“Belə verilişləri efirə verərkən onun cəmiyyətə sosial mesajını və doğuracağı reaksiyaları da nəzərə almaq vacibdir”
Efirin “izi” cəmiyyətdə hökmən qalır
“Sosial problemli insanlar üzərində şou yaradılması qəbuledilməzdir”
“Belə verilişləri efirə verərkən onun cəmiyyətə sosial mesajını və doğuracağı reaksiyaları da nəzərə almaq vacibdir”
“Belə verilişləri efirə verərkən onun cəmiyyətə sosial mesajını və doğuracağı reaksiyaları da nəzərə almaq vacibdir”
Cəmiyyətdə sorğu aparsaq görərik ki, televiziya tamaşaçılarının xeyli hissəsi xarici kanalları izləməyə üstünlük verirlər. Çünki yerli kanallarda insanları cəlb edən ciddi, maarifləndirici, elmi və sosial xarakterli verilişlər çox azdır. Ədalət naminə demək lazımdır ki, Azərbaycan telekanallarında normal verilişlər, maarifləndirici layihələr az da olsa var. Lakin teleməkanda ciddi problemlərin olduğu hamı tərəfindən etiraf edilir. Demək olar ki, efirlər başdan-başa bayağı və şit şoularla, əxlaqa zidd proqramlarla doludur.
Ən təəssüf doğuran hal isə odur ki, TV-lərdəki şou aparıcıları uzun müddət çalışmalarına baxmayaraq, yenə də müsbətə doğru dəyişmirlər, bu şəxslərdə elementar efir mədəniyyəti formalaşmır. Narahatedici məqam isə odur ki, belə şəxslərin verilişləri daim auditoriya toplaya bilir. Həmin auditoriyanın zövqü və intellektual səviyyəsinin necə olmasının isə heç bir əhəmiyyəti yoxdur. Bütün hallarda televiziya verilişləri zərərli tendensiyalardan uzaqlaşaraq maarifçilik missiyasını yerinə yetirməlidir. Hər dəfə təkrar-təkrar qeyd olunur ki, belə verilişlərdə məqsəd cəmiyyətə informasiya vermək, maarifləndirmək və bunlarla bərabər mədəni şəkildə əyləndirməkdir. Tamaşaçını əndazəni gözləmək şərti ilə əyləndirmək və informasiya vermək şou proqramların vacib elementi sayılır. Xarici ölkələrin efirlərində də bunun şahidi oluruq. Bizim bəzi aparıcılarda mütaliəsizlik kəskin şəkildə özünü göstərir. Peşəkar teletənqidin olmaması bu şəxslərin əl-qol açmasına rəvac verir.
Kimisi toyxananın çox pis variantını efirə gətirir, kimisi intellektual yenilik edə bilmədiyinə görə, qadın müğənniləri öpməyə, pul kisəsini eşələməyə, makiyajlarını silməyə və başqa səviyyəsiz addımlara əl atır. Ümumi fikir odur ki, telekanal tamaşaçıya ağıl öyrətməkdən daha çox maarifçilik işi ilə məşğul olmalıdır. Qıcıq doğuracaq yüngül şoularla, maraqsız və baxılması qəliz olan seriallarla kövrək cəmiyyəti ovundurmaq, əyləndirmək çətindir. Bu məsələdə ən azından balansı qorumaq lazımdır.
Ötən gün mediaya açıqlama verən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də növbəti dəfə kütləvi informasiya vasitələri, xüsusən televiziyalar barədə tənqidi fikirlər səsləndirib. Telekanalların efirində geniş vüsət alan şou xarakterli proqramlara diqqət çəkən MTRŞ sədri bildirib ki, sosial problemli insanlar üzərində şou yaradılması qəbuledilməzdir. N.Məhərrəmli vurğulayıb ki, hüquqşünaslar, iqtisadçılar, din xadimləri öz işlərini şoulaşdırırlar. Ümumiyyətlə, cəmiyyətdə elə sahə yoxdur ki, şou ilə bağlı olmasın: "Bu, çox təəssüfedici haldır və televiziyada özünü daha çox göstərir. Azərbaycanda özəl telekanalların əsas gəlir yeri reklamla, sponsorla bağlıdır. Ona görə də telekanallar gəlir əldə etmək, cəmiyyəti verilişlərinə cəlb etmək üçün müxtəlif yollar, orijinallıq axtarırlar. Çox təəssüf ki, bu yollar bəzən çox da uğurlu alınmır”. MTRŞ sədri hesab edir ki, büdcədən maliyyələşən AZTV, Mədəniyyət TV və İctimai Televiziya bu işdə əsas yükü öz üzərlərinə götürməlidir: "Bu televiziya kanalları cəmiyyətin tələbatını ödəməlidir. Əgər insanlar həmin televiziya kanallarında olan verilişlərə baxacaqlarsa, özəl telekanallardakı şou verilişlərinə ehtiyac qalmayacaq. Çox təəssüf ki, cəmiyyətdə dəyərsizləşdirmə çox sürətlə gedir və bu özünü bütün sahələrdə göstərir. Bu, qorxulu tendensiyadır və biz bundan çox əziyyət çəkirik”. N.Məhərrəmli MTRŞ-nin xüsusilə sosial problemli insanlar üzərində şou yaradılmasını qəbul etmədiyini vurğulayıb: "Kriminal xəbərlərdə insanlarla bağlı cəmiyyəti qıcıqlandıran mövzuların tez-tez təkrar edilməsini qəbul etmirik. Bəzən elə olur ki, ailədə dəhşətli, cəmiyyətimizə xas olmayan hadisə lazım olduğundan artıq işıqlandırılır.
