Əczaxanaları azarxanaya çeviriblər

Xalq şairi Sabir Rüstəmxanlını "alman apteki” soymaq istəyib
Xalq şairi Sabir Rüstəmxanlı şəxsi feysbuk səhifəsində apteklərdə rastlaşdığı fantastik qiymətlərdən yazıb. Sabiq millət vəkili paytaxtın Füzuli küçəsində Almaniya istehsalı dərmanların satıldığı bir aptekə gedib, təzyiq və xolesterinə qarşı dərman istəyib. Xalq şairinə dərmanın qiymətinin 250 manat olduğunu deyiblər. S.Rüstəmxanlı yazır ki, eyni dərmanı Türkiyədən 10 dəfə ucuz qiymətə alır.
250 manatlıq dərmanın əvəzinə "öz aptekimiz”dən 26 manatlıq başqa bir dərman alıb. Bir müddət sonra isə yenə də "alman apteki”nə müraciət etmək zorunda qalıb və təzyiq üçün 103 manatlıq bir dərman alıb. İstanbulda səfərdə olarkən isə eyni dərmanın orada 12 türk lirəsinə - 3 manata satıldığını görüb. Yol xərcini, gömrük rüsumunu, lap aptekin icarə haqqını da artıqlaması ilə hesablasan, yenə də 34 dəfə baha qiymət etməz. İndi Xalq şairi sual edir ki, milləti dava-dərmanla əclafcasına soyanlar, davaxananı azarxanaya çevirənlər kimlərdir?
Təbii ki, düşündürücü sualdır. Amma cavabı tapılmayacaq. Çünki cavab verən olmayacaq.
Elə bu xəbərin ardınca, İqtisadi İnkişaf Nazirliyinə istinadən dərman vasitələrinin dövlət qeydiyyatına alınması, 1334 dərman vasitəsinin təsdiqlənmiş yeni qiymətlərinin iyun ayının 1-dən qüvvəyə minməsi haqda məlumat oxuduq:
"Azərbaycanda 10 mindən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb ki, indiyədək Tarif Şurası tərəfindən həmin dərman vasitələrindən 7075-nin qiyməti təsdiq edilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunlardan 5741-nin qiymətləri qüvvəyə minmiş və hazırda apteklərdə onların satışı təsdiq edilmiş qiymətlərlə həyata keçirilir. Bildirilib ki, qiymətləri təsdiqlənən digər 1334 dərman vasitəsinin yeni qiymətləri iyun ayının 1-dən qüvvəyə minəcək. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsi iyun ayının sonunadək başa çatdırılacaq. Qiymətləri təsdiq edilmiş dərman vasitələrinin, qüvvəyə minmə tarixi də göstərilməklə həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri” bölməsində yerləşdirilib, bir sıra kütləvi informasiya vasitələrində dərc edilib”.
Məlumatda qeyd edilib ki, bu siyahı qiymətlər təsdiqləndikcə yenilənir:
"Təsdiq olunmuş qiymətləri qüvvəyə minmiş dərman vasitələri ölkə ərazisində bütün apteklərdə tənzimlənmiş qiymətlərlə satılmalıdır.
Qeyd olunanları nəzərə alaraq, istehlakçılara qiymətləri təsdiq edilmiş dərman vasitələrinin fərqli qiymətə satılması halı ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur”.
Məsələyə aydınlıq gətirmək üçün İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin əməkdaşı Seyran Ədilov "Şərq”ə açıqlamasında qeyd etdi ki, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mütəmadi monitorinqlər aparılır:
- Vətəndaşlardan şikayətlər daxil olduqda qeydə alınır və həmin ünvanda monitorinqlər aparılır. Həmçinin əhalinin sağlamlığının təhdid edilməsi şübhələri olduqda Dövlət Xidməti monitorinqlər aparır. Hazırda 7075 dərman vasitəsinin qiymətləri dövlət tərəfindən tənzimlənir. Xalq şairinin almaq istədiyi dərman vasitəsinin qiyməti dövlət tərəfindən tənzimlənən dərman vasitələrinə aid olub-olmadığı müəyyənləşməlidir. Belə olduğu təqdirdə bəli, bununla bağlı da yoxlamalar aparılacaq.
İqtisadçı Fuad İbrahimov isə bu fikirdədir ki, manatın sonuncu devalvasiyası hər bir sahəyə təsir edib, o cümlədən də dərman preparatlarının qiymətinə:
- Qiymətlərin bahalaşmasının əsas səbəbi əlbəttə ki, manatın devalvasiyaya uğraması oldu. Çünki əksər dərman preparatları xarici ölkələrdən idxal olunur və təbii ki, xarici valyuta ilə alınır. Manat 100 faizli devalvasiyaya uğradığından qiymət bahalaşması da labüd idi. Amma hətta manatın 100 faizli devalvasiyası da qiymətin nəinki 30, heç 10 qat artmasına da əsas vermir. Sabir Rüstəmxanlının üzləşdiyi soyğunçuluqla mən də rastlaşmışam. "Helepak” antibiotikini Bakıda 120 manata almışam, İstanbulda isə bu dərman vasitəsinə manatın kursu ilə 28 manat ödəmişəm. Deməli, bu preparat Bakıda 5 dəfə artıq qiymətə satılır. Düzdür, bu sahədə Türkiyə ilə Azərbaycanı müqayisə etmək belə yanlışdır. Bu saat Türkiyə əczaçıları alman dərmanlarının 90 faizini özləri istehsal edir. Amma bütün hallar nəzərə alınmaqla, gömrük xərclərini, hətta sahibkarın 20 faiz gəlir əldə etməsini də hesablasaq da, yenə bu, dərman preparatına 120 manat qiymət qoyulmasına əsas vermir. Nə qədər artıq xərc hesablasan da, yenə o qiymət alınmır. Bu o deməkdir ki, bizdə əhaliyə birinci dərəcəli qiymət diskriminasiyası tətbiq olunur. Yəni, qiymət artımında, qiymət siyasətində ən yüksək hədd götürülür. Dərman vasitələrinin ölkəyə idxalı bir-iki inhisarçı qrupun əlindədir və çox da qapalı bir inhisarçılıqdır. İstədikləri qiyməti diktə edirlər və bu qiymət də əhaliyə tətbiq olunur. Təəssüf ki, heç bir qurum da bunun qarşısını almır. Məlumdur ki, hətta ölkə başçısı səviyyəsində dərman vasitələrinin qiymətlərinin həddindən artıq baha olması probleminə toxunuldu, cənab Prezident konkret tapşırıqlar verdi, dərmanların qiyməti aşağı salınsın, lakin hələ ki, bu sahədə köklü irəliləyiş yoxdur.
İqtisadçı hesab edir ki, dərman bazarında qiymətlərin əlçatan olması üçün ilk növbədə inhisarçılıq aradan qalxmalıdır:
- İki-üç şirkətin əvəzinə dərman vasitələrinin ölkəyə idxalında 5-6 şirkət iştirak etsə, inanın, qiymətlər dərhal düşəcək. İnhisarçılıq mühitində isə, bəli, biz apteklərdə belə fantastik qiymətlərlə üzləşməkdə davam edəcəyik. İnhisarçı idxal etdiyi malı istədiyi qiymətə satır. Çünki rəqabətin olmadığını bilir. Hətta onkoloji və şəkər xəstələrinə də süni problemlər yaradılır. Baxmayaraq ki, bu xəstələrin dərman preparatları ilə təchiz olunması xüsusi Dövlət Proqramı ilə təsbit edilib. Şəkər xəstəsi gedir aptekə dərman almağa, deyirlər, yoxdur. Əvəzində hansısa xarici ölkədən gətirilmiş bahalı vasitəni məsləhət görürlər. Belə amansız bir dərman bazarı mühitindəyik.
Ona görə indi insanların biri-birinə duası "yolun aptekə düşməsin”dir.
Məlahət Rzayeva