Dünya gücləri Qarabağın həllini uzağa atdı

Ermənistanın oyunu davam etsə, yüz faiz müharibə qaçılmaz olacaq



ABŞ dövlət katibi Con Kerrinin "Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələdə həlli mümkün deyil” açıqlaması Azərbaycan tərəfinin kəskin etirazına səbəb oldu. Daha sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov tərəfindən səslənən "Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə nikbin yanaşmır” ifadəsi rəsmilərin və ölkə ictimaiyyətinin narazılığını bir qədər də artırdı.

Çünki Uşakovun açıqlaması Kerrinin sözlərindən heç nəyi ilə fərqlənmirdi. Bu isə o deməkdir ki, nə rəsmi Vaşinqton, nə də Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyən maraqlı deyillər. Həmsədrlərin biganəliyindən "ruhlanan” Ermənistan isə qeyri-konstruktiv mövqeyini davam etdirir və danışıqlar prosesindən qaçır. Belə bir şəraitdə Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək üçün müharibədən başqa çıxış yolu qalmır. Ötən gün mətbuata açıqlama verən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov da bəyan edib ki, münaqişənin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər: "Beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, nədənsə, bununla bağlı birmənalı mövqe nümayiş etdirmirlər. Biz ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin, eləcə də dünya ictimaiyyətinin münaqişənin ədalətli həlli üçün konkret addımlar atmasını gözləyirik. Ədalət prinsipinə əməl edilməməsi nəinki regionu, bütün dünyanı böhrana sürükləyir, müharibə riskini artırır”.

"Kim təminat verir ki, cəbhədəki gərginlik mürəkkəb ssenari üzrə inkişaf etməyəcək”

Millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, ABŞ və Rusiya rəsmilərinin münaqişənin həlli ilə bağlı pessimist açıqlamaları təəssüf doğurmaqla yanaşı, problemin həlli imkanlarını da uzağa atır: "Verilən bəyanatlar qəliz situasiya yaradır. Aprel döyüşlərindən sonra yeni situasiya yarandı, amma Ermənistan təxribatçı əməllərlə danışıqlarda müsbət nəticə alınmasına mane oldu. Lakin düşmənin bu hərəkətlərinə beynəlxalq elita tərəfindən cavab verilmədi. Ona görə də proses beləcə uzandı. Ancaq aprel döyüşlərinin çox ciddi bir dərsi oldu. O zamana qədər heç kim gözləmirdi ki, Qarabağda hadisələr bu səviyyədə alovlana, hərbi əməliyyatlar başlaya bilər. Amma savaş baş verdi. İndi kim təminat verir ki, cəbhədəki gərginlik daha qəliz və mürəkkəb ssenari üzrə inkişaf etməyəcək. Aprel döyüşlərinin ən böyük nəticəsi budur. Amma təəssüf ki, bir çox hallarda geosiyasi maraqlar sağlam təhlil aparmaq imkanlarını məhdudlaşdırır. Əgər Ermənistan köhnə oyununu oynamağa davam edərsə, indidən yüz faiz söyləmək mümkündür ki, regionda müharibənin başlamasının qarşısını almaq mümkün olmayacaq. Bunu tam əminliklə söyləmək mümkündür. Çünki Azərbaycan dövləti güclənməkdə, hərbi potensialımız artmaqdadır”.

"Silahları sərgidə nümayiş etdirmək üçün almırıq”

Politoloq vurğulayıb ki, Azərbaycan Pakistanın ən müasir silahlarını alır: "Ermənistan çox gözəl bilir ki, biz silahları sərgidə nümayiş etdirmək üçün almırıq. Silahlanırıq ki, ədalət bərpa olunsun. Güclənirik ki, dinc yolla, danışıq yolu ilə münaqişəni həll edə bilək. Ancaq danışıqlar baş tutmursa, daha doğrusu, danışıqların nəticəsi olmursa, bu halda bizim müharibədən başqa çıxış yolumuz qalmır. Hadisələr fərqli müstəvidə inkişaf edərsə, bunun bütün məsuliyyəti qarşı tərəfin üzərinə düşəcək”.

"Əgər düşmən tərəfi yenidən təxribata əl atarsa...”

Politoloq Qabil Hüsenyli müharibənin hər zaman gündəmdə olduğunu deyib. Siyasi analitikin sözlərinə görə, Azərbaycan riskli müharibənin tərəfdarı deyil: "Əlbəttə, Azərbaycan ordusu torpaqlarımızı azad etməyə qadirdir. Amma Rusiya, eləcə də ABŞ təkidlə münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. İndiki şəraitdə müharibə bizi bir sıra böyük dövlətlərlə, xüsusən Rusiya ilə qarşı-qarşıya gətirə bilər. Müharibə üçün münasib şəraitin olması çox vacibdir. Aprel savaşında ermənilər təxribat edərək bizi müharibəyə təhrik etdilər. Əgər düşmən tərəfi yenidən təxribata əl atarsa, hərbi əməliyyatlar daha şiddətli şəkildə yenidən alovlana bilər”. Q.Hüseynli bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycanı tam şəkildə dəstəkləmirlər: "Düzdür, əksəriyyət bizim ərazi bütövlüyümüzü tanıdığını iddia edir. Amma iş müharibə yolu ilə torpaqların azad edilməsinə gəldikdə Azərbaycanı müdafiə etməkdən boyun qaçırırlar. Məsələnin hərb yolu ilə həllinin bir çox şərtləri var. Hərbi və siyasi gedişlər dünyadakı mövcud şəraitə uyğun atılmalıdır. Bugünə qədər bunu bacarmışıq, bundan sonra da həmin siyasətə uyğun davranmalıyıq. Bəli, Azərbaycan haqlı tərəfdir, işğala məruz qalan ölkədir. Amma təəssüflər olsun ki, dünyada bu həqiqəti qəbul etmək istəməyən dövlətlər, təşkilatlar var. Onlar məsələyə ikili standartlar və xristian təəssübkeşliyi ilə yanaşırlar. Ona görə də mümkün qədər ehtiyatlı hərəkət etməliyik. Yəni haqlı ikən haqsız duruma düşməməliyik”.

İsmayıl