Düz söz SANCAR

Nobel mükafatçısı Bakıda mesaj verdi: Çox da şeirlə məşğul olmayın




Ötən həftə ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı, bütün dünyada tanınan türk alim Aziz Sancar Bakıda qonaq olub. Bir çox alimlər, ictimai şəxslər və jurnalistlərlə görüşən alim maraqlı çıxışları ilə yadda qalıb.

"Həyatımda dərin iz buraxan bir həftə yaşadım”

Azərbaycana səfəri çərçivəsində UNEC-də media mənsubları ilə görüşən Aziz Sancar Bakını çox sevdiyini və Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib: "Bakını çox sevdim, gözəl və səliqəli şəhərdir. Hesab edirəm ki, burada çox səmərəli görüşlər keçirdim. Təhsil naziri, AMEA prezidenti ilə görüşdüm. Azərbaycanın alimlərinin zəngin biliyə malik olduqlarının, çox faydalı işlər gördüklərinin şahidi oldum”.
Nobel mükafatçısı Azərbaycanda nano-texnologiyalar sahəsində görülən işləri də yüksək qiymətləndirib. Jurnalistlərin diabet və xərçəng xəstəliyinin yaranması və müalicəsi haqqında suallarını cavablandırıb. O bildirib ki, diabet və xərçəng xəstəliyinin müalicəsi hələ də tam olaraq tapılmayıb. Diabetlə ən yaxşı mübarizə üsulu sağlam həyat tərzidir. Ancaq sağlamlığın qeydinə hər hansı bir xəstəliyə tutulmazdan öncə qalmaq lazımdır. Xərçəngdən qorunmaq üçün isə ən azından siqaretdən imtina etmək olar: "Dünyada xərçəng xəstəliyinin təqribən 30 faizi siqaret çəkməkdən yaranır. Qalan faizi üzərində isə dünya alimləri çalışır. Onlar müəyyən uğurlar əldə edirlər, ancaq xərçəng xəstəliyinin nə zaman aradan qalxacağını, tam müalicəsinin nə zaman tapılacağını söyləmək çətindir”.

"Bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”

Son illərdə texnologiyaların inkişafı nəticəsində xərçəng xəstəliyinin artması ilə bağlı səslənən iddialara münasibət bildirən A.Sancar qeyd edib ki, bununla bağlı dünyada iddialar olsa da, sübut edəcək bir dəlil yoxdur.
Ömrünü elmə həsr edən alim "bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”, deyə bildirib: "Müəllimlik həqiqətən müqəddəs peşədir. Onlar millətin gələcəyini müəyyən edir”.
Nobelin əsas meyar olmadığını vurğulayan alim bu mükafatı almadan belə adının dərsliklərdə qeyd olunduğunu bildirib: "1982-ci ildən adım biokimya sahəsində dərsliklərdə çəkilir. Nobelə layiq görülməyim isə məni bu sahə ilə məşğul olmayan insanlara da tanıtdı. Bir alimin Nobelə layiq görülməməsi heç də elmə verdiyi töhfələri azaltmır. Məsələn, riyaziyyat üzrə Nobel mükafatı təqdim edilmədiyindən Lütfi Zadə bu mükafatı almayıb. Amma mən əminliklə sizə deyə bilərəm ki, Lütfi Zadə Nobeldən yüksəkdə dayanır. Mən onun kəşfi ilə iyirmi il öncə tanış olanda heyrətə gəlmişdim”.
Görüşün sonunda A.Sancar Azərbaycanda olmaqdan bir daha məmnun olduğunu bildirib: "Həyatımda dərin iz buraxan bir həftə yaşadım. Bunun üçün sizə minnətdaram!” Sonda Aziz Sancara üzərində xarı bülbül simvolu olan eksklüziv Qarabağ qalstuku hədiyyə olunub.

Nobel mükafatı laureatı Bakı Dövlət Universitetində də olub.
Təhsil naziri Mikayıl Cabbarovun dəvəti ilə ölkəmizə səfər edən Aziz Sancarın Bakı Dövlət Universitetinə gəlişini yüksək qiymətləndirən rektor, akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edən Nobel mükafatı laureatı Aziz Sancar elmin müxtəlif istiqamətləri, o cümlədən biokimya, molekulyar biologiya və nanotexnologiyalar sahəsində aparılan işlərlə maraqlanıb.

Qarşılıqlı maraq doğuran görüş BDU-nun Nanoaraşdırmalar mərkəzində kimya və fizika fakültəsinin professor-müəllim heyəti, magistr və tələbələrinin iştirakı ilə davam edib. Nobel mükafatı laureatı Aziz Sancar mərkəzdə yerinə yetirilən işlər, nanotexnologiya sahəsində aparılan araşdırmalar, digər elmi-tədqiqat işləri ilə bağlı görülən işləri yüksək qiymətləndirib.

Məndən xərçəngin dərmanının nə vaxt tapılacağını soruşurlar

Professor səfərdə olduğu müddətdə Təhsil TV-nin də qonağı olub. Uşaqlığından, tələbəlik dövründən və təhsillə bağlı maraqlı fikirlər səsləndirib: "Mən konfranslara, elmi toplantılara heç vaxt getmirdim. Məni seçən Nobel komitəsindən isə bir nəfəri belə tanımırdım. Amma mənim sahəmdə Nobel verilən zaman baxdılar ki, bu sahədə önəmli işləri olan üç nəfərdən biriyəm. Heç tanımadıqları halda Nobel mükafatı verdilər. Demək istədiyim budur ki, elmi Nobeldə təbliğata ehtiyac yoxdur. Məndən tez-tez soruşurlar, xərçəng xəstəliyinin dərmanı nə vaxt tapılacaq? Cavabım budur, əgər türk milləti siqaretdən imtina edərsə, xərçəng 30 faiz azalar. Müalicəyə ehtiyac qalmaz”.

Aziz Sancar Bakıda türk tələbələrlə görüşüb

A.Sancar Türkiyə səfirliyinin Nuru Paşa salonunda təşkil etdiyi görüşdə iştirak edərək, ölkəmizdə təhsil alan türkiyəli tələbələrin suallarını cavablandırıb:

"Azərbaycana sevgimiz Türkiyəyə olan sevgimiz qədərdir. Buna görə də Azərbaycana gəlməyi özümə vəzifə borcu hesab etdim. İlk dəfə Amerika xaricinə çıxıram və ilk dəfə Azərbaycana gəlməyi seçdim. Çünki Türkiyə üçün, Türkiyə türkləri üçün Azərbaycanın yeri xüsusidir. İnşallah, iki ölkə arasında olan əlaqələr daha da güclənəcək”.

Dünya şöhrətli alim həmçinin sonuncu tədqiqatı barədə də məlumat verib. Onun sözlərinə görə, siqaret insanın DNK-sına ciddi şəkildə zərər vurur, bu zədələnmiş hüceyrələr xərçəng xəstəliyinin təməlini qoyur. O, öz tələbələri ilə birlikdə siqaretin DNK-ya vurduğu zərərlərin xəritəsini hazırlayıb.
Görüşdə iştirak edən Şahlar Əsgərov, ən yaxşı universitetlərin siyahısında daha çox Qərb ölkələrinə aid təhsil ocaqlarının adının olduğunu söyləyərək, Aziz Sancara bu sualı verib: "Türkiyə və Azərbaycanda olan universitetlərin də bu siyahıya düşməsi üçün cənab İlham Əliyevə və cənab Ərdoğana hansı məsləhətləri verərdiniz?” Aziz Sancar isə bunun üçün birinci növbədə ölkə daxilində lazımlı tədbirlərin görülməli olduğunu, kənardan yardım gözləməyin bir fayda verməyəcəyini bildirib. Görüşün ən yaddaqalan sualını isə azyaşlı məktəbli verib. Məktəbli professordan bir insanın DNK-sının digərinə köçürülməsi zamanı hansı dəyişikliklərin olacağını soruşub.

Azərbaycanda şeir yazmaq dəbdə qalır

Sancarın yaddaqalan və maraq doğuran açıqlamalarından biri də universitetlər və elmin inkişafı üçün dediyi ifadələr olub: "Biz istəyirik ki, universitetlərimiz inkişaf etsin, Türkiyədəki universitetlər səviyyəsinə qalxsın. Bunun üçün nə etməliyik” sualını cavablandıran alim belə deyib: "Anadolu türkləri Avropanı fəth edəndə burada şeir yazmaq dəbdə idi. İndi də Azərbaycanda şeir yazmaq dəbdə qalır”.
Sosial şəbəkələrdə də maraqla qarşılanan bu fikir əslində, yüz illərdir ki, aşa bilmədiyimiz çərçivənin özüdür.
Ədəbi tənqidçi Əsəd Cahangir Əziz Sancarın bu sözlərində haqlı olduğunu bildirib: "Aziz Sancarın bu fikri ilə yüzdə yüz razıyam. Təxminən 15-16 il öncə yazdığım və "Vətəndaş həmrəyliyi” qəzetində dərc olunan "Kim yatmış, kim oyaq” adlı yazımda bu fikri geniş şərh də eləmişdim. Poeziya daha çox ürək, elm beyinlə bağlıdır. Amma onların hər ikisi beyin yarımkürələri ilə idarə olunur. Poeziya sağ, elm sol beyin yarımkürəsi ilə bağlıdır. Bunların biri aktivləşəndə o biri zəifləyir. Odur ki, şeirə aludəçilik elmi təfəkkürü zəiflədir. Bunu ilk başa düşən ingilislər oldu. Ona görə də onlar öz iqtisadçıları Adam Smit və David Rikardoya Şekspirdən daha çox önəm verirlər. Bizdə bu gün şeir yazmaq yoluxucu xəstəliyə çevrilib. Və bu, ümummilli intellektin elmi istiqamətə yönəlməsinə mane olur. Buna müəyyən mənada Qarabağ hadisələri səbəb oldu. Dərddən başını itirən adamlar şeir yazırdılar. Şeir əlindən heç nə gəlməyən adamın son sığınacağıdır. Daha bir səbəb sosial şəbəkə ilə bağlıdır. Kim istəsə şeir yazır və yaya bilir və özünü şair elan edir. Aziz Sancarın bir fikri ilə razı deyiləm. Deyir ki, guya türklərdə poeziya artıq ümummilli səviyyədə keçilib. Mən təxminən 10 il öncə Türkiyədə olanda bunun tam əksini müşahidə etdim. Onların bu konudakı durumu bizdəkindən heç də yaxşı deyil. Və hətta onlarda şeirə pərəstiş daha güclüdür. Xüsusən də Anadolu tərəflərdə. Bu, onlarda tarixi ənənədir. İlahi, sən millətimi elliklə şeir yazmaq xəstəliyindən xilas elə!” (moderator.az)

"Lütfi Zadənin adı Nobeldən daha böyükdür”

Aziz Sancarla keçirilən görüşdə iştirak edən "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də Nobel mükafatçısı ilə görüşdən xoş təəssüratlarla qayıdıb: "Görüş zamanı Aziz Sancara ünvanlanan sualların əksəriyyəti onun ixtisası ilə bağlı idi. Ancaq mən tamamilə fərqli mövzularla bağlı sual verdim. Mənə maraqlı idi ki, türk yazıçısı Orxan Pamuk Nobel mükafatı alarkən Aziz Sancar hansı hissləri keçirib və Sancar Nobel aldığı zaman Orxan Pamuk bir türk nümayəndəsi olaraq onu təbrik edib? Aziz Sancar da Orxan Pamukla bağlı düşüncələrini bölüşdü və məlum oldu ki, o Nobel alandan bir müddət sonra yaşadığı şəhərdə Orxan Pamukun imza günü keçirilib. Sancar da həmin tədbirə gedib və imza üçün növbə gözləyib. Orxan Pamukla tanışlığı məhz orada olub və birlikdə şəkil çəkdirib, söhbət ediblər. Aziz Sancara ünvanladığım digər sual isə Lütfi Zadə ilə bağlı oldu. Sancar isə onun üçün Lütfi Zadənin adının Nobeldən daha böyük olduğunu dedi. Sən demə, hələ 20 il bundan öncə Sancar Lütfi Zadənin araşdırmalarını, elmi kəşflərini izləyib. Onu da qeyd edim ki, Aziz Sancar Nobelin sadəcə bir şans məsələsi olduğunu təsdiqlədi. Mənim üçün maraqlı olan bir məqam da Nobel mükafatçısının hobbiləri idi. Amma Aziz Sancar gənclik illərində futbol oynamağını çıxmaq şərti ilə heç bir hobbisi olmadığını dedi. Sözün açığı, onun bütün həyatını elmə sərf eləməsi məni bir qədər məyus etdi”.

