"Dünya üzrə ABŞ-ın 800-ə yaxın hərbi bazası var"



"Donald Tramp özü müharibə istəməyən şəxs ola bilər. Ancaq onun Amerika rəhbərliyində olması dünya siyasətinə təsir göstərir. Və müəyyən mənada hətta korrektə edib, formalaşdırır”.

Bunu Sherg.az-a ABŞ prezidenti D. Trampın "Biz yenidən müharibələrdə zəfər çalmağa başlamaq niyyətindəyik” mesajını şərh edərkən politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, prezidentin dünyanın ən böyük fövqəl gücünün başçısı olması onun dünya siyasətində hücum mövqedə dayanmasını tələb edir:

"Güclülər heç vaxt kompromisə getmir, kompromisə gedənlər zəiflər, asılı vəziyyətdə qalanlar. olur. Bu baxımdan güclülər bütün müstəvilərdə öz istədiklərini təmin etməyə çalışırlar. Bu da, təbiidir. Çünki güclülər yalnız güclərini itirdikdən sonra yola gəlirlər, qarşılıqlı razılaşmalara boyun əyirlər. Birmənalı liderlik belə imkanı həmişə heçə endirir. ABŞ konqresindən, Senatdan Ukraynaya 150 milyon dollarlıq silah-sursat vermək haqqında qərar qəbul olunub. Yaxın zamanda qərar təsdiqini taparsa, Amerika Kiyevə həmin köməyi göstərəcək. Bu ondan xəbər verir ki, D.Trampa qədər olan əsas prioritetlərdən imtina edilməyib. Ağ ev rəhbəri ola bilsin ki, Ukrayna məsələsi ilə bağlı müharibə istəmir, mötədil mövqeyi var, ancaq həmin siyasəti həyata keçirməyə Konqres və Pentaqon imkan verməyəcək. Çünki bu institutlar adətən ABŞ-ın siyasətini formalaşdırır, yönəldir. Həmin siyasətin arxasında isə böyük maraqlar dayanır. 2017-ci il üçün hərbi büdcənin həcmi 516 milyard dollar civarındadır. Sözsüz ki, fantastik rəqəmdir. Həm müttəfiqlərə kömək, həm müharibələr aparmaq, həm də əlahiddə əməliyyatları həyata keçirmək üçün bu böyük hərbi qüvvədir. Belə rəqəmlərin qarşısında sülhsevərlikdən, humanistlikdən danışmağa adamın dili gəlmir. Çünki o güclü dövlətdir, bütün dünyanı özünün maraq dairəsi kimi görür. Ona görə, hazırda dünya üzrə rəsmi Vaşinqtonun 800-ə yaxın hərbi bazaları var. Bu o deməkdir ki, dünyada dövlətin liderliyi həm də güc vasitəsilə təmin olunub. Bu reallıqlar qarşısında prezidentin müharibə mesajı verməsi normaldır”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Virciniya ştatında dənizçilər qarşısında çıxışı zamanı müdafiə xərclərinin artırılmasının yenidən dövlətin ordusuna müharibələrdə qələbə qazanmaq imkanı yaradacağını deyib.

Aysel Aslan