İlqar Vəlizadə: “İlin qalan günlərində də “Xocalıya ədalət” kampaniyası çərçivəsində müəyyən işlər görülür”
Dünya mediası Xocalını “gördü”
Əflatun Amaşov: “Biz dayanmalı deyilik, kifayət qədər iş aparmalıyıq”
İlqar Vəlizadə: “İlin qalan günlərində də “Xocalıya ədalət” kampaniyası çərçivəsində müəyyən işlər görülür”
İlqar Vəlizadə: “İlin qalan günlərində də “Xocalıya ədalət” kampaniyası çərçivəsində müəyyən işlər görülür”
(Əvvəli ötən sayımızda)
Ölkəmizin hər yerində Xocalı faciəsinin 26-cı ildönümü yad edildi. İnsanlıq adına utanc olan bu faciə haqqında 26 ildir danışılır, deyilir, yazılır. Amma nə yaramızın axan qanı durur, nə də söz bitir. İllər keçdikcə, o gecənin dəhşətləri gözümüzdə, qəlbimizdə daha da böyüyür.
Erməni vəhşiliyinə qəzəbimiz də artır. Qəzəbimizi artıran bir səbəb də dünyanın erməni vandallığına şahid olduğu halda, bir sıra dövlətlərin hələ də ermənipərəst mövqedən əl çəkməmələri, həqiqətlərə göz yummaq istəkləridir. Dünyanın erməni vəhşiliyindən xəbərdar olduğunun sübutu isə 1992-ci ildə xarici mətbuatda Xocalı faciəsi haqqında yazılanlar, dərc olunan informasiyalar, məqalələrdir.
Xarici ölkə jurnalistlərinin yazdıqlarını oxuyanda, "Azərbaycan həqiqətlərini lazımi səviyyədə dünya ictimaiyyətinə çatdıra bilməmişik” iddiasının əsassız olduğu da görünür. Əslində, hamı - dünya dövlətləri hər şeyi çox gözəl bilir, çox da yaxşı, hərtərəfli məlumatlıdırlar. Sadəcə, bəzisi nəyinsə müqabilində, bəzisi isə bəlkə də sırf ermənipərəstliklərindən Azərbaycanın haqq davasını təsdiq etmək istəmir. Qeyd edək ki, Xocalı soyqırımının 26-cı ildönümü xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Bütün bunlar təbii ki, Xocalı faciəsinin bir reallıq olması, bir çox dövlətlər və təşkilatlar tərəfindən tanınması ilə əlaqədardır. Eyni zamanda, Azərbaycan dövlətinin rəsmi səviyyədə və vətəndaş cəmiyyəti institutlarının apardığı işlər də xüsusi qeyd edilməlidir.
Perunun nüfuzlu mətbu orqanlarından biri olan "El Peruano” qəzetində "Xocalı soyqırımı: insanlığa qarşı cinayət” sərlövhəli məqalə dərc olunub
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. Yazıda, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasəti və bu siyasətin Azərbaycan əhalisinə qarşı misli görünməmiş vəhşilik və qəddarlıqlarla müşayiət olunduğundan bəhs edilib. Azərbaycanın erməni işğalı altında olan torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının bugünədək öz doğma yurdlarına dönməyi hələ də həsrətlə gözlədiyi vurğulanıb.
Bildirilib ki, Azərbaycanın işğal edilmiş torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmir. Qeyd olunur ki, Xocalı soyqırımı dünyanın bir çox ölkəsi tərəfindən tanınıb və bununla bağlı çoxsaylı qətnamələr, o cümlədən 2013-cü ildə Peru Konqresi tərəfindən qəbul edilmiş qətnamə də var.
Qətərin ingilisdilli "The Peninsula” qəzetində də Xocalı soyqırımı barədə geniş məqalə dərc edilib
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi qırğının bəşəriyyət tarixində ən qanlı hadisələrdən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Xocalı soyqırımı zamanı 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulub.