Bu, tək televiziyalarda deyil, yazılı KİV-lərdə də özünü göstərir. Telekanallarda belə məsələlər olan zaman Şura bunu tənzimləyə bilir. Amma bütövlükdə mediada buna nəzarət etmək mümkün olmur. Xüsusən, əxlaqi dəyərlərlə bağlı kriminal hadisələr, ata-övlad, ər-arvad məsələləri daha çox qabardılır”. Şura sədri qeyd edib ki, televiziya kanallarında yetərincə maarifləndirici verilişlərin olması üçün iqtisadi baza olmalıdır: "Özəl telekanallarda maarifləndirici verilişlər demək olar ki, yox dərəcəsindədir. Özəl telekanalların iqtisadi vəziyyəti həddindən artıq pisdir. Bir müddət əvvəl Azərbaycan Prezidenti bəzi özəl telekanallara həm "Azərkosmos”a, həm də "Teleradio” İstehsalat Birliyinə borclarının ödənməsi üçün xüsusi yardım ayırdı. O baxımdan özəl telekanallarda maarifçilik verilişlərinə yer ayrılmaması ciddi problemdir. Bu, həm də reklamın azlığı ilə bağlı olan məsələdir. Ümumilikdə isə telekanallarda problemlər çoxdur. Bura kadr məsələsi, telekanal rəhbərlərinin düzgün proqram siyasətinin olmaması və digərləri daxildir”.
Mövzu ilə bağlı "Şərq”ə danışan "Yeni Media Jurnalistləri” İB-nin sədri, tanınmış jurnalist Xaqani Səfəroğlu deyib ki, bu gün dünyada TV efiri daha çox "realiti-şou”, yəni canlı hekayətlər üzərində qurulur. Onun sözlərinə görə, insanlar yalançı və qondarma əhvalatlardan daha çox real hadisələri və onların qəhrəmanlarının həyat hekayələrini dinləməyə üstünlük verirlər:
"Burada vacib olan nədir? Belə verilişləri hazırlayan TV-lər, prodakşnlar çox diqqətli olmalıdırlar. Yəni efirdə göstərmək istədikləri əhvalatın sosial yükü və cəmiyyətə necə təsir edəcəyi ilə bağlı məsuliyyəti bilməlidirlər. Hər həyat hekayəsi tamaşaçıya bir cür təsir edir. Çalışmaq lazımdır ki, belə təsiredici hadisələr adamlarda pessimizm yox, ümid yaratsın. Təqdim edilmiş hadisə nadir rast gəlinən deyil, cəmiyyəti düşündürən və müzakirəsi gedən problemlərə həsr olunsun. Əgər boşanma və ya sağlamlıq imkanları ilə bağlı veriliş hazırlanırsa, orada bu məsələnin sosial aspektləri mötəbər və bu məsələ üzrə ixtisaslaşmış ekspertlərin dili ilə tamaşaçıya çatdırılsın. Əhvalat tamaşaçı üçün şübhəli və suallar yaradan olmamalıdır. Çünki efirin "izi” cəmiyyətdə hökmən qalır”.
Ekspert bildirib ki, Rusiyada, Türkiyədə, Avropada TV-lər cəmiyyəti narahat edən problemləri qaldırır: "Bizim TV-lərdə əfsuslar ki, bu məqam yoxdur. 5-ci, 6-cı dərəcəli məsələni müzakirəyə çıxarmaq isə tamaşaçı üçün maraqlı deyil, ona görə də izləyici asanlıqla kanalı çevirir. İnternet əsrində TV-lər ümumiyyətlə böyük çətinlik yaşayırlar. Televiziyalar canlı efirlərin sayını artırmaqla faktiki olaraq onlayn sistemlə rəqabət yaratmaq istəyirlər. Canlı efir isə hamını maraqlandıracaq verilişləri, mövzuları tələb edir. Odur ki, sosial motivli verilişlər efirə verilərkən "ağlamalı”, yaxud "gülməli” olması ilə bərabər onun cəmiyyətə sosial mesajını və doğuracağı reaksiyaları da nəzərə almaq vacibdir”.
