"Efirdə və səhnədə tamaşaçı qarşısında oynamamışam" - Əməkdar artist

İlqar Muradov: “ Səhnədə yalnız özüm olacam. Bu konsert mənim həyatımın 60 illiyi ilə bağlı olduğu üçün nə duet, nə də digər ifalara yer vermək istədik”



Zövqlü musiqini dinləmək bu gün bir az əlçatan olmasa da, hər halda Azərbaycan səhnəsində ifaları ilə könül oxşayan sənətçilər var. Kübar müğənnilər sırasında adı böyük sevgi ilə çəkilən əməkdar artist İlqar Muradov 60 illik yubileyini sevənləri ilə qarşılamaq qərarına gəlib. Konsert öncəsi Əməkdar artist "Şərq”ə fikirlərini, konsertlə bağlı hazırlıqlarını danışdı.

- Uzun müddətdi bu konsertə hazırlaşırsız. Səhnəyə məsuliyyətlə yanaşan İlqar Muradov tamaşaçılarına nə vəd edə bilir?

- Saat yarımlıq ziyalı, səliqəli bir konsert proqramı vəd edə bilirəm. Məni tanıyanlar bilir ki, musiqiyə, səhnəyə nə qədər ciddi yanaşan insanam. Konsertdə klassik əsərlər, retro və xalq musiqiləri təqdim olunacaq. Repertuar üzərində ciddi hazırlaşmışıq. Məşqlər gedir. Mənim ən böyük istəyim odur ki, tamaşaçı bu konsertdə istirahət edə bilsin.

- Sizi müşayiət edəcək orkestr barədə də məlumat verərdiz. Səhv etmiriksə, Teymur Göyçayevlə birgə çalışırsız...

- Bəli, konsertə Teymur Göyçayevin rəhbərliyi ilə Kamera Orkestri məni müşayiət edəcək. Konsertin musiqi rəhbəri Siyavuş Kərimidi. Çox professional musiqiçilərlə birgə bu konsert təqdim ediləcək.

- 60 illik yubiley konsertinizi hesabat konserti kimi qəbul etmək olarmı. Həm özünüzə, həm də tamaşaçılara hesabatınıza ehtiyac hiss etdiniz?

- 60 illik yubileyimi tamaşaçılarla keçirtmək özü böyük sevincdi. Mənə elə gəlir ki, belə bir konsertə ehtiyac var idi. Həqiqətən bu konsert mənim həyatımın 60, yaradıcılığımın 40 illiyinə həsr edilib. Bu solo konsert mənim tamaşaçıma, eyni zamanda özümə olan hesabatımdı. Bu konsert artıq lazım idi. Buna bir tələbat hiss etdim.

- 60 illik yubileyiniz olduğundan, maraqlıdı, çəkildiyiniz "Dronqo” filmi ilə bağlı hər hansı bir görüntü tamaşaçılara konsertdə təqdim olunacaqmı?

- Bəli, bu konsert mənim həyatımın 60 illiyini əhatə etdiyindən çəkildiyim filmlə də bağlı müəyyən kadrlar və məlumat tamaşaçıya təqdim etməyi nəzərdə tutmuşuq. Bəzi sənətçiləri yaş qorxudur.
- Bu konsertdə özünüzü tamaşaçıya necə təqdim etmək istəyirsiz? Axı sənət insanları müxtəlif təqdimatlara üstünlük verirlər...

- Elə əslində necə var, elə təqdim olunum - İlqar Muradov olaraq. Mənə elə gəlir ki, bu, ən düzgün təqdimat olar.

- Sənət adamları yaşla bağlı məqamda bir az narahat olurlar. Yəni yaş söhbətindən ehtiyat edirlər. Sizi necə, 60 rəqəmi qorxutmur ki?

- Qətiyyən qorxutmur. Şairin gözəl bir misrası var

Sevgi-məhəbbətdən güc alır insan,
Yaşa dolduqca ucalır insan.

- Sevgi-məhəbbət həyatınızda nə qədər yer edə bilib?

- Allah hamıya gözəl ailə, övlad qismət etsin. Gözəl övladlarım, nəvələrim var. Onlar biri-birindən mənə əzizdi. İnsan sevgini ailədə axtarmalıdır. Mən bu baxımdan Allahıma şükr edirəm.

- Sizi sevənlər arasında müxtəlif yaş təbəqəsini və müxtəlif statusa, mövqeyə malik insanları görmək olur. Sizi varlılar da, kasıblar da sevir. Yaşlılarda, gənclərdə, müasir və hətta əyalət ruhlu insanlar da İlqar Muradov yaradıcılığına böyük sevgi ilə yanaşa bilir. Bunun sirri nədir? Niyə sizi kübar sənətçi kimi təqdim edirlər?

- Mən sənətçi olaraq buna görə Allahımdan çox razıyam. Şükr edirəm. Mənim üçün ən böyük hədiyyə, ən böyük dəyər tamaşaçı sevgisini qazanmaqdı. Əgər tamaşaçı ruhunu oxşaya bilmişəmsə, buna görə xoşbəxtəm. Mən nə efirdə, nə səhnədə tamaşaçı qarşısında oynamamışam. Həmişə olduğum kimi görünmüşəm. Məni sevən tamaşaçılara dərin sevgim var. Onların sevgisini görəndə, bu sənətə dəyərim də çoxalır. Tamaşaçı gözü tərəzidir. O, daha düzgün qiyməti verə bilir. 

Əgər bu illər ərzində tamaşaçı gözündə dəyər qazana bilmişəmsə, buna görə yenə onlara minnətdaram. Xalq sevgisi qədər dəyərli münasibət ola bilməz. Hər sənətçi bu sevgi və hörmətə sahib olmaq şansına sahib deyil. Əgər zərrə qədər buna nail olmuşamsa, demək ki, 40 illik yaradıcılıq yolunda səbəbsiz olmamışam.

- Sizi tamaşaçıya həm də bu qədər sevdirən şou aləmində qalmaqallardan uzaq olmağınız ola bilərmi? 
Səs, istedad, ifa təbii ki, önəmli faktordu. Amma tamaşaçı həm də kübar sənətçiyə daha çox dəyər verir.

- Düşünürəm ki, tamaşaçı sevgisinə sahib olmaq üçün həm istedad, səhnə mədəniyyəti, həm də qalmaqallardan kənarda qalmaq lazımdı. Ziyalı sözünün dəyərini bilmək lazımdır. Ziyalı insanlarsa adətən səs-küydən, qalmaqallardan uzaq qalmağı sevirlər. Mən 40 illik səhnə fəaliyyətimdə yalnız zövqlü, ciddi repertuarla tamaşaçı qarşısında görünməyə üstünlük vermişəm. Mən düşünürəm ki, tamaşaçı sevgisi önəmlidi.

- Tələbələriniz var, onlar bu konsertdə sizinlə eyni səhnəni paylaşacaqlarmı?

- Milli Konservatoriyada dərs verirəm. Tələbələrim var. Amma səhnədə yalnız özüm olacam. Bu konsert mənim həyatımın 60 illiyi ilə bağlı olduğu üçün nə duet, nə də digər ifalara yer vermək istədik. Bu konsert İlqar Muradovla tamaşaçıları arasında olan ən isti görüş olacaq. Mən bu görüşə musiqiyə dəyər verənləri dəvət edirəm.

Tahirə Məmmədqızı