Dünya heyrətlənəcək: Hələ ki, hər şey sirr saxlanır
Avropa Oyunlarının açılışına məşhur müğənnilər, idmançılar, tanınmış şəxsiyyətlər qatılacaq
İyun ayının 12-dən 28-nə kimi dünya ictimaiyyətinin diqqəti Azərbaycanın paytaxtı Bakıda olacaq. İlk dəfə baş tutacaq I Avropa Oyunlarında 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançı iştirak edəcək. Artıq yarışlar zamanı ölkəyə gələn əcnəbi qonaqların, turistlərin rahatlığının təmin olunması üçün hər bir şərait yaradılıb.
Oyunlarla bağlı diqqət çəkən maraqlı məqamlardan biri də beynəlxalq idman yarışının açılış mərasiminə hansı dövlət rəhbərlərinin və tanınmış şəxslərin gələcəyidir. Məsələylə bağlı açıqlama verən Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin rəsmisi deyib ki, Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək prezidentlərin və yüksək vəzifəli şəxslərin adları açıqlanmır. Bunu sadəcə dəvət alan və qatılmağı planlaşdıran şəxslərin özləri deyə bilər. Lakin Komitədən bildirilib ki, Azərbaycan tarixinin ən mötəbər idman gecəsində xeyli sayda Beynəlxalq Olimpiya Komitəsi üzvünün, xarici dövlət başçılarının, Avropa və digər ölkələrdən çoxsaylı idman nazirlərinin iştirak edəcəyi gözlənilir: "Bu, Azərbaycan və Avropa Oyunları üçün böyük nailiyyətdir. Biz bütün qonaqların Azərbaycanda xoş vaxt keçirmələrini və ölkənin qonaqpərvərliyi və dostluğu, eləcə də, Olimpiya Stadionunun füsunkarlığı barədə gözəl xatirələrlə ayrılmalarını təmin edəcəyik”.
Komitə, açılış mərasimində iştirakı nəzərdə tutulan xarici müğənnilər barəsində də məlumat verib: "Açılış mərasimi barədə məlumatları gizli saxlayırıq və hər bir azərbaycanlını da bu sirri qorumağa çağırırıq. Biz açılış mərasimini Azərbaycanda və dünyanın müxtəlif yerlərində izləyəcək milyardlarla insanın bu tamaşadan heyrətlənməsini və təsirlənməsini təmin etmək istəyirik. Buna görə də, heç bir ad, yaxud hər hansı detalla bağlı məlumat vermirik və hər kəsin "keepthesecret”dən istifadə etməsini istəyirik. Heç kimə bu sürprizi qabaqcadan öyrənməyə imkan verməyin. Bakıda bir daha ilk Avropa Oyunlarının açılış mərasimi keçirilməyəcək, beləliklə biz hamımız, Azərbaycanın həmin gecə diqqət mərkəzində parlamasını təmin etmək üçün birlikdə hər şeyi sirr kimi saxlamalıyıq”.
Əməliyyat Komitəsi Oyunların açılış mərasiminə qatılacaq tanınmış şəxslərin adını gizli saxlasa da, artıq bir neçə dövlət rəhbərinin tədbirdə iştirak edəcəyi ictimaiyyətə bəllidir. Onlardan biri qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Onun I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcəyi bəllidir. Azərbaycan jurnalistlərinə bu barədə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu məlumat verib. Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını "Bakı -2015” I Avropa Oyunlarının açılış mərasiminə dəvət edib. Ərdoğan da dəvəti məmnuniyyətlə qəbul edib: "Biz qardaş Azərbaycanla fəxr edir və qürur duyuruq. Təbii ki, I Avropa Oyunları üçün ölkə başçımız dəvət edilib. Cənab Rəcəb Tayyib Ərdoğan da həmin yarışlara qatılacağını söyləyib. Azərbaycanın hər cür tədbirinə Türkiyə ən yüksək şəkildə qatılmağa hazırdır. İnşallah, yenə də, ən yüksək səviyyədə iştirak edəcəyik. Azərbaycana çox vacib yarışlara ev sahibliyi etdiyi üçün təşəkkür edirik. Dövlətiniz çox peşəkar bir şəkildə beynəlxalq yarışlara ev sahibliyi edir. Beynəlxalq forumlar, konfranslar keçirir. İndi də Azərbaycanda I Avropa Oyunları kimi çox vacib tədbir də keçiriləcək. Həmçinin "Eurovision” mahnı müsabiqəsi bu günə qədər keçirilən ən səviyyəli tədbirlərdən idi”.
Bakıdakı açılış mərasiminə qatılacaq digər xarici dövlət rəhbərlərindən biri də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilidir. O da iyunun 12-13-də Bakıda I Avropa Oyunlarının açılışında iştirak edəcək.
Şübhəsiz ki, Oyunların açılış mərasimində Qərbin və Şərqin yüksək dövlət rəsmiləri iştirak edəcəklər. Adları açıqlanmasa da, mötəbər yarışa qatılan istər tanınmış şəxslərin, istərsə də sıravi əcnəbi vətəndaşların sayının kifayət qədər çox olacağı heç kimə sirr deyil. Bu baxımdan Avropa Oyunları əcnəbi qonaqlarla paytaxt sakinləri arasında gözəl münasibətlərin yaranmasına xidmət edəcək. ADA Universitetinin Monteneqrodan olan tələbəsi Militsa Starçeviç bildirib ki, çiçəklənən Azərbaycanı hamı görməlidir: "Gözəl adət-ənənələri olan, heyranedici təbiətə və zəngin tarixə malik Azərbaycanda qonaqpərvər insanlar yaşayır. Avropa Oyunları sayəsində xarici qonaqlar Azərbaycanın gözəlliyini görmək, xalqla yaxından tanış olmaq imkanı qazanacaqlar. Bu, yalnız cəmiyyətin multikulturalizm və tolerantlığının nümayişi deyil, həm də unikal ünsiyyətin yaranması baxımından əhəmiyyətli olacaq. Azərbaycan dünyanın ən görməli yerləri sırasında öz yerini tutacaq”.
İsmayıl