Putin-Tramp görüşü böhranları çözə bilər
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında ilk görüş hər iki tərəf üçün münasib vaxtda baş tutacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə Prezidentinin görüşünün vaxtı ilə bağlı fikir bildirərkən deyib. Nazir əlavə edib ki, Tramp ABŞ Prezidenti seçiləndən qısa zaman sonra iki ölkə lideri arasında telefon danışığı olub:
"Çox yaxşı söhbət alındı, ikitərəfli münasibətlərdə əsas məsələlər, eləcə də əsas beynəlxalq problemlər ətrafında ümumi fikir mübadiləsi olub”. Xatırladaq ki, Amerika Prezidenti Donald Trampla Rusiya rəhbəri Putin arasında baş tutması gözlənilən görüş maraqla izlənilməkdədir. Xüsusən, Putinin Trampın seçilməsinə yardım etməsi iddiasından və Ağ Ev rəhbərinin Kreml rəhbəri haqqında xoş sözlər sərf etməsindən sonra görüşün mahiyyəti daha da artıb. Bəzi ekspertlərə görə, əgər liderlər arasında görüş baş tutarsa, Rusiya-ABŞ münasibətləri fərqli istiqamətdə inkişaf edə bilər.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq İlqar Vəlizadə deyib ki, görüşün harada və hansı formada baş tutacağı onun nə vaxt reallaşacağından daha önəmlidir:
"Ən maraqlı məsələ budur. Düşünmürəm ki, liderlər arasında xüsusi, planlaşdırılmış görüş olsun. Fikrimcə, Putin-Tramp təması hansısa beynəlxalq konfrans çərçivəsində baş tutacaq. Beynəlxalq gündəliyə baxanda ən yaxın tədbirin İtaliyada keçiriləcək "Böyük Yeddilər” olduğunu görürük. Düzdür, "G-7”-də təmsil olunan ölkələr Rusiyanı qurumdan çıxartmaq qərarı alıblar. Amma digər dövlətlərə nisbətən İtaliya ilə Rusiya arasında əlaqələr yaxşıdır. Bu baxımdan ehtimal edilir ki, İtaliya rəhbərliyi Putini "G-7”-lərin konfransına dəvət edə bilər. Əgər bu baş verərsə, orada Putinlə Tramp arasında qısa müddətli görüş reallaşar”.
Ekspert bildirib ki, ABŞ-Rusiya əlaqələri çox maraqlı dövrünü yaşayır:
"Açıq münasibətlər olmasa da, uzun illərdən sonra iki ölkənin Baş Qərargah rəislərinin bir araya gəlməsi və müzakirələr aparması ümidvericidir. Tərəflər arasında müzakirə mövzusu əsasən Yaxın Şərq və İŞİD-lə bağlıdır. Təbii ki, prezidentlərin görüşü də müsbət nəticə verər. Yaxın Şərqdəki kritik vəziyyət iki super gücün əməkdaşlığı ilə daha tez çözülə bilər. Ancaq düşünmürəm ki, yaxın həftələr ərzində belə bir görüş reallaşacaq”.
İsmayıl