Məqalədə həmçinin Dağlıq Qarabağ münaqişəsinə, bu yöndə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrə, Ermənistan tərəfindən həmin qətnamələrə məhəl qoyulmaması və Xocalı soyqırımını törədənlərin indiyədək cəzasız qalması kimi məsələlərə yer verilib. Azərbaycan xalqının Xocalı şəhidlərinin xatirəsini həmişə anacağı və ölkənin ərazi bütövlüyünün bərpasınadək mübarizəsini davam etdirəcəyi bildirilib.
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Serbiyanın Balkanian.com saytında "Azərbaycan Xocalı faciəsinin qurbanlarını xatırlayır”
sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı və etnik təmizləmə siyasəti, törətdiyi vəhşiliklər, Xocalı faciəsinin səbəbləri, qurbanları barədə geniş məlumat verilib, eləcə də dünya birliyinin bu soyqırımına və tarixi torpaqlarımızın işğalına laqeyd münasibəti qeyd edilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının əks olunduğu dörd qətnaməyə baxmayaraq, Ermənistanın tarixi ərazilərimizi hələ də işğal altında saxlamasından bəhs edilib, habelə Xocalı soyqırımının dünyanın nüfuzlu KİV-lərində işıqlandırıldığı, "Human Rights Watch” təşkilatı tərəfindən sənədləşdirildiyi, lakin dünya liderlərinin və mötəbər beynəlxalq təşkilatların buna layiqincə qiymət vermədiyi vurğulanıb.
Gürcüstanın Apsny.ge portalı da Xocalı soyqırımı haqqında məqalə yayıb
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə məlumat verilib. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə ermənilərin Xocalını tamamilə dağıtdıqları, uşaqlar, qadınlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki insanı xüsusi qəddarlıqla qətlə yetirdikləri diqqətə çatdırılıb.
Məqalədə Xocalıda törədilmiş cinayətin Ermənistanın davamlı zorakılıqlarının tərkib hissəsi olduğu bildirilib. Vurğulanır ki, bu, Ermənistanın təcavüzkar siyasətinin əsasını təşkil edib.
Xocalı soyqırımının 26-cı ildönümü Özbəkistan mətbuatının da diqqət mərkəzindədir. Qalampur.uz portalında tanınmış jurnalist, beynəlxalq mükafatlar laureatı Nargiz Kasimovanın Xocalı soyqırımı haqqında özbək dilində məqaləsi yayılıb.
Müəllif "Xocalı faciəsindən 26 il ötdü. Tarixin səhifəsində qalan qanlı günün təfsilatları” adlı məqaləsində Xocalı faciəsini Hirosima, Naqasaki, Xatın soyqırımları ilə müqayisə edir.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda min bir əzabla öldürülən, yaralanan və itkin düşənlər haqqında ətraflı məlumat verilir, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalıya amansız hücum edildiyi, şəhərin tamamilə dağıdıldığı və yandırıldığı bildirilir. Vurğulanır ki, həmin dəhşətli gecə uşaqlar, qadınlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki insan xüsusi qəddarlıqla qətlə yetirilib.
Məqalədə Xocalıda törədilmiş cinayətin Ermənistanın yürütdüyü sistemli və davamlı zorakılıqların tərkib hissəsi olduğu bildirilir, ermənilərin ayrı-seçkilik siyasəti apardığı qeyd olunur. Vurğulanır ki, bu da Ermənistanın təcavüzkar siyasətinin əsasını təşkil edir.
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov da Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Türkiyə, Rusiya və bir çox dünya ölkələrinin mətbuatında xeyli sayda materialların dərc edilib, verilişlərin efirə getməsinin təqdirəlayiq olduğunu deyib: "Təbii ki, qardaş Türkiyə mətbuatında hər il olduğu kimi, bu dəfə də Qarabağ həqiqətləri, Xocalı soyqırımı ilə bağlı məqalələr yer aldı. Eyni zamanda, Rusiyanın "Rosiya 24” telekanalında və digər media orqanlarında da faciə ilə bağlı verilişlər, yazılar öz əksini tapdı.
Onu da qeyd edim ki, Avropa və digər ölkələrin kütləvi informasiya vasitələri tərəfindən də analoji addımlar atıldı. Ümumiyyətlə, bütün bunlar Azərbaycanla bağlı həqiqətlərin xaricdə yayılması istiqamətində müsbət addımlardır. Bu onu göstərir ki, haqq incələr, amma üzülməz. Doğrudan da Xocalıda insanlığa sığmayan cinayət hadisəsi baş verib. Bu şəhərin insanları yalnız milli xüsusiyyətinə, azərbaycanlı olduğuna görə qətlə yetiriliblər. Hesab edirəm ki, artıq dünyanın ayrı-ayrı aparıcı informasiya vasitələri həqiqətləri görür. Lakin biz dayanmalı deyilik, kifayət qədər iş aparmalıyıq, Azərbaycan həqiqətlərini xaricdə geniş yaymalıyıq. Dünyanın aparıcı informasiya vasitələrinə Azərbaycanla bağlı həqiqəti əks etdirən materialları təqdim etməli və onlarla işləməliyik. Bu istiqamətdə işlərimizi yüksək səviyyədə qurmalıyıq”.
Ə.Amaşovun sözlərinə görə, ölkəmiz indi 90-cı illərdəki Azərbaycan deyil:
"O cümlədən ölkədəki vətəndaş cəmiyyəti institutları öz fəaliyyətlərini aktiv şəkildə qura biliblər. İnternetdə müəyyən araşdırmalar aparılsa, "Xocalı” və "genosid” sözlərinin yanaşı yazıldığına xeyli sayda rast gəlinər. Bu da məhz vətəndaş cəmiyyəti və medianın birgə apardığı işlərin nəticəsidir. Avropanın, Amerikanın ayrı-ayrı şəhərlərində Xocalı soyqırımını yerli sakinlərə çatdırmaq üçün xeyli sayda tədbirlər oldu və burada diaspor və qeyri-hökumət təşkilatlarının rolu çoxdur. Düşünürəm ki, bütün bu görülən işlər Azərbaycanın uğurudur və amma bununla kifayətlənməli deyilik”.
Tanınmış jurnalist, politoloq İlqar Vəlizadə də açıqlamasında ilk növbədə Xocalı faciəsinin soyqırım aktı kimi bütün dünyada tanıdılması istiqamətində dövlət tərəfindən real addımlar atıldığını deyib: "Bu cür tədbirlərin həyata keçirilməsi təqdirəlayiqdir ona görə ki, dövlət bu məsələyə xüsusi diqqət ayırır və hər zaman gündəmdə saxlamağa çalışır.
Sadəcə 26 fevral tarixində yox, ilin qalan günlərində də " Xocalıya ədalət” kampaniyası çərçivəsində müəyyən işlər görülür. Məhz bu siyasətin nəticəsidir ki, bir neçə ölkə Xocalı faciəsini soyqırım kimi tanıyıb. Bundan sonra da bu işlərin məqsədyönlü şəkildə davam etdirilməsini məqbul hesab edirəm. Amma bu sadəcə dövlətin işi deyil. Hər birimiz vətəndaş olaraq Xocalı soyqırımının anılması və təbliği istiqamətində bacardığımız işi görməliyik. Media orqanlarında, sosial şəbəkələrdə, iştirak etdiyimiz beynəlxalq tədbirlərdə zaman-zaman bu hadisəni gündəmə gətirib, Xocalı həqiqətlərini özündə əks etdirən materiallar paylaşmalı, öz fikirlərimizi bəyan etməliyik. Bir çoxlarımızın dostluq siyahısında xarici ölkə vətəndaşları var. Bizim Xocalı ilə paylaşdığımız hansısa bir foto, yazdığımız bir tarixi fakt artıq həmin ölkənin bir neçə vətəndaşının bu soyqırım haqqında məlumat alması deməkdir”.
İ.Vəlizadənin sözlərinə görə, ermənilər yüz ildir olmayan bir soyqırımı təbliğ edir, onun tanınmasına nail olmaq istəyirlər, həm də fərdi şəkildə.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb