Zeynəb Kazımova: “Biz öz ölkəmizin dili, dini, mədəniyyəti, tarixi, musiqisi, hətta mətbəxi haqqında məlumat verməklə onu tanıda bilirik”
Əcnəbi dilli nəşrlərimiz...
İnkişaf da var, problemlər də
Zeynəb Kazımova: “Biz öz ölkəmizin dili, dini, mədəniyyəti, tarixi, musiqisi, hətta mətbəxi haqqında məlumat verməklə onu tanıda bilirik”
Zeynəb Kazımova: “Biz öz ölkəmizin dili, dini, mədəniyyəti, tarixi, musiqisi, hətta mətbəxi haqqında məlumat verməklə onu tanıda bilirik”
Səidə Hüseynova: "Rus dilində nəşr olunan qəzetlərin oxucusu daha çoxdur”
Şakir Ağayev: "Azərbaycanın əsas problemi olan Qarabağ problemini və ya Azərbaycan haqqında digər əhəmiyyətli yazılar çap edəndə bunu saytımız vasitəsilə daha çox insanların oxumasına nail oluruq”
Dövlət quruculuğunun dünyəvi, hüquqi və demokratik prinsiplərlə həyata keçirildiyi respublikamızda azad vətəndaş cəmiyyətinin formalaşması, insanların sərbəst yaşaması, qanunların aliliyinin təmin edilməsi istiqamətində bütün zəruri addımlar atılıb. O cümlədən demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə olan bütün maneələrin aradan qaldırılması da daim diqqət mərkəzində olub.
Azad sözün aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün daim əlindən gələni edib. Azərbaycanda ən müasir tələblərə və dünya standartlarına cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Azərbaycanda mətbuat və söz azadlığının təmin olunması, medianın inkişafı üçün dövlət üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Bu gün Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha aktiv, daha geniş şəkildə təmsil olunur. Azərbaycanda çıxan xarici dilli mətbuat orqanları üçün yaradılan lazımi şərait də plüralizmin və söz azadlığının bariz nümunəsidir. Azərbaycan qanunvericiliyi imkan verir ki, istənilən şəxs ölkədə rus, fransız, ispan və s. dillərdə qəzet buraxsın. Bu isə birmənalı olaraq plüralizmdir, mədəniyyət zənginliyidir. Qeyd edək i, bu gün Azərbaycanda 5000-ə yaxın mətbu orqan rəsmi qeydiyyatdan keçib. Onların arasında xarici dildə nəşr olunan qəzet və jurnallar da var. Azərbaycan mediasının problemlərini onlar da yaşayırlar.
(... Əvvəli ötən sayda)
Onun sözlərinə görə, Azərbaycanda ilk fransız dilində qəzet 1999-cu ildə təsis olunub. "Az-Media” adlı bu qəzet Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin orqanı kimi fəaliyyət göstərib. 2006-cı ildə qəzet öz fəaliyyətini dayandırıb. Hansı ki, bu qəzet sadəcə Azərbaycanda deyil, ümumilikdə Qafqaz regionunda da ilk fransızdilli qəzet sayılır. Məhz bu təşəbbüsdən sonra qonşu Gürcüstanda "La vie en Georgie " (Gürcüstanda həyat) adlı qəzet nəşrə başlayıb: "Le Carrefour” qəzeti bu gün Azərbaycanda fransız dilində nəşr olunan yeganə qəzetdir. Əsas məqsədi Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızları və ümumilikdə əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaqdır. Azərbaycan tarixi, mədəniyyəti, musiqisi, təbiəti ilə bağlı məqalələr verməklə milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir”. Z.Kazımova deyib ki, Azərbaycanda xarici dildə mətbuatın tarixinin Azərbaycan milli mətbuatının yaranma tarixindən də əvvələ gedib çıxması ölkəmizdə başqa dildə nəşr olunan mətbu orqanların həm də tarixi bazasının olduğunu göstərir: "Hazırda isə başqa dildə nəşr olunan mətbu orqanların məsuliyyəti ikiqat artıb. Çünki bugünkü müasir dünyada informasiyanın oynadığı rol və tutduğu yer buna rəvac verir. Bu gün medianın fəaliyyəti təkcə ictimai rəyin formalaşmasında, cəmiyyətdə hansısa ideyaların (həm müsbət və həm də təəssüf ki, mənfi mənada) təbliği ilə məhdudlaşmır. Bu baxımdan, öz dilimizlə yanaşı, xüsusən xarici dildə nəşr etdiyimiz mətbu orqanlarda öz əksini tapan yazı və məqalələrin monitorinqi vacibdir. Dil geniş anlayış olduğundan onun hər bir xalqın milli-mənəvi dəyərlərinin tərkib hissəsi olduğu məlumdur. Məhz həmin dildə danışan və düşünən şəxsə öz dilində hansısa məlumatı dəqiqliklə çatdırmaq məsuliyyətli bir işdir. İnformasiya təhlükəsizliyi baxımından belə nəşrlərin monitorinqi, oradakı dil meyarlarının qorunub saxlanması və xarici dilli qəzetlər nəşr olunan redaksiyalarda işçi heyətin dil vərdişlərinə nə dərəcədə yiyələnməsi məsələnin texniki tərəfi olması ilə yanaşı, həm də çox vacib bir mədəni-mənəvi, elmi məsələdir”.
Zeynəb xanım onu da əlavə edib ki, son dövrlər bir sıra elektron KİV-də xarici dilli bölümlərin sayının artması da məqsədəmüvafiqdir. Onun sözlərinə görə, dövlətin informasiya təhlükəsizliyinin qorunması baxımından yayılan informasiyaların doğru-dürüstlüyü ilə yanaşı, bu məlumatların, ümumiyyətlə, başqa dillərdə yayımlanmasının zəruriliyi isə məsələnin digər tərəfidir ki, bu barədə düşünməyə və real addımlar atmağa dəyər.
Ümumiyyətlə, bu gün Azərbaycanda xarici dildə mətbuata ehtiyac varmı? Belə nəşrlərin bizim mətbuatımızda rolu nədir və yeri necə görünür? Təbii ki var. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, bu mətbu orqanların köməyilə ölkədə yaşayan və işləyən əcnəbilər məhz öz dilində informasiya almaq imkanı əldə etmiş olurlar. Biz isə öz ölkəmizin dili, dini, mədəniyyəti, tarixi, musiqisi, hətta mətbəxi haqqında məlumat verməklə onu tanıda bilirik. Ən əsası isə, ikitərəfli münasibətlərin, informasiya mübadiləsinin yaranması və Azərbaycanın inteqrasiya etməsində mətbuatın rolu böyükdür və öz yeri var. Qloballaşan dünyada mədəniyyətlərin qarşılıqlı əlaqələrinin yaranması və inkişafı eyni zamanda, mətbuat sahəsində əməkdaşlığı zəruri edir. Bu baxımdan Azərbaycanda xarici dildə nəşr olunan mətbu orqanların rolu danılmazdır.
Media və Təhsil İnnovasiyaları Mərkəzinin rəhbəri Səidə Hüseynovanın fikrincə, Azərbaycanda xarici dillərdə nəşr olunan qəzetlərimizin oxucu kütləsi o qədər də geniş deyil: "Mən on, on beş il bundan öncəni nəzərdə tuturam. Amma indi Azərbaycan beynəlxalq aləmə necə sürətlə inteqrasiya edirsə, burada xarici dillərdə də nəşrlərimizin sayı artır. İndi qəzet köşklərində bir neçə əcnəbi dildə nəşr olunan qəzet və jurnallara rast gəlmək mümkündür. Saytların və informasiya portallarının özlərində belə bir neçə dildə tərcümələr var. Azərbaycanda fəaliyyət göstərən milli azlıqların mətbu orqanları da öz dillərində çap edilir. Bundan başqa, mən müşahidə aparmışam ki, daha çox bizdə rus dilində qəzetlər oxunur. Qənaətimcə, rus dilində nəşr olunan qəzetlərin oxucusu daha çoxdur”.
S.Hüseynova onu da bildirib ki, Azərbaycanda nəşr olunan qəzet və jurnallarda da fikir azadlıqları qorunub saxlanılır: "Apardığımız monitorinqlərin nəticəsindən belə qənaətə gəlmişik ki, xarici dillərdə çap olunan qəzetlərdə bu prinsip qorunub saxlanılır. Məsələn, ləzgi, rus, talış, ingilis dillərindəki qəzetlərdə oxucuların sərbəst fikir yürütmələri mövcuddur. Həmin qəzetlərdə çıxışları, hansısa məsələyə subyektiv münasibət də var. Bu da Azərbaycan mətbuatında söz və fikir azadlığı, plüralizmin bir nümunəsidir. Bundan başqa, saytlarımızda xarici dillərdə xəbərlərin verilməsi də təqdirəlayiqdir. Bu proses onu göstərir ki, mediamız dünyaya inteqrasiya etməklə yanaşı, ölkəmizdəki əcnəbi vətəndaşların və qonaqların da maraq və tələbatlarını nəzərə alır”.
"Novaya Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev də hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən xarici dilli mətbuat üçün də anadilli mətbuatda özünü göstərən problemlər aktualdır:
"Xarici dilli mətbuatın vəziyyəti də o biri mətbuatlarla eyni səviyyədədir. Belə ki, son dövrdə mətbəə xərclərinin artması da duruma öz təsirini edib”.
Ş.Ağayevin sözlərinə görə, xarici dilli mətubat sahəsində ən böyük çatışmazlıq reklam bazarının olmamasıdır: "Təəssüflər olsun ki, anadilli qəzetlər kimi xarici dilli mətbuat da reklamdan tam məhrumdu”.
Xarici dilli mətbuatın əhəmiyyətindən söz açan baş redaktorun sözlərinə görə, Azərbaycanda xarici dilli mətbuatın olması çox vacibdir: "Biz bir rusdilli mətbu orqan olaraq, Azərbaycanın əsas problemi olan Qarabağ problemini və ya Azərbaycan haqqında digər əhəmiyyətli yazılar çap edəndə bunu saytımız vasitəsilə daha çox insanların oxumasına nail oluruq. Rus dili BMT dilidir və milyonlarla insan bu dildə danışır. Eyni zamanda biz müasir texnologiyalar əsrində yaşayırıq. Xarici dildə mətbuat Azərbaycanı dünyada tanıtmaqda mühüm rol oynayır. Gəlin etiraf edək ki, dünyada rus dilində daha çox adamlar məlumatları oxuyur və biz də rus dili vasitəsilə dünya mətbuatı ilə tanış oluruq. Təbii ki, rus dilində olan materiallar daha çox Azərbaycandan kənarda oxunur ki, bu da ölkəmizin tanınmasında xüsusi əhəmiyyət kəsb edir. Mən məhz ona görə rus dilini deyirəm ki, bizim qəzet və sayt rus dilindədir. Sözsüz ki, ingilis və digər dillərdə nəşr olunan media orqanları da eyni dərəcədə əhəmiyyətlidir”.
Ş.Ağayevin sözlərinə görə, xarici dilli mətbuatın inkişafına mane olan problemlərin aradan qaldırılması üçün əsas addım reklam bazarının inkişaf etdirilməsidir: "Qəzet satışı şəbəkəsi genişlənməli, xüsusən də metro stansiyalarında qəzet satışı bərpa olunmalıdır. Qəzetlərin satışına təzə köşklər daha məsuliyyətli yanaşmalıdır. Bir də ən əsası kadr çatışmazlığının aradan qaldırılmasıdır. Bunun üçün də universitetlərdə xarici dilli jurnalist kadrların yetişdirilməsinə böyük ehtiyac var. Unutmayaq ki, biz dünyaya xarici dilli mətbuatla çıxırıq. Ona görə də əcnəbi
dilli mətbuatın inkişafı üçün əlimizdən gələni etməli, inkişafa mane olan bütün problemləri aradan qaldırmalıyıq”.
Azərbaycanda xarici dilli nəşrlərin oxucu auditoriyasına gəldikdə isə "Novaya Vremya”nın baş redaktoru çox təəssüflə vurğulayıb ki, bizim insanlar oxumağı sevmir və bu bir mərifətmiş kimi fəxr edənlər də var: "Hətta əksər səlahiyyət sahibləri belə qəzet materiallarına əhəmiyyət verməyib, "Əşi, qoy, kim nə yazır yazsın. Onsuz da heç nə oxumuram” - deyirlər. Bu çox acınacaqlı və utancverici bir fakt da olsa, Azərbaycan reallığıdır. Dünyanın bütün xalqları oxumaqla fəxr edir. Əslində belə də olmalıdır. Çünki oxumayan xalq inkişaf edə bilməz. Mən xaricdə tez-tez oluram. İnandırım sizi ki, xaricdə metroda, avtobusda, tramvayda hamı qəzet, kitab oxuyur. Bizdə isə çox nadir hallarda metroda kiminsə əlində qəzet görürük”.
(davamı olacaq...)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb