüb”.