Dünyanın heç bir ölkəsində Təcili Yardım maşını benzinsiz qala bilməz

“Gün ərzində onların benzin təminatı yoxlanılmalıdır”
“Əgər maşının benzini yoxdursa, həkimin edəcəyi bir şey yoxdur. Bütün günah təşkilatçılardadır”
Tovuz rayonunda ölüm hadisəsi baş verib. Hadisə iyunun 1-də gecə saatlarında qeydə alınıb. Rayonun Qaraxanlı kənd sakini, 1952-ci il təvəllüdlü Vəlixanov Aydın Vəlixan oğlu gecə saat 04:00 radələrində yaşadığı evdə esense turşusu (sirkə) içib.

Mərhumun ailəsindən PressClub.Az-a verilən məlumata görə, hadisə baş verən kimi dərhal təcili tibbi yardıma zəng edilib. Lakin verilən cavab zəhərlənən Aydının yaxınlarını şoka salıb. Belə ki, təcili tibbi yardım stansiyasından benzin olmadığı səbəbindən həkim göndərə bilməyəcəkləri bildirilib.
Tibbi yardımı evə çağıra bilməyən ailə üzvləri çarəsiz qalıb xəstəni özləri şəxsi maşınla xəstəxanaya çatdırmaq məcburiyyətində qalıblar.

Ailə üzvləri iddia edirlər ki, ilkin müdaxilə olmadığından və xəstə tibb müəssisəsinə gec çatdırıldığından Aydın xəstəxanada keçinib.

Ailə hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102” xidmətini də məlumatlandırıb.
Qeyd edək ki, hadisə mediada intihar kimi qeyd edilib. Vurğulanıb ki, yaralı Aydın Vəlixanov hadisədən dərhal sonra Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb. A.Vəlixanov xəstəxanada dünyasını dəyişib.
Hadisənin isə ailə münaqişəsi zəminində baş verdiyi bildirilib.

Məsələ ilə bağlı Tovuz Şəhəri Təcili Yardım Stansiyasının baş həkimi İmamverdi Qənbərovla əlaqə cəhdləri uğursuz olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova isə "Şərq”ə açıqlamasında mətbuatda yayılan xəbərlərin əsassız olduğunu deyib. Onun sözlərinə görə, Təcili Tibbi Yardım Stansiyasından benzin olmadığı səbəbindən həkim göndərilməməsi kimi iddialar həqiqəti əks etdirmir.

Uzun illərdir təcili yardım həkimi işləyən Şahvələd Məmmədovun "Şərq”ə açıqlamasına görə, əgər doğrudan da belə bir hadisə baş veribsə, burada əsas məsuliyyət Tovuz rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin üzərindədir: 

"Əgər maşının benzini yoxdursa, həkimin edəcəyi bir şey yoxdur. Bütün günah təşkilatçılardadır. Dünyanın heç bir ölkəsində Təcili Tibbi Yardım maşını benzinsiz qala bilməz. Gün ərzində onların benzin təminatı yoxlanılmalıdır. Bir həkim də mənəm. Xəstəxana təcili yardım maşınını benzinlə təmin etməyibsə, gələn çağırışlara necə cavab verməliyəm?! Həkim atla, eşşəklə gedib xəstəyə ilk yardım göstərməli deyil ki. Bu hadisəyə səbəbkar olan şəxslər cinayət məsuliyyəti daşıyır”.

Şəymən