8 uşaqlı kasıb bir ailənin 7-ci övladının dünya şöhrətli alim olması və Nobel alması bizim gənclər üçün bir növ örnəkdir

Nobel mükafatçısının Bakı səfərinin Azərbaycan cəmiyyətində bir o qədər səs-səda doğurmamasının səbəblərinə gəldikdə isə R.Məcid bunun təbii hal olduğunu deyib: "Hesab edirəm ki, Aziz Sancarla hansısa şou nümayəndəsinin səfərinə eyni dərəcədə reaksiya gözləmək düzgün deyil. Müğənnilərin fanatları olur, mahnıları hər kəs tərəfindən dinlənilir. Aziz Sancar isə mikrobiologiya sahəsi üzrə bu mükafata layiq görüldüyü üçün bir o qədər də geniş ictimaiyyətə siraət etmədi. Sadəcə, o bir türk olduğu üçün Azərbaycana səfəri bizim üçün müsbət hadisə kimi dəyərləndirilir. Onun bu səfəri diqqətini elm sahəsinə yönəldən gənclər, alimlər üçün bir stimuldur. 8 uşaqlı kasıb bir ailənin 4-cü övladının dünya şöhrətli alim olması və Nobel alması bizim gənclər üçün bir növ örnəkdir. Amma Nobel mükafatçısının Azərbaycan səfərindən Tarkanın konsertinə göstərilən reaksiyanı gözləmək düzgün deyil. Aziz Sancarın gəlişi elmi dairələr üçün müsbət bir hadisə oldu”.
Məlumat üçün bildirək ki, Aziz Sancar 1946-cı ildə Mardinin Savur kəndində dünyaya gəlib. 8 uşaqlı ailənin dördüncü övladıdır. Mardində orta təhsili başa vurduqdan sonra İstanbul Tibb Universitetinə daxil olub. Tibb fakültəsini yüksək qiymətlərlə başa vuran Sancar iki il Savurda həkim işləyib. Daha sonra təhsilini davam etdirmək üçün Amerika Birləşmiş Ştatlarına gedib. Dallasda Teksas Universitetinin doktoranturasını 1977-ci ildə molekulyar biologiya ixtisası üzrə başa vurub, doktorluq işini isə Yale Universitetində DNA üzrə müdafiə edib. 1982-ci ildə Amerikanın ünlü elmi mərkəzlərindən olan "UNC Chapek Hill”də biokimya və biofizika üzrə çalışmağa başlayıb, DNA, hüceyrə düzülüşü, xərçəngin müalicəsi və bioloji saat üzrə ciddi elmi araşdırmalar aparıb. Çalışdığı sahə üzə 400-ə yaxın elmi məqalə, 33 kitab yazıb. Uğurlu elmi fəaliyyətinə görə ABŞ-ın Beynəlxalq Elmlər Akademiyasının, Amerika İncəsənət və Elm Akademiyasının, Türk Elmlər Akademiyasının üzvü seçilib. 2007-ci ildə Vehbi Koç Vəqfinin mükafatını alıb. Xaricdəki elmi araşdırmalarına görə, Amerika Beynəlxalq Elmlər Akademiyasına üzv qəbul edilən 3 türk alimdən biridir. 2015-ci ildə DNA sahəsində tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görülüb. Aziz Sancar elm sahəsi üzrə Nobel mükafatı alan ilk türkdür.

Şəymən