Düşmənin təxribat maşını işə düşüb
Saakyanın ABŞ-a, Fransaya və Rusiyaya səfərini erməni lobbisinin fəaliyyəti kimi dəyərləndirmək mümkündür
Məlum olduğu kimi, işğal edilmiş ərazilərimizdə yaradılmış qondarma rejimin "rəhbəri” Bako Saakyan ABŞ və Fransadan sonra növbəti həmsədr ölkəyə - Rusiyaya səfər edib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat yayıb. Səfərə etiraz edən rəsmi Bakı bildirib ki, bu cür addımlara yol verilməsi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir. Eyni zamanda Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir: "Rusiya tərəfinin bu addımı Azərbaycan ilə Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir. İkitərəfli münasibətlərin normativ-hüquqi bazası və iki ölkə arasındakı dostluq və əməkdaşlığa zərbə vurur. Qondarma rejimin "rəhbəri”nin həmsədr ölkələrə səyahət etməsi və buna imkan verilməsi münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”.
Son günlər separatçı rejimin rəhbərinin xüsusi aktivlik nümayiş etdirməsini "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyanın ABŞ-a, Fransaya və Rusiyaya səfərini erməni lobbisinin fəaliyyəti kimi dəyərləndirmək mümkündür. Ekspert bildirib ki, həmsədr ölkələrdə erməni lobbisi güclüdür. Rusiyada da ermənilər mühüm postlarda əyləşiblər:
"Digər tərəfdən, Ermənistandan kənarda ermənilər ən çox Rusiya ərazisində yaşayır. Rəsmi rəqəmlərdə bir milyon yarım göstərilsə də, qeyri-rəsmi mənbələr onların sayının bir neçə milyon olduğunu təxmin edir. Amerikanın erməni icması Rusiyadan sonra Ermənistandan kənarda yaşayan ikinci ən böyük erməni icması hesab edilir. Müxtəlif mənbələrdə ABŞ-da 800 minlə 1 milyon 500 min arasında erməni əsilli insanın yaşadığı göstərilir. Fransada isə 250-750 min arasında erməni mənşəli insanın yaşadığı bilinməkdədir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin hər biri dolayısı ilə olsa da, erməniləri müdafiə edir”. Analitik bəyan edib ki, separatçı rejimin rəhbərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin ölkələrində yüksək səviyyədə qarşılanması Bakının bu qurumun vasitəçiliyindən imtina etməsinə gətirib çıxara bilər: "İstər ABŞ, istər digər həmsədr dövlətlər, istərsə də qeyri-həmsədr ölkələr separatçı rejimin rəhbərini görüşə dəvət edirlərsə, Azərbaycan ərazilərini öz gücü hesabına qorumaq barədə düşünə bilər. İlk növbədə, Minsk Qrupundan imtinanın mənfi və müsbət cəhətləri geniş müzakirə edilməlidir”.
Analitik Ehtiram Aşırlı da bəyan edib ki, son günlər Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin başçısı Bako Saakyan "fəallığı” ilə diqqət çəkməkdədir:
"Saakyan Fransa və ABŞ-a reallaşdırdığı səfərlərdən sonra son olaraq Rusiyaya səfər edib. Təbii ki, burada ilk diqqət çəkən məqam separataçı Saakyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səfər etməsidir. ABŞ keçmiş Sovet İttifaqı ərazisindəki digər qanunsuz qurumların nümayəndələrinə viza vermir. Məsələn, 2014-cü il aprelin 12-də ABŞ Krımın "yüksək rütbəli” separatçılarına sanksiyalar tətbiq edib. Amma nədənsə, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin başçısı Saakyana bu qadağa şamil olunmur. Belə qadağa Fransada da var. Xüsusilə Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrindən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, separatçı Bako Saakyan sərbəst gəzə bilir. Fransanın ondan artıq şəhər meri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək, işğal altında olan şəhərlərimizlə "qardaşlaşma” sazişləri imzalayıblar. Lakin Korsikada separatizmə qarşı sərt və kəskin siyasət aparan rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur və separatçıların qarşısını almaq məqsədilə heç bir tədbir görmür. Əvvəla onu qeyd edim ki, Saakyanın Fransa və ABŞ-a səfərinin əsas məqsədi qondarma rejimin legitimliyinə nail olmaq və danışıqlar masasında "dövlət” olaraq təmsil olunmaqdır. Bu səbəbdəndir ki, son səfərini Qafqazda əsas aktor olan Rusiyaya edib. Rusiya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğu bir vaxtda belə bir səfərin reallaşdırılması ayrı məna kəsb edir.
Ələlxüsus da Ermənistanda növbədənkənar parlament seçkilərinə hazırlıq getdiyi və Rusiya ilə Ermənistanın münasibətlərində gərginliyin, soyuqluğun davam etdiyi bir vaxtda belə bir səfərin baş tutması Nikol Paşinyana sətiraltı mənaları geniş olan bir mesajdır”.
Ekspertin sözlərinə görə, yaxın zamanlarda separatçı Saakyan tərəfindən bölgədə və cəbhədə vəziyyəti gərginləşdirə biləcək addımlar atıla bilər:
"Paşinyanı narahat edəcək bir neçə açıqlama Saakyan tərəfindən də səsləndirilə bilər. Saakyanı düşündürən əsas amil Paşinyanın yenidən baş nazir seçiləcəyi təqdirdə "Qarabağ klanı”na qarşı sərgiləyəcəyi mövqedir. Saakyan çox gözəl anlayır ki, Paşinyan Ermənistanda üstünlüyü ələ aldıqdan sonra qondarma respublikada da rejim qalıqlarını təmizləyəcək”.
İsmayıl