“Düşmən ölkənin parlamenti ilə əməkdaşlıq mümkün deyil”

Elman Məmmədov: “Biz əməkdaşlığı qonşu Gürcüstan və Rusiya parlamentləri ilə edirik”



Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini qəbul edib. Görüşdə Azərbaycanla ATƏT Parlament Assambleyası arasında əməkdaşlığın gələcək perspektivləri, regional məsələlər, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov bəyan edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal faktına son qoyulmalıdır.

Kristian Vigenin isə problemin sülh yolu ilə həllinə nail olmaq üçün parlament dəstəyinin artırılmasının vacibliyini və məclislər arasında sıx əməkdaşlığın önəmini vurğulayıb. Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycan parlamenti torpaqların sülh və ya hərb yolu ilə işğaldan azad olunması istiqamətində dəfələrlə öz mövqeyini ortaya qoyub: "Parlament təmsil olunduğu bütün beynəlxalq qurumlarda, ATƏT-də, Avropa Şurasında, NATO-da ən yüksək səviyyədə Dağlıq Qarabağ məsələsini gündəmə gətirib. Biz beynəlxalq tribunalarda öz tələblərimizi irəli sürmüşük, bəyanatlarımızı vermişik. Ancaq o ki qaldı düşmən və işğalçı ölkənin parlamenti ilə hansısa əməkdaşlığa, bundan söhbət gedə bilməz. Torpağımı işğal etmiş düşmən dövlətin parlamenti ilə necə əməkdaşlıq edək? Əlbəttə, beynəlxalq tədbirlərdə parlamentlər arasında görüşlər keçirilir və hərə öz mövqeyini ortaya qoyur. Ancaq bu, əməkdaşlıq demək deyil. Biz əməkdaşlığı qonşu Gürcüstan və Rusiya parlamentləri ilə edirik. Ancaq ermənilərlə əməkdaşlıq indiki vəziyyətdə qəbuledilməzdir. Bilirsiz, beynəlxalq təşkilatlar qeyri-ciddi açıqlamalarla, bəyanatlarla başlarını girələyir, günlərini keçirirlər. Əlbəttə, belə yanaşma Ermənistan tərəfinə sərf edir, amma biz narahatıq, çünki işğala məruz qalan bizik”.

İsmayıl