- "Bu proses bu gün də davam edir və Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına mühüm töhfələr verir”
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi Azərbaycanın Türk dünyası və İslam aləmində artan rolunun göstəricisidir. Müxtəlif ölkələrdən dini liderlərin, alimlərin və ictimai xadimlərin Bakıda bir araya gəlməsi tədbirlərin coğrafi miqyasını genişləndirməklə yanaşı, onların mənəvi və siyasi əhəmiyyətini də artırır.
Prezident İlham Əliyevin nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər Azərbaycanın bu proseslərə yanaşmasının əsas istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçımız ilk növbədə iki mühüm tədbirin eyni vaxtda keçirilməsinin rəmzi mənasına diqqət çəkib. Bildirib ki, bu, Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin Türk və İslam dünyasının ümumi mənəvi xəzinəsinin mühüm hissəsi olması ilə bağlıdır.
Bakıda keçirilən toplantının mühüm cəhətlərindən biri onun geniş coğrafiyanı əhatə etməsidir. Türk dövlətlərinin dini rəhbərləri ilə yanaşı, Gürcüstan və Suriyadan, Şimali Qafqazdan olan dini liderlərin də tədbirdə iştirakı Azərbaycanın Türk dünyası, Qafqaz və İslam aləmi arasında əlaqələndirici mövqeyini nümayiş etdirir.
Azərbaycan isə həm Türk dünyasının bir parçası, həm də Qafqaz ölkəsi kimi nüfuzunu daha da möhkəmləndirib.
Dövlət başçısının Qafqaz Albaniyası və Atabəylər dövlətinin tarixinə toxunması da bu kontekstdə diqqətəlayiqdir. Prezidentin qeyd etdiyi kimi, qədim Qafqaz Albaniyası məhz Azərbaycanın ərazilərində mövcud olub, Albaniyanın paytaxtı Qəbələ, Atabəylər dövlətinin paytaxtı isə Naxçıvan olub. Bu tarixi reallıqlar Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında əlaqələrin mühüm həlqəsi olduğunu göstərir.
Prezident İlham Əliyevin çıxışında ən mühüm məqamlardan biri Türk və İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsinin zəruriliyidir.
Mövzunu şərh edən AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan tarixən həm Qafqazın, həm də Türk dünyasının mühüm və mərkəzi hissələrindən biri olub. Alim vurğulayıb ki, müxtəlif dövrlərdə Azərbaycan xalqının qurduğu dövlətlər və yaratdığı mədəniyyət bu coğrafiyanın siyasi, tarixi və mənəvi inkişafında mühüm rol oynayıb:
“Tarixə nəzər saldıqda görürük ki, Azərbaycan həm Qafqazın, həm də bütövlükdə Türk dünyasının mühüm mərkəzlərindən biri olub. Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə bir sıra dövlətlər qurub və bu dövlətlərin siyasi, mədəni və dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Xəzərlər, Qafqaz Albaniyası, Səlcuqlar, Atabəylər, Bayandurlar, Baharlılar və Səfəvilər kimi dövlətlər bu tarixi irsin müxtəlif mərhələlərini təşkil edir.
Azərbaycanın Qafqazda aparıcı mövqeyi yalnız siyasi tarixlə məhdudlaşmır. Mədəniyyət, fəlsəfə, şəhərsalma və dövlətçilik ənənələri baxımından da bu coğrafiyanın mühüm mərkəzləri məhz Azərbaycan ərazisində yerləşib. Qəbələ, Gəncə, Naxçıvan, Bakı və digər şəhərlər müxtəlif dövrlərdə bölgənin siyasi və mədəni həyatında xüsusi əhəmiyyət daşıyıb.
Azərbaycan xalqı geniş coğrafiyada öz mədəni irsini formalaşdırıb və müxtəlif dini-mədəni mühitlərdə mühüm rol oynayıb. Xristianlıq, iudaizm və İslam kimi dini ənənələrin bu coğrafiyada mövcudluğu Azərbaycan tarixinin çoxqatlı xarakterini göstərir. Azərbaycan türkləri həmin mədəni proseslərin inkişafına özünəməxsus töhfələr veriblər.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Qafqaz Albaniyası və Atabəylər dövləti kimi tarixi dövlət qurumları Azərbaycanın dövlətçilik irsinin mühüm səhifələrindəndir. Bu irs Azərbaycanın regionda tarixi mövqeyini və Türk dünyası ilə əlaqələrinin dərinliyini göstərir.
Bu gün Azərbaycan həm Qafqazda, həm də Türk dünyasında öz sözünü deyən dövlətlərdən biridir. Ölkənin regional və beynəlxalq müstəvidə artan rolu tarixi dövlətçilik ənənələrinin müasir dövrdə davamı kimi qiymətləndirilə bilər. Azərbaycan bu gün də Qafqazın aparıcı dövlətlərindən biri olmaqla yanaşı, Türk Dövlətləri Təşkilatının inkişafında mühüm rol oynayır”.
F. Ələkbərli qeyd edib ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatında iştirakı yalnız bir dövlətin təşkilata üzvlüyü kimi deyil, bütövlükdə Qafqazın Türk dünyası ilə əlaqələrinin güclənməsi baxımından da əhəmiyyətlidir. Onun sözlərinə görə, Azərbaycanın təşkilatda fəal iştirakı Qafqazın Türk dünyasının siyasi, iqtisadi və mədəni əməkdaşlıq məkanına daha sıx inteqrasiyasına imkan yaradır: “Aydındır ki, Türk Dövlətləri Təşkilatının güclənməsi və Qafqazın aparıcı ölkəsi olan Azərbaycanın bu təşkilatda təmsil olunması mühüm amildir. Azərbaycanın Türk Dövlətləri Təşkilatında iştirakı, eyni zamanda, Qafqazın da bu əməkdaşlıq platformasında təmsil olunması deməkdir. Qafqaz zəngin tarixi və mədəni ənənələrə malik güclü bir regiondur. Bu baxımdan, Qafqazın Türk dünyasının bir hissəsi kimi daha fəal şəkildə təmsil olunmasında Azərbaycanın xüsusi rolu var. Bu proses bu gün də davam edir və Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına mühüm töhfələr verir”.