X.Səfəroğlunun fikrincə, əsas problem sponsorların kütləvi tamaşaçı zövqünə üstünlük verən layihələrə pul ayırması ilə bağlıdır: "Bu zaman öz zövqünə uyğun maraqlı veriliş tapa bilməyən böyük sayda tamaşaçının efirdən kənarda qalması heç kimin vecinə olmur. Bu gün ən çox etiraz edən və narazılıq bildirən məhz həmin tamaşaçılardır. Onlar intellektual layihə, tarixi-sənədli filmlər, ictimai-siyasi mövzunun müzakirəsi fonunda aparılan tok-şoulara baxmaq istəyirlər. Nədənsə, TV-lərdəki proqram direktorları, tədqiqatçılar, reytinq mütəxəssisləri bu kəsimi görməzliyə vurmağa üstünlük verirlər. Bu da efirdə disbalans yaradan mühüm faktorlardan biridir. Televiziya dinamik, innovativ layihələr hazırlamalıdır. Bunun üçün savadlı və ictimai-siyasi-mədəni spektrə yaxşı bələd olan prodakşn komandası olmalıdır”.
Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə isə bildirib ki, televiziyaların sosial problemlərə daha çox diqqət ayırması ilk növbədə insan faktoru ilə bağlıdır. Onun sözlərinə görə, insanların taleyi müxtəlif olduğu üçün onun təqdimatı həmişə maraqla qarşılanıb:
"O fikirlə razıyam ki, bəzən aparıcılar insan faciəsi üzərində reytinq qazanmağa çalışırlar. Mən 5 il həmin verilişlərin eksperti olmuşam. Sizə bir sirr açım, həyat yoldaşının ardınca studiyaya gələn kişilərin əksəriyyəti psixi problemlərdən əziyyət çəkən adamlardır. Normal adam şəxsi həyatını ictimailəşdirməz. Buna görə də aparıcılar diqqətli olmalıdır. Hansısa xəstənin acınacaqlı taleyini şouya çevirmək jurnalist əxlaqına sığmır. Bu tip müzakirələr ictimai əhəmiyyət daşımalı, maarifçilik ideyasına xidmət etməlidir. Analoji problem son illər çəkilən seriallar üçün də xarakterikdir. Bəzi serialları izləyəndə adama elə gəlir ki, bizim ölkəmizdə bütün kişilər xanımlarına xəyanət edir, bütün uşaqlar ata-analarının üzünə ağ olur. Televiziya kommersiya qurumudur. Amma onun həm də sosial məsuliyyəti var. Televiziya, radio kimi iri təbliğat tribunalarına rəhbərlik edən şəxslər heç vaxt bu məsuliyyəti unutmamalıdırlar”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli bildirib ki, əslində, bu problemin həlli o qədər də asan hesab olunmamalıdır:
"Nuşirəvan müəllimin də qeyd etdiyi kimi, məqsəd reytinq toplamaq və sponsor cəlb etməkdir. Çox təəssüf ki, reallıq bundan ibarətdir. Biz televiziya və digər elektron KİV-lərdə ciddi məzmunlu, ictimai-siyasi yüklü verilişlərin ömrünün uzun olmadığını zaman-zaman müşahidə etmişik. Çünki həmin verilişlərə sponsor cəlb etmək mümkün deyil və televiziya rəhbərliyi də məsələyə sırf biznesmen kimi yanaşaraq, "gəlir gətirməyən veriliş lazım deyil” prinsipi ilə yanaşır. Bu məsələlərin həlli sırf iqtisadi vəziyyətdən asılıdır. O ki qaldı şou verilişlərdə sosial problemlər üzərindən "şou” düzəldilməsinə, bunu mümkün qədər abırlı formada etmək də mümkündür. Şərt deyil ki, tam şitini çıxarsınlar və gülüş hədəfi olsunlar. Müvafiq strukturlar bu kimi məsələlərdə müdaxilə edərlərsə, məsələ daha da ifrat həddə çatmaz. Çox təəssüf ki, Azərbaycanda bu kimi məsələlər düşüncə tərzi ilə deyil, inzibati müdaxilələrlə həllini tapa bilir.
Tərəfdarıyam ki, həyatın dibindəki adamların anormal həyat tərzinin efirlərə kütləvi şəkildə daşınması doğru variant deyil. Belə fon yaranır ki, sanki cəmiyyətimiz elə bu kimi anormallıqlardan ibarətdir. Yeri gəlmişkən, seriallarlarda da bu kimi eybəcərlik var. Azərbaycanda efirə verilən yerli seriallara baxanda elə təsəvvür yaranır ki, sanki ailələrdə ancaq dava-qırğındır. Cəmiyyətimizi belə eybəcər təqdim etməməliyik. Daha çox nümunəvi ailə təbliğinə çalışmaq lazımdır. Tamaşaçı da bu nümunələrdən örnək götürməlidir”.
İsmayıl Qocayev